Vladimir Putin 1990-cı ildən bəri ilk nüvə sınaqlarını keçirə və ya Qərbin Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək icazəsinə cavab olaraq Britaniya hədəflərini vura bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters üç analitikə istinadən yazıb.
Hamburqdakı Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutunun silahlanma üzrə eksperti Ulrix Kühn Putinin hansısa nüvə mesajı – məsələn, Qərbi qorxutmaq məqsədilə nüvə silahının sınaqdan keçirilməsinə qərar verəcəyini istisna etmir. O, bunun kəskin eskalasiya olacağına inanır.
Rusiya Federasiyası sonuncu dəfə 1990-cı ildə nüvə sınaqları keçirib və Rusiya ilə Qərbin son onilliklər ərzində imzaladıqları bir sıra müqavilələrin pozulmasına baxmayaraq, növbəti nüvə partlayışı daha təhlükəli dövrün başlanğıcı ola bilər.
Avstriyanın İnsbruk Universitetinin təhlükəsizlik üzrə mütəxəssisi Gerhard Manqot da bu variantın mümkün olduğuna inanır.
Ekspert deyir: "Ruslar ölkənin şərqində bir yerdə taktiki nüvə silahını, sadəcə olaraq, nəhayət nüvə silahına əl atacaqlarını deyəndə, bunu nəzərdə tutduqlarını nümayiş etdirmək üçün partlada bilər”.
Analitiklər həmçinin hesab edirlər ki, Rusiya Federasiyası Rusiya yaxınlığında, məsələn, Qara dəniz üzərində Britaniyanın pilotsuz təyyarələrini və hərbi təyyarələrini vura, ola bilsin ki, Rumıniya və Polşadakı bazalarda "Storm Shadows” raketləri ilə təchiz edilmiş F-16 hərbi təyyarələrinə raket zərbələri endirə bilər.
Təhlilçilər xəbərdarlıq edirlər ki, Qərb həqiqətən də Putinin qırmızı xətlərinin harada olduğunu bilmir. Eyni zamanda ekspertlər Rusiyanın NATO ərazisinə birbaşa hərbi hücumunu gözləmir.
"Ukraynaya Qərbin peyk görüntüləri və Qərb hərbi məsləhətçilərinin köməyi ilə Qərb silahlarından istifadə etməyə icazə vermək Rusiyanın həyati maraqlarını çox yaxından pozan bir şeydir. Ona görə də düşünürəm, insanlar "əşi, heç nə olmayacaq, gəlin filan şeyi edək” deyəndə yanılırlar”, - avstriyalı ekspert Manqot deyir.
Sentyabrın 12-də Putin bildirib ki, Qərb Rusiya ilə birbaşa müharibəyə girəcək və Ukraynanın Rusiya Federasiyasına uzaqmənzilli raketlərlə hücumuna icazə verilsə, bu, münaqişənin mahiyyətini tamamilə dəyişəcək.
Qeyd edək ki, sentyabrın 11-də ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevə səfər edib və ATACMS-in Rusiyanın dərinliklərində atəşə tutulmasına icazə verildiyini açıqlamayıb, lakin məsələnin müzakirə olunduğunu və eşitdiklərini Vaşinqtona çatdıracağını bildirib.
Sentyabrın 12-də "Politico” xəbər verib ki, Ağ Ev Ukraynanın ABŞ-ın verdiyi silahlardan istifadəsinə qoyulan bəzi məhdudiyyətləri yumşaltmaq planını yekunlaşdırır.
"The Times” yazır ki, Bayden Britaniyanın uzaq mənzilli "Storm Shadow” raketləri ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verə bilər. NYT sentyabrın 13-də yazıb ki, ABŞ prezidenti "Storm Shadow” ilə bağlı qərar qəbul edib, lakin hələ də Amerika ATACMS-dən istifadə məsələsində tərəddüd edir.
"Bloomberg” Avropa və ABŞ-ın adının çəkilməyən rəsmilərinə istinadən yazıb ki, Rusiya ABŞ və Avropanın Rusiya Federasiyasına uzaqmənzilli silahlardan atəş açmaq icazəsinə cavab olaraq NATO ölkələrinə qarşı hibrid hücumlarını gücləndirə bilər.
Alpər
Şərhlər