Qazaxıstandan olan ərzaqlıq buğdanın ilk partiyası Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir.
"Report" "Кazinform" agentliyinə istinadən xəbər verir ki, partiya oktyabrın 21-də Astanada Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev arasında əldə olunmuş razılaşmaların bir hissəsi olaraq həyata keçirilir.
İrəvana qarşı yük tranzitinə qoyulan məhdudiyyətlərin rəsmi olaraq aradan qaldırılması Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən yeni dəmir yolu marşrutunun açılmasına şərait yaradıb.
Bu gün Qazaxıstan buğdası ilə dolu yük qatarı Azərbaycan sərhədini keçib. Yaxın günlərdə yük Ermənistanın Dalarik stansiyasına çatacaq. Ümumilikdə Qazaxıstandan 1 000 ton ümumi çəkisi olan 15 vaqon göndərilib. Tədarük yeni logistika marşrutunun işlənib hazırlanmasına yönəlmiş pilot partiya kimi nəzərdən keçirilir.
Bakıya işgüzar səfər çərçivəsində "Ərzaq Müqavilə Korporasiyası" Milli Şirkəti Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirib. Tərəflər tranzit yükün keçidinin birgə koordinasiyası və onun Ermənistandakı tərəfdaşlarına çatdırılmasını təmin edir.
Şərhlər