"Nepalın şimalda Çin, cənub, şərq və qərb istiqamətində isə Hindistanla qonşu olması bu ölkədə baş verən prosesdə kimlərin maraqlı olduğuna dair müəyyən mülahizələr yürütməyə əsas verə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Nepalda baş qaldıran iğtişaşların arxasında hansı kənar qüvvələrin dayandığı sualına cavabında deyib.
"Nepal kasıb ölkədir. Ciddi yeraltı sərvətləri yoxdur. Bu baxımdan, elə də ciddi sərvətlərə, xüsusən də enerji daşıyıcılarına malik olmayan Nepalda baş verən olaylara qlobal geosiyasi güclərin qarşıdurması kontekstində yanaşmaq hələ tezdir", deyə ekspert bildirib.
Bununla yanaşı, politoloq suala aydınlıq gətirmək üçün Nepalın Çin və Hindistanla qonşu olduğunu unutmamağı tövsiyyə edib:
"Ərazicə kiçik olan bu ölkə şimalda Çinlə qonşudur. Digər maraqlı məqam isə odur ki, Nepal Hindistanla cənub, şərq və qərb istiqamətində həmsərhəddir. Nepalda baş verən hadisələr geosiyasi maraq daşıya bilər. Hələlik Rusiya və Çin susur. Onların hər hansı bir reaksiyası yoxdur. Məsələni daha çox işıqlandıran isə Hindistandır. Nepaldakı etirazlar İnformasiya Nazirliyinin sosial mediaya müraciətindən sonra başlayıb. Çünki əvvəlcədən onlara qeydiyyatla bağlı konkret müraciət olunub. Lakin qeydiyyatla bağlı sosial media platformaları müraciət etmədiyindən nazirlik həmin platformaları qapadı".
Həmsöhbətimiz deyib ki, məsələnin digər maraqlı tərəfi qısa zamanda ölüm hadisələrinin baş verməsi və bu kontekstdə gənclərin əlində avtomatik silahları olması faktıdır:
"Yəni bu olayla sanki əvvəlcədən bütün proseslərə hazırlanmış hansısa təşkilatı ünsürlərin olduğu görüntüsü yarandı. Lakin bu da aldadıcı ola bilər".
Qeyd edək ki, Asiya qitəsində yerləşən Nepalda sosial şəbəkələrin qadağan edilməsi bu ölkədə ciddi iştişaşlara yol açıb. Nəticədə baş nazir Jalanat Xanal, ardınca da ölkə prezidenti Ram Çandra Raudel istefa verməli olublar. Hətta etirazçılar Jalanat Xanalın həyat yoldaşını öldürüblər. Etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.
Rüfət Sultan
Şərhlər