Xəbər lenti

Macarıstanı Rusiyanın ağzıyla danışdıran gizli səbəb nədir? - Zərdüşt Əlizadə
Dünya 16:50 26.09.2024

Macarıstanı Rusiyanın ağzıyla danışdıran gizli səbəb nədir? - Zərdüşt Əlizadə

"Macarıstanın Ukrayna məsələsində Avropa İttifaqındakı digər tərəfdaşlarından fərqli mövqe sərgiləyərək, Moskvaya meyil etməsi Rusiyadan ucuz qiymətə neft-qaz alması ilə bağlıdır".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Zərdüşt Əlizadə hərtərəfli şəkildə Qərbə inteqrasiya etməsinə baxmayaraq, Macarıstanın hələ də Rusiyanın maraqlarına cavab verən mövqe sərgiləməkdə davam etməsini şərh edərkən deyib.

"Hərçənd tarixən Budapeşt Moskvadan incik olub. Bu inciklik isə 1956-cı ildə SSRİ-nin Macarıstana qoşun göndərərək, oradakı hərəkatı boğmasından yaranıb. İqtisadi baxımdan Rusiya Macarıstana ucuz neft və qaz verir. Bu da Macarıstanın iqtisadi vəziyyətinin möhkəmliliyinə xidmət edir. Ona görə də Budapeşt Moskvanın yanında söz deyə bilməyərək, Rusiyanı müdafiə edir", deyə Zərdüşt Əlizadə bildirib.
 


Həmsöhbətimizə görə, Macarıstanla Rusiyanın daxili-siyasi quruluşu da təxminən eynidir: 

"Macarıstan özünün daxili-siyasi quruluşu baxımından demokratiyanın avtoritar libasındadır. Macar əhalisində demokratik ənənələr güclü deyil. Orban da kifayət qədər avtoritar bir şəxsdir. O, sanki ruhi yaxınlıq baxımından Putinə yaxındır". 

Budapeştin belə bir mövqe tutmasına səbəb olan amillərdən biri də ekspertə görə, Ukraynada yaşayan macaq azlığının hüquqlarının pozulmasıdır:  

"Kiyev onların dil, mədəniyyət hüquqlarını məhdudlaşdırır. Bu da Ukraynaya mənfi münasibətin yaranmasına gətirib çıxarır".

Macarıstan NATO, Aİ kimi qurumların üzvü olmasına rəğmən, uzun müddətdir ki, Orban hökuməti sözügedən qurumların rəqibi olan və Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyanın maraqlarına yaxın siyasət yürüdür. Bu günlərdə BMT Baş Assambleyasında çıxış edən Macarıstan XİN rəhbəri Peter Siyarto da yürütdükləri həmin siyasətin davamı olaraq bildirib ki, Qərbin Ukraynaya silah tədarükünün mənası yoxdur, çünki onlar döyüş meydanındakı vəziyyəti dəyişdirmir və sülhü yaxınlaşdırmır. Baş nazir Viktor Orban da Ukrayna müharibəsi başlayandan üzü bəri bu mövzu ilə bağlı etdiyi bütün çıxışlarında Kiyevi tənqid və az qala Moskvanı haqlı çıxaran çıxışlar edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->