(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
Son illərdə Azərbaycanın müxtəlif regionlarının daşınmaz əmlak bazarında ciddi dəyişikliklər müşahidə olunur. Paytaxt Bakı və Bakıətrafı ərazilərlə yanaşı, artıq bəzi rayonlarda da daşınmaz əmlaka tələbat sürətlə artır. İnsanlar həm yaşamaq, həm də biznes qurmaq məqsədilə regionlara üz tuturlar. Ekspertlər vurğulayırlar ki, bu proses bölgələrdə əmlak bazarının canlanmasına birbaşa təsir göstərir.
Hazırda regionların əmlak bazarında hansı tendensiyalar hökm sürür? Xüsusilə hansı rayonlara tələbat daha çoxdur? Qaynarinfo mövzunu əmlak eksperti Elnur Fərzəliyevlə müzakirə edib.
– Elnur bəy, biz əmlak bazarı haqqında danışarkən daha çox Bakı və Bakıətrafı əraziləri nəzərdə tuturuq. Bəs hazırda regionlarda vəziyyət necədir?
– Azərbaycanın bəzi rayonlarında əmlak bazarı 2020-ci illə müqayisədə xeyli canlanıb. Bu, ilk növbədə həmin ərazilərin turizm potensialı ilə bağlıdır. 2020-ci ildə pandemiya səbəbindən quru və hava sərhədlərinin bağlı olması insanların xaricə səfərlərini məhdudlaşdırdı. Nəticədə daxili turizmdə böyük canlanma yarandı. Ötən 5 il ərzində şimal, cənub və qərb bölgələrinə, xüsusən Qəbələ və İsmayıllıya ciddi insan axını oldu. Turizmə marağın artması paytaxtdan və digər regionlardan gələn şəxslərin bu ərazilərdə torpaq sahələri almasına, qeyri-yaşayış obyektləri açmasına səbəb oldu. Bu isə həmin bölgələrdə kapitallaşmanı sürətləndirdi.
– Hansı regionlarda daşınmaz əmlaka tələbat daha yüksəkdir?
– Sırf turistik zonalarda əmlaklara olan tələbat həddindən artıq çoxdur. Məsələn, turistik bölgələrdə gündəlik kirayə verilən mənzil və kotteclərin qiyməti 50 manatdan başlayaraq 600 manata qədər yüksəlir. Bu, daxili turizmin inkişafını göstərən mühüm amildir.
Əvvəlki illərdə Azərbaycana gələn turistlərin böyük hissəsi qonşu ölkələrdən quru yolu ilə gəlirdi. Hazırda quru sərhədlərinin bağlı olması bu axına təsir etsə də, daxili tələbat boşluğu doldurur. Əvvəllər vətəndaşlarımız istirahət üçün Ukrayna və ya Rusiyaya gedirdilərsə, məlum müharibə şəraiti bu istiqamətləri bağladı. Bu vəziyyət yerli turizm sektoruna müsbət təsir etdi və birbaşa əmlak qiymətlərində özünü göstərdi. Turizmin inkişafı həm də yeni iş yerləri deməkdir: insanlar evlərini kirayə verir, restoranlar açır və xidmət sahəsində çalışırlar.
– Regionlarda ipoteka bazarının hazırkı vəziyyəti necədir?
– Təəssüf ki, regionlarda ipoteka bazarı hələ də zəifdir. İpoteka krediti ilə mənzil alanlar daha çox Bakı, Sumqayıt, Gəncə və Mingəçevir kimi böyük şəhərlərə üstünlük verirlər. Rayon və kəndlərdəki həyət evlərinin əksəriyyətinin sənədlərinin qaydasında olmaması onların ipoteka predmetinə çevrilməsini çətinləşdirir. Həmçinin bir çox köhnə tikililərin istismar müddəti başa çatdığı üçün banklar tərəfindən maliyyələşdirilmir. Digər tərəfdən, rayon yerində insanların həyətyanı sahələri geniş olduğundan, ailə böyüdükdə əlavə mənzil almaq əvəzinə, həyətin bir hissəsində yeni ev tikməyə üstünlük verirlər.
– Regionlarda əmlak bazarını canlandırmaq üçün hansı perspektivlər var?
– Hazırda bölgələri əmlak aktivliyinə görə üç hissəyə bölmək olar: aktiv turizm zonaları, orta aktivlik olan ərazilər və tamamilə durğunluq yaşanan (boşalan kəndlər) ərazilər.
Lakin hazırda ən böyük maraq işğaldan azad edilmiş ərazilərədir. Şuşa və Xankəndi istiqamətində turist və infrastruktur axını hər gün artır. Hazırda həmin ərazilərdəki otellərdə yer tapmaq demək olar ki, qeyri-mümkündür. Tikinti işlərinin geniş vüsət alması böyük işçi qüvvəsi tələb edir. Əvvəllər iş tapmaq üçün rayonlardan Bakıya gələnlərin böyük bir hissəsi indi Qarabağa üz tutur. Bu ərazilərdə həyatın tam bərpası qonşu rayonların da inkişafına təkan verəcək və Azərbaycanı gələcəkdə paytaxt Bakıdan iqtisadi asılılıqdan qurtaracaq.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər