Xəbər lenti

Nepallı muzdlular Ukraynada kütləvi şəkildə Rusiya ordusundan qaçır - Kəşfiyyat
Dünya 17:21 01.05.2024

Nepallı muzdlular Ukraynada kütləvi şəkildə Rusiya ordusundan qaçır - Kəşfiyyat

Çərşənbə günü, mayın 1-də Ukraynanın Baş Kəşfiyyat İdarəsi Nepaldan olan muzdluların kütləvi şəkildə Rusiya ordusundan qaçdığını bildirib.

Bu barədə Qaynarinfo Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir

Kəşfiyyat xidmətindən bildirilir ki, Rusiya silahlı qüvvələrinin 29328 saylı hərbi hissəsinə təhkim edilmiş nepallı muzdluların qaçmasına hücumlarda böyük itkilər, moskvalı səhra komandirlərinin qəddar münasibəti, o cümlədən qarantili ölümlə üz-üzə gəlmək əmrini yerinə yetirməkdən imtina etdikləri üçün məhkəmədənkənar edamlar, habelə vəd edilmiş pulun ödənilməməsi səbəb olub. 

Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, rus qrupları işğal olunmuş Ukrayna yaşayış məntəqələrində, xüsusən də 29328 saylı hərbi hissənin şəxsi heyətinin yerləşdiyi Luqansk vilayətində fəal şəkildə fərariləri axtarır, lakin bir qayda olaraq, bu proses nəticə vermir.

Qurumun məlumatına görə, Rusiya motoatıcı hərbi hissəsinin rəhbərləri "yuxarıya” məruzə və hesabatlarda nepallıların fərariliyini "zəlzələ səbəbindən doğma ölkələrinə getmələri” ilə izah edirlər.

Bununla belə, Ukrayna kşfiyyatı əlavə edib ki, işğal olunmuş Luqansk bölgəsindən təkbaşına Nepala qayıtmaq o qədər də asan deyil. Bundan əlavə, Rusiya ordusunun tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiklərinə görə Nepal vətəndaşları öz dövlətlərində təqib oluna bilər.

Nəticədə, "asan" pul qazanmaq arzusu Nepal muzdluları üçün təhlükəsiz çıxış yolu olmayan tələyə çevrilib.

CNN-in məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibəyə 15 minə yaxın Nepal vətəndaşını cəlb edib. Onların çoxu Kremlin əcnəbilərə vəd etdiyi yüksək maaşlara görə müharibəyə gedib.

2023-cü ilin dekabrında Nepal Xarici İşlər Nazirliyi Rusiyanı öz vətəndaşlarını orduya cəlb etməməyə və Ukraynada həlak olan 6 əsgərin cəsədini geri qaytarmağa, həmçinin onların ailələrinə təzminat ödəməyə çağırıb.

2024-cü ilin yanvarında Nepal bir neçə vətəndaşı döyüş meydanında həlak olduqdan sonra Rusiya və Ukraynaya iş icazəsi verməyi dayandırıb.

Yanvarın 25-də Nepalın xarici işlər naziri Narayan Prakaş Saud bildirib ki, onun ölkəsi Rusiya Federasiyasından Ukraynaya qarşı müharibədə həlak olan ən azı 14 vətəndaşa görə təzminat ödəməsini tələb edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->