Sözlər də çeynəndikcə dəyərdən-qiymətdən düşür - nəinki təsir gücünü itirir, hətta bezikdirir də.
Amma onlarsız keçinmək də olmur, çünki fikir də sanki mismar kimidir, mətni, fikirləri beyinlərə bərkidir.
Belələrindən biri də budur ki, tarix adətən iki dəfə təkrarlanır: bir dəfə faciə, bir dəfə də tragikomediya kimi...
Mümkündür ki, burada nəyinsə yerini bir az səhv saldım, amma deyəsən, belə deyilmişdi. Əsas odur ki, mən bunu niyə xatırladım? İndi nəzərlər ABŞ-dakı seçkilərə dikilib. Amerikalıların da, dünya əhlinin də canı huşsuz Baydendən qurtardı, o, prezidentliyə namizəd kimi yerini K.Harrisə verdi, amma sonuncunun namizədliyi hələ təsdiqlənməyib, mümkündür ki, bu, avqustaun ortalarında baş verəcək.
Fəqət ABŞ-dakı seçkilər insanları sadəcə, amerikalıların prezidenti kim olacaq baxımından yox, bunun dünya üçün yaradacağı mümkün dəyişikliklər nöqteyi-nəzərindən maraqlandırır. Bu dəyişikliklər isə çox böyük sferanı əhatə edə bilər, əlbəttə ki, ABŞ-da hakimiyyət kardinal şəkildə dəyişərsə, respublikaçı prezident Donald Tramp seçilərsə. Amma indi maraqlı oyun gedir.
Birincisi, Harris həm prezidentliyə namizəd kimi, həm də gələcək prezident kimi çox inamlı görünür. Burada ciddi bir məqam var. Adam "dərin dövlət” nəzəriyyəsinə inanmaq istəyir də, istəmir də. Amma heç cür razılaşmaq olmur ki, ABŞ kimi nəhəng bir dövləti Co Bayden kimi huşsuz qoca idarə edirdi. Düşünürük ki, Bayden bir dəfə çaşaraq Harrisi prezident kimi təqdim edəndə tamam səhv etməmişdi – son dörd ildə ABŞ prezidenti vəzifəsini Bayden daha çox immitasiya edir, Harris və komandası isə onu real olaraq icra edirdi. Odur ki, seçiləcəyi təqdirdə prezidentlik xanım Harris üçün heç də yenilik olmayacaq, o, artıq bunun nə olduğunu bilir.
İkincisi, adam inana bilmir, amma sorğular guya Harrisin Trampdan üstün olduğunu göstərir. Düzdür, bu üstünlük cüzidir, amma Harrisin ən azı Trampa bərabər namizəd kimi seçkiyə başlaması belə onun şanslarını artırır. Əlbəttə, ABŞ seçkiləri mürəkkəb prosesdir. Məsələn, birinci dəfə seçilərkən Dpnald Tramp seçicilər kollekiyasında çoxluğu qazansa da, ümumi seçkidə uduzmuşdu. Odur ki, mübarizə hələ qabaqdadır.
O ki qaldı dünyadakı mümkün dəyişikliklərə, Tramp ən azı iki məsələdə ciddi dəyişikliklər edəcəyinin anonsunu verir.
Bunlar Ukrayna və Yaxın Şərq məsələləridir. Tramp artıq indidən Hariisi İsrailə diqqətsiz olmaqda qınayır.
Ukraynaya gəldikdə isə, Donald cənabları demək olar ki, Qərbin bu müharibəni uduzduğuna işarə edir və ən düzgün yolun onu dayandırmaq olduğunu bildirir. Haqlıdırmı?
Rusiya üçüncü ildir ki, Ukraynaya qarşı açıq və sistemli müharibə aparır, amma hələ onu tam işğal edə, Kiyevi çökdürə bilməyib. Odur ki, Tramp cənabları bir qədər rəngləri qarışdırır. Əlbəttə, Ukraynaya da, elə Qərbə də sülh lazımdır, di gəl, burada "İstənilən sülh müharibədən yaxşıdır” deyimi bir o qədər də uğurlu təsir bağışlamır.
Bayden əldən düşmüş və huşsuz qoca olsa da, bir dəfə çox düz demişdi: "Tutaq ki, biz dayandıq. Putin necə? O dayanacaqmı?” Bəli, məsələ də elə bundadır. Nəinki Putin, ümumiyyətlə, Rusiya və onun Kremli dayanmayacaq, çünki bunların hədəfi keçmiş SSRİ-dir.
Təsadüfi deyil ki, müharibə real olaraq Ukraynada getsə də, hələ ki diplomatik bəyanatlar şəklində o, digər regionlara da yayılır. Hazırda biz bunun əlamətlərini hətta Cənubi Qafqazlarda görürük – ruslar Ukraynanı bitirdikdən sonra, məsələn, Gürcüstanı götürəcəklərini deyirlər. Elə Qərb də dinc durmur – Gürcüstanda mövqeləri bir az laxlasa da, Ermənistanda möhkəm-möhkəm çalışmaqdadırlar: ABŞ hətta öz adamını bu vaxta qədər Rusiyanın bölgədə "forpostu" adlandırılan Ermənistanın müdafiə nazirliyində əyləşdirib. Odur ki, SSRİ çoxdan tarixə qovuşsa da, onun xəyali hüdudları bütün geosiyasi qütbləri, xüsusən də Qərbi və Rusiyanı cəlb etməkdədir. Odur, görək, nə olur, bu qovğa nə ilə bitir, baxmayaraq, tezliklə baş verməyəcək bu, necə deyərlər, xəmir hələ çox su aparacaq...
Hüseynbala Səlimov
Şərhlər