Xəbər lenti

Paşinyan nə demək istəyib? (ŞƏRH)
Siyasət 17:14 10.01.2025

Paşinyan nə demək istəyib? (ŞƏRH)

"Paşinyanın məqsədi özünü sülhsevər kimi təqdim etməkdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın "Facebook" səhifəsində İrəvanın Azərbaycana təqdim etdiyi təkliflərlə bağlı açıqladığı bəzi məqamları şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, Paşinyanın bu təkliflərindən heç biri yeni deyil:

"Amma bu təkliflərdə Azərbaycan Prezidentinin öz çıxışında qeyd etdiyi əsas mövzulara aid heç bir fikir səslənməyib. Paşinyanın burada əsas məqsədi odur ki, Azərbaycan Prezidentinin televiziya kanallarına verdiyi müsahibəsində etdiyi çıxışı radikal və müharibəyə yönəlik çıxış kimi təqdim etsin. Bu fonda da Paşinyan özünü guya sülhsevər, sülh istəyən mövqedə dayandığı kimi təqdim etməyə çalışır. Amma görürük ki, ən prinsipial mövzulara aid Paşinyanın fikirləri ya dəyişmir, ya da onları heç yada salmır".
 

 
Tofiq Zülfüqarov xəbər verir ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü ərazi iddiaları siyasətindən rəsmən əl çəkdiyini görmürük:

"Silahlanma məsələsinə gəldikdə, sülh istəyirsə onda nədən Ermənistanın maliyyəsi təzminata, iqtisadi-sosial inkişafa deyil, silahlanmaya yönəlir? Buna da cavab yoxdur və əminəm ki, ola da bilməz. Təhlil onu göstərir ki, Paşinyan artıq gələn ilki seçkilərə hazırlaşır və ondan hansısa kompromis addımlar gözləmək mümkün deyil".
 
Həmsöhbətimiz qeyd edib ki, Ermənistan Qərbin, xüsusən də Trampın dövründə ABŞ-ın İrəvana münasibətdə mövqeyinin dəyişib-dəyişməyəcəyini gözləyir:

"Bayden adminstrasiyası birmənalı olaraq Ermənistanı dəstəkləyib. Trampın hansı mövqe tutacağı isə hələ ki, sual altındadır. İrəvanda bunun da cavabını gözləyirlər".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərlə bağlı bəzi məqamları açıqlayıb. Burada qarşılıqlı olaraq vəziyyəti gərginləşdirməkdən çəkinmək, delimitasiya prosesini davam etdirmək, 90 faizi hazır olan sülh müqaviləsini imzalamaq, "dünyanın kəsişməsi" layəhisinin həyata keçməsi, atəşkəsin pozulması hallarının araşdırılması üçün birgə mexanizmin tətbiqİ, həbs edilmiş şəxslər problemini tam həll etmək, beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddialardan imtina, silahlara qarşılıqlı nəzarət, kvotalar, istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizminin yaradılması, hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək və ATƏT-in Minsk Qrupunun ləğvi məsələləri yer alıb. 

Erməni hiyləgərliyi və xislətini nəzərə alsaq açıq şəkildə bəlli olur ki, Ermənistan baş nazirinin bu təklifləri heç də sülhə xidmət etməyə hesablanmayıb, sadəcə olaraq, o bununla özünün guya sülhsevər olduğu obrazını formalaşdırmağı qarşısına məqsəd qoyub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->