Xəbər lenti

Polşa radiosu bütün jurnalistləri işdən qovdu və süni
Texnologiya 18:56 24.10.2024

Polşa radiosu bütün jurnalistləri işdən qovdu və süni "aparıcılar"la əvəzlədi

Polşanın "OFF Radio Krakow" radiostansiyası cəsarətli eksperiment keçirməyə qərar verib. Radio bütün jurnalistləri işdən çıxarıb və onları süni intellekt tərəfindən yaradılan "aparıcılar" la əvəzləyib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu qərar dinləyicilər və keçmiş əməkdaşların qarışıq reaksiyalarına səbəb olub.

Nəşr bildirib ki, bu həftə "OFF Radio Krakow" bütün jurnalistlərin işdən çıxarılmasından sonra fəaliyyətini bərpa edib. Onları neyron şəbəkələrdən istifadə edərək yaradılan virtual insanlar əvəz edib.

Radiostansiyanın rəhbəri Marçin Pulit bildirib ki, eksperimentin məqsədi "süni intellekt kütləvi informasiya vasitələri, radio və jurnalistika üçün fürsətdir, yoxsa təhlükədir" sualına cavab tapmaqdır.

Ümumilikdə gənc dinləyicilərin diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş üç virtual avatar təqdim olunub. Onlar mədəniyyət, incəsənət və sosial məsələlər, o cümlədən LGBTQ+ icmasının problemləri haqqında danışacaqlar.

Nəşr "OFF Radio Krakow"un keçmiş əməkdaşlarının bu fikrə mənfi reaksiya verdiyini paylaşıb. Məsələn, radiostansiyada verilişlərdən birinə aparıcılıq edən jurnalist və kinoşünas Mateuş Demski işçilərin virtual avatarlarla əvəzlənməsinə etiraz olaraq açıq məktub dərc edib.

"Bu, hamımıza təsir edəcək təhlükəli bir presedentdir", deyə Demski bildirib.

Bundan əlavə, Demski insanları canlı işçilərin əvəzinə süni intellektin tətbiqinə qarşı çıxmağa çağıran petisiya yaradıb. Oktyabrın 23-nə olan məlumata görə, sənədi 15 mindən çox insan imzalayıb.

"OFF Radio Krakow"un rəhbəri israr edir ki, jurnalistlər radiostansiyaya süni intellekt tətbiq etmək istəyinə görə işdən çıxarılıb. Onun sözlərinə görə, buna səbəb tamaşaçıların kəskin azalması olub.

Nəşr əlavə edib ki, rəqəmsal texnologiyalar naziri və baş nazirin müavini Kşiştof Havkovski də bu vəziyyətə reaksiya verib. O hesab edir ki, süni intellektin tənzimlənməsi üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır:

"Mən süni intellektin inkişafının tərəfdarı olsam da, müəyyən sərhədlərin getdikcə daha tez-tez keçildiyinə inanıram. Süni intellektdən geniş istifadə insanlara qarşı deyil, insanlar üçün edilməlidir".

Oktyabrın 22-də radiostansiya mərhum polyak şairi Vislava Şimborskanın səsi ilə virtual avatarın apardığı "müsahibə"ni təqdim edib. Vislava Şimborska Fondunun prezidenti Mixal Rusinek TVN kanalına müsahibəsində deyib ki, o, Nobel mükafatı laureatının səsinin efirdə istifadəsindən şəxsən razıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->