Xəbər lenti

Lukaşenkonun Qafqazla bağlı səsləndirdiyi fikirlərin arxasında nə dayanır? (ŞƏRH)
Siyasət 14:14 24.05.2024

Lukaşenkonun Qafqazla bağlı səsləndirdiyi fikirlərin arxasında nə dayanır? (ŞƏRH)

"Lukaşenko Bakıda olarkən Azərbaycan da daxil Qafqaz ölkələrinin Rusiyaya yönəlik loyal siyasət aparmalarını təklif edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Azərbaycanda olarkən Qafqazla bağlı səsləndirdiyi fikri şərh edərkən deyib. 

Ərəstun Oruclu deyib ki, Belarus prezidentinin Azərbaycana hansı təkliflə gəldiyi və nələri müzakirə etdiyini sadəcə olaraq, ehtimal edə bilərik:

"İlk ağıla gələn ehtimal da odur ki, Lukaşenko Cənubi Qafqazın Rusiyanın təsir orbitində qalmasını istəyən şəxslərdəndir. Çünki Lukaşenko postsovet məkanında Putinin demək olar yeganə müttəfiqidir. İndi Gürcüstanın Rusiyaya yaxınlaşmağa çalışdığı deyilir. Amma hər kəs anlayır ki, Tiflis Rusiya təcavüzünə məruz qalmamaq üçün bu addımı atmağa məcburdur. Ermənistanın vəziyyəti isə nisbətən fərqlidir. Çünki Ermənistan Rusiya ilə birbaşa sərhədə malik deyil. Qərbdən ona birmənalı dəstək olduğundan Paşinyan çevik şəkildə Moskvadan uzaqlaşma siyasəti yürüdür. Azərbaycan Rusiya ilə qonşudur. Ona görə mümkün təhdidi nəzərə almağa məcburdur". 
 


Həmsöhbətimizə görə, Belarus prezidenti də bu vəziyyətdən istifadə edib, Bakıda olarkən Cənubi Qafqazın Rusiyaya müttəfiq olmasını istəyə bilər:
 
"Həmçinin o, Bakını Avrasiya İqtisadi İttifaqına da sövq etmək istəyir. Lakin Bakının həmin birliyə qoşulacağını düşünmürəm. Gürcüstanla Azərbaycanın KTMT-yə qoşulma ehtimalı da istisnadır. Bu mənada Lukaşenko Bakıda olarkən güman ki, Azərbaycan da daxil Qafqaz ölkələrinin Rusiyaya yönəlik loyal siyasət aparmalarını müzakirə edib". 

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycana səfəri zamanı müzakirə etdiyi məsələdən danışaraq Qafqaz regionu üzrə təklif irəli sürdüyünü açıqlayıb. "Regionumuz və Qafqazın təhlükəsizliyinə dair çox maraqlı təkliflərim var. Azərbaycana səfərim zamanı bununla bağlı çox ciddi müzakirə apardıq", deyə Belarus lideri bildirib. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Belarusa rəsmi səfərə gedib. Ondan əvvəl, mayın 16-17-də isə Belarus prezidenti Azərbaycanda səfərdə olub.
 
Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->