Təkcə sevgi xoşbəxt evliliyin təminatı deyil, çünki münasibətlərdə vacib olan yalnız hisslər deyil, həm də tərəflərin bir-birindən gözləntiləridir. Bununla belə, əksər boşanmalar hələ də "bir-birimizi sevməyi dayandırdıq" və ya "uyğun deyilik" kimi ifadələrlə izah olunur.
Qaynarinfo-nun məlumatına görə, "Psychology Today" nəşrindəki məqaləsində psixoloq Mark Travers izah edir ki, əksər hallarda məsələ hansısa böyük səhvdə deyil, sadəcə tərəflərin evlilik həyatını necə yaşamağı bilməməsindədir. Buna görə də mütəxəssis evlənməzdən əvvəl cütlüklərə bir neçə vacib dərsi mənimsəməyi tövsiyə edir. Bu dərslər nikahı mükəmməl etməyəcək, lakin qaçılmaz çatışmazlıqları sakit qəbul etməyə kömək edəcək.
1. Problemlər toydan sonra yox olmayacaq
Çoxumuz evliliyi həyat boyu birgə addımlayan iki aşiqin nağılvari hekayəsi kimi təsəvvür edirik. Lakin bu idilliya içində qaçılmaz mübahisələri unuduruq. Psixoloq Con Qotmanın araşdırmasına görə, ailə problemlərinin 69 faizi daimi xarakter daşıyır və onların qəti həlli yoxdur. Bu problemləri sadəcə müzakirə etməyi və onlarla birgə yaşamağı öyrənmək lazımdır.
Psixoloq bildirir ki, bu, faciə deyil. Nikahda həmişə fərqli vərdişlərə, ritmlərə və xarakterlərə malik iki insan bir araya gəlir. Bu fərqliliklər uyğunsuzluq demək deyil, sadəcə yetkinlik tələb edir. Bir çoxlarının səhvi odur ki, əgər sevgi həqiqidirsə, mübahisə olmayacaq düşünürlər. Əslində isə, ən möhkəm ailələr də mübahisə edir, sadəcə bunu hörmətsizlik və təhqirsiz edirlər:
"Bu mənada siz mübahisə etməyəcəyiniz bir partnyor tapmaqla evliliyə hazırlaşa bilməzsiniz. Əksinə, dürüst şəkildə mübahisə edə biləcəyiniz birinə özünüzü həsr etməlisiniz".
2. Nikah bir dəfə verilən qərar deyil
Ən böyük illüziya odur ki, sənədlərin imzalanması və üzük mübadiləsi ilə hər şey artıq tamamlanır. Lakin Traversin sözlərinə görə, əsl evlilik məhz bundan sonra başlayır.
Müasir cütlüklər partnyordan hər şeyi bir anda gözləyirlər: ən yaxşı dost, ilham mənbəyi, valideynlikdə dəstək, dayaq və təsəlli. Bu təbiidir, lakin qarşılıqlı səylər tələb edir, çünki heç bir insan avtomatik olaraq "ideal funksiyalar toplusuna" çevrilmir.
Traversin fikrincə, nikaha imzalanmış müqavilə kimi deyil, hər gün işlək saxlanılmalı bir sistem kimi baxmaq lazımdır:
"Ər-arvad münasibəti bu gün partnyorun sizə ehtiyacı olduğu anda onu dinləməyi seçməkdir. Sabah onunla ev işlərini bölüşmək qərarı verməkdir. Gələcək günlərdə, aylarda və illərdə isə sevgi göstərmək, o danışarkən telefonu kənara qoymaq, onunla birgə sevinmək və kədərlənmək, sadəcə yanında olmaq seçimidir".
Aydın
Şərhlər