"Qida təhlükəsizliyi ciddi məsələdir. Bütün dünyada qida təhlükəsizliyinin pozulması nəticəsində qida toksin infeksiyalarından hər il xeyli insan dünyasını dəyişir, o cümlədən Azərbaycanda da. Bunun adı da zəhərlənmə qoyulur".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, müxtəlif qidaların saxlanma şərtləri pozulduqda, məsələn, ət və zülali yeməklər mikroblar üçün yaxşı qida mühitidir:
"Heç bir qida da stiril deyil. Həmin qidaların saxlanma şərtləri pozulduqda çox qısa nüddətdə müxtəlif infeksiyalar artır. Toksik maddələr, xüsusi ilə botulizm ən təhlükəli qida infeksiyasıdır. Məsələn, dönərxana və şadlıq evlərində olan zəhərlənmələri ət və balıq yeməkləri ilə bağlıdır".
Adil Qeybulla qəbul edilən qidaların təzə olmasının vacibliyini önə çəkib:
"Bu çox vacib məsələdir. Konservləşdirilmiş ərzaqlar, məsələn bulanmış, qapağı qalxan tutma balonlarını istifadə etmək təhlükəlidir. Təəssüflər olsun ki, bədbəxt hadisələr bu kimi məqamlara fikir verməməkdən qaynaqlanır. Soyuducuda uzun müddət qidaların saxlanması məqsədəuyğun deyil. Belə hallar mikrobların inkişafına şərait yaradır".
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Yeni il bayramında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub. Müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-sı dəm qazı, 2-si allergik reaksiya, biri isə botulizmlə zəhərlənib.
Bahar Rüstəmli
Şərhlər