Xəbər lenti

Məmməd Arazın xatirə gecəsi keçirildi (FOTO)
Foto 14:14 12.01.2026

Məmməd Arazın xatirə gecəsi keçirildi (FOTO)

Bakıda Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir şəhidlərin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gecədə vurğulanıb ki, Məmməd Araz yaradıcılığı təkcə poeziya deyil, millətin yaddaşı, yol xəritəsi və vicdan səsidir. Onun misralarında dağların sükutu, şəhərin hay-küyü və insanın içindəki böyük Vətən sevgisi bir araya gəlir.

Tədbir çərçivəsində ölkənin tanınmış elm və ədəbiyyat adamları çıxış ediblər. Akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı Məmməd Araz yaradıcılığının poetik, fəlsəfi, folklor və vətəndaşlıq qatlarından bəhs ediblər. Tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı və filoloq-alim, şair Adilə Nəzər isə çıxışlarında şairin poeziyasının çağdaş ədəbi düşüncədə davam edən təsirinə diqqət çəkib, eyni zamanda ustada həsr etdikləri şeirlərini  səsləndiriblər.

Gecə boyunca şairin misraları müxtəlif sənət növlərində səslənib. Respublikanın Əməkddar artısti Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, Aşıq Ramin Qarayev, bəstəkar və müğənnilər Niyaməddin Musayev, Çilənay Hüseynova, müğənnilər Mehranə Vəliqızı, Sərxan Bünyadzadə Məmməd Araz sözünü musiqi və muğamın dili ilə tamaşaçılara çatdırıblar. 

Şairin poeziyası bədii qiraətdə də xüsusi yer tutub. Aktyor və qiraət ustaları Kamran Yunis, Həlimət Sultan, Şirzad Pirallahı, Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov, eləcə də Hədəf Liseyinin şagirdləri Məmməd Arazın şeirlərini böyük duyğu ilə səsləndiriblər.
Tədbirdə həmçinin Məmməd Arazın Naxçıvandakı ev muzeyindən video-görüntülər və muzeyin direktoru Əzizə Süleymanovanın çıxışı nümayiş etdirilib. 

Ailə üzvləri adından yazıçı Aqil Abbas çıxış edib və şairin xatirəsi yad edilən Gecəni təşkil edənlərə təşəkkürlərini çatdırıb. 
Tədbir iştirakçılarına şairin 4 cildlik kitabları hədiyyə edilib. 

Xatirə gecəsi şairin öz səsi ilə səslənən "Salamat qal” şeiri ilə yekunlaşıb. Bu səs bir daha sübut edib ki, şairlər getsə də, poeziyası ilə xalqın yaddaşında yaşayır.

Məmməd Arazın Xatirə Gecəsi Azərbaycan poeziyasına, milli yaddaşa və sözə ehtiramın parlaq nümunəsi kimi yadda qalıb.

--> -->