"Putin və Pezeşkian Zəngəzur dəhlizinin taleyini müzakirə ediblər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarı Məsud Pezeşkianla görüşdə Yaxın Şərq, Suriya və Qafqaz regionlarında hadisələrin cərəyan edən dramatik inkişafını müzakirə edəcəkləri barədə fikrini şərh edərkən deyib.
"Ehtimal edirəm ki, müzakirələr nəticəsində Rusiya və İran Cənubi Qafqaz, Yaxın Şərq və Suriya ilə bağlı mövqelərini tam uyğunlaşdırsınlar. Amma onların imkanları indiyə qədər ancaq səfərbər olmaqdan ibarət olub. Hər dəfə istəklərinə nail olmağa çalışıblar. Amma birgə istəklərə nə dərəcədə nail olduqları da göz qabağındadır. Putinlə Pezeşkian İranın Zəngəzur dəhlizinin açılmasına mane olmaması ilə bağlı razılaşa bilərlər. Rusiya da bunun müqabilində ola bilsin zəmanət verib ki, dəhlizlə bağlı İranın mənafeyinə ziyan gətirəcək addımlar atmayacaq, Qərb dövlətlərini ona yaxın buraxmayacaq. Yəni Qərbin dəhliz vasitəsilə regiona daxil olmasına Rusiya imkan verməyəcəyinə söz verib", deyə Zərdüşt Əlizadə bildirib.
Ekspertə görə, Suriya məsələsində isə Putinlə Pezeşkian İsrailin bu ölkəyə zərbələrinə qarşı birgə müqavimət barədə razılığa gələ bilərlər:
"İkinci razılaşma Suriya ilə bağlı ola bilər. Yəqin razılığa gələcəklər ki, İsrailin Suriyaya zərbələr endirməsinə qarşı hansısa birgə müqavimət göstərsinlər. Çalışacaqlar ki, Bəşər Əsəd rejimini qoruyub saxlasınlar".
Zərdüşt Əlizadə qeyd edir ki, Fələstin məsələsində isə Rusiyanın İranın mövqeyinə yaxın mövqe sərgiləyəcəyi istisna edilmir:
"Fələstin məsələsində Rusiya artıq İsrailə münasibətdə əvvəlki mövqeyini dəyişərək, bir qədər sərt davranmaqla, İranın bu məsələdə mövqeyinə daha yaxın mövqe sərgiləyəcək. Hərbi cəhətdən bunu İran edəcək, Rusiya isə beynəlxalq təşkilatlarda ardıcıl olaraq onu müdafiə edəcək".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşdə Yaxın Şərq, Suriya və Cənubi Qafqazda hadisələrin dramatik inkişafını müzakirə edəcəklərini bildirib. Bu barədə məlumatı TASS agentliyi yayıb.
Rüfət Sultan
Şərhlər