"Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırıması və iki dövlət arasında sülh müqaviləsinin imzalanması prosesində bir dinamizm, intensivlik müşahidə olunmaqdadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, Moskva görüşü məhsuldar olub:
Vaşinqtonda, ardınca Brüsseldə görüş oldu. Ardınca Moskvada da görüş keçirildi. Oktyabrda da Avropa İttıfaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyilə Azərbaycan və Ermənsitan siyasi liderlərinin görüşü planlaşdırılır. Yəni, intensivlik, kəmiyyət diqqətdən yayınmır. Amma əsas hədəf odur ki, kəmiyyət özünün məntiqi sonluğuna çataraq, keyfiyyət müstəvisinə transformasiya etsin. Bu nöqteyi-nəzərdən dünən Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü məhsuldar oldu”.
Həmsöhbətimiz bildirir ki, bundan əvvəlki görüşlərdə olduğu kimi Sergey Lavrovla görüşdə də əsas məsələlərdən biri olaraq 10 noyabr üçtərəfli sazişin icrası məsələsi əsas diqqət mərkəzində olub:
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov həmkarı Sergey Lavrovla danışıqlarda məlum sənədin icra vəziyyətilə bağlı problemləri dilə gətirib. Xüsusilə də həmin sənədin 4-cü maddəsinə əsasən Rusiya sülhməramlılarının gəlişilə paralel şəkildə qeyri-qanunu erməni silahlı qüvvələrinin çıxarılması prosesi də baş verməli idi. Amma təəssüf ki, bu bənd hələ də yerinə yetirilməyib. Bu isə regionda sülh və təhlükəsizliyə ciddi təhdidlərin yaranmasına şərait yaradan fundametal səbəbdir.
İrəvan və Moskva daha çox nəticələrdən bəhs edir. Amma fundamental səbəblər aradan qaldırılmayıb. Qarabağda əli silahlı ermənilər qalmaqdadır. Belə olan təqdirdə, 10 noyabr sənədinin icrası ilə bağlı məsələnin müzakirəsinin öz mənasını itirmiş olur. Ona görə də, Azərbaycan XİN rəhbəri rusiyalı həmkarı ilə danışıqlarda bu məsələni xüsusi olaraq qabardıb.
Lavrovun mövqeyi ondan ibarətdir ki, istənilən danışıqlar prosesinə baxmayaraq, ortada olan əsas sənəd üçtərəfli razılaşmadır. Yəni, Moskvanın mövqeyinə görə, bütün digər müzakirə və razılaşmaların əsasında dayana biləcək sənəd məhz onun vasitəçiliyilə əldə edilən bu razılaşmadır. Bakı 10 noyabr sənədinin bütün bəndlərinin icrasında, Azərbaycanla Ermənistan arasında sərhədlərin nəhayət ki, müəyyənləşməsi, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işlənməsində, Brüssel formatı çərçivəsində əldə edilən son razılaşmaların sözdən əməli işə keçməsində maraqlıdır. Azərbaycan regionda sülh istəyir və bu məqsədlə də addımlar atır və qarşı tərəfin də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edirik.
Paşinyan son görüşdə qeyd etdi ki, Azərbaycan Ermənistanın 29,8 min kv.km, İrəvan da ölkəmzin 86,6 min kv.km-lik ərazi bütövlüyünü tanıyır. Hesab edirəm ki, bundan sonrakı danışıqların harda keçirilməsindən asılı olmayaraq, əsas, fundamental prinsip bu olmalıdır”.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Görüş zamanı, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Rüfət Sultan
Şərhlər