Xəbər lenti

Lider mərkəzli sülh təşəbbüsü?
Əli QƏDİMOV
Dünya 12:20 22.01.2026

Lider mərkəzli sülh təşəbbüsü?

"Board of Peace” ideyasının beynəlxalq hüquqi analizi

Donald Trampın "sülh təşəbbüsü” kimi təqdim olunan "Board of Peace” ideyası klassik diplomatik formatlardan fərqli olaraq, bir tərəfdən münaqişəsonrası idarəetmə və beynəlxalq resursların səfərbər edilməsi iddiası, digər tərəfdən isə beynəlxalq hüquqda legitimlik, səlahiyyət bölgüsü və dövlətlərin bərabərliyi prinsipləri baxımından ciddi suallar doğuran potensial "paralel institut” təsiri yaradır. 

Məsələnin mahiyyətini düzgün anlamaq üçün təşəbbüsün iki əsas başlanğıc xəttini ayırmaq məqsədəuyğundur: 

birinci xətt Qəzzada atəşkəs planının icrası və münaqişəsonrası mərhələyə nəzarət üçün beynəlxalq koordinasiya mexanizmi kimi təqdim edilən çərçivədir; 

ikinci xətt isə bu çərçivənin qısa müddət ərzində daha geniş miqyaslı münaqişələrə tətbiq edilə bilən "çevik və effektiv sülhyaratma orqanı” kimi təsvir edilməsidir.

Tramp administrasiyasının müxtəlif ölkə liderlərinə göndərdiyi dəvət məktubları və mətbuata sızmış layihə nizamnaməsi (draft charter) bu genişlənmə niyyətinin mövcudluğunu göstərir: sənədlərdə şuranın ilkin olaraq Qəzza münaqişəsi ilə başlaması, sonrakı mərhələdə isə digər münaqişələrə də tətbiq oluna bilən mexanizm kimi nəzərdə tutulması qeyd edilir. Eyni sənədlərdə Donald Trampın şuranın sədri qismində mərkəzi rolunun nəzərdə tutulduğu və sədrliyin müddət baxımından məhdudlaşdırılmasına dair açıq müddəaların sənədlərdə yer almadığı bildirilir ki, bu da təşəbbüsün institusional dizaynının lider-mərkəzli xarakter daşıdığına dair müzakirələri gücləndirir.

"Qoşulma” mərhələsinin prezidentlərə birbaşa dəvət məktublarının göndərilməsi yolu ilə təşkili həm siyasi-psixoloji, həm də hüquqi baxımdan ayrıca təhlil tələb edir. Bu mexanizm bir tərəfdən dövlətləri qısa müddətdə mövqe bildirməyə sövq edən reputasiya və siyasi siqnal aləti kimi çıxış edir, digər tərəfdən isə klassik çoxtərəfli beynəlxalq təşkilatların yaradılmasına xas olan ratifikasiya prosedurları, institusional balans mexanizmləri və mandatın dəqiq hüquqi hüdudlarla müəyyən edilməsi kimi elementləri ilkin mərhələdə kənarda saxlayır. Məhz bu səbəbdən təşəbbüs, hüquqi baxımdan tam formalaşmış beynəlxalq təşkilatdan daha çox, səlahiyyət və öhdəlikləri sonradan konkretləşdirilməsi nəzərdə tutulan siyasi-institusional platforma təsiri bağışlayır.

Reuters-in məlumatına görə, onlarla dövlətə (mətbuatda təxminən 60 ölkə adı çəkilir) "Board of Peace” təşəbbüsünə qoşulmaq üçün dəvət məktubları göndərilib. Bu məktub paketinə layihə nizamnamənin (draft charter) də daxil edilməsi bir sıra hökumətlərdə təşəbbüsün BMT-ni faktiki olaraq "kölgədə qoya biləcəyi” və ya BMT sisteminin mərkəzi rolunu zəiflədə biləcəyi barədə narahatlığı gücləndirib. Bu narahatlıq xüsusilə ona görə ön plana çıxır ki, söhbət çoxtərəfli konvensiya əsasında yaradılan, universal üzvlük və ya ən azı geniş beynəlxalq konsensusla tanınan, hüquqi statusu və səlahiyyət hüdudları dəqiq müəyyən edilmiş klassik beynəlxalq təşkilatdan getmir. Əksinə, mövcud məlumatlar təşəbbüsün daha çox ABŞ prezidentinin siyasi dizaynı əsasında formalaşdırılan, tərkibi, fəaliyyət müddəti və səlahiyyətləri əsasən sədrin diskresiyasına bağlanan, şərti olaraq "koalisiya klubu” kimi xarakterizə oluna bilən institusional konstruksiya təsiri yaratdığını göstərir.

Associated Press-in əldə etdiyi layihə sənədlərinə və Ağ Evin təqdim etdiyi çərçivə izahına istinadən yaydığı məlumatlar da bu istiqaməti təsdiqləyir. Həmin mənbələrdə qərarvermə arxitekturasının yüksək dərəcədə mərkəzləşdirildiyi, sədrin üzvlərin dəvət edilməsində geniş səlahiyyətə malik olduğu, səsvermə zamanı bərabərlik yarandıqda həlledici səsin sədrə məxsus olduğu və şuranın daxili işləmə qaydalarının "çevik” saxlanılmasının institusional nəzarət və balans mexanizmlərini məhdudlaşdıra biləcəyi vurğulanır.

Bu modelin ən çox müzakirə olunan elementlərindən biri də üzvlüyün maliyyə şərtləri ilə əlaqələndirilməsidir. Sənədlərə əsasən, üzvlük müddəti əsasən üç illik dövrlə nəzərdə tutulur, lakin dövlətlər 1 milyard ABŞ dolları məbləğində maliyyə öhdəliyi götürməklə üzvlüyün daha uzun müddət davam etməsinə və ya faktiki olaraq müddətsiz xarakter daşıyan statusa yaxın mövqe əldə edə bilərlər; Reuters bu üçillik müddətin sədrin qərarı ilə "yenilənə bilən” mexanizm kimi təqdim edildiyini ayrıca qeyd edir. PBS də oxşar şəkildə izah edərək, sözügedən maliyyə töhfəsinin adi üçillik təyinatdan fərqli olaraq, de facto "daimi üzvlük” effekti yaratdığını və bunun bir sıra paytaxtlarda ciddi narahatlıq doğurduğunu vurğulayır.

Bu cür maliyyə şərti beynəlxalq hüquqi müstəvidə iki fundamental prinsipə birbaşa toxunur: birincisi, dövlətlərin suveren bərabərliyi ideyası (BMT Nizamnaməsinin normativ əsasını təşkil edən prinsip), ikincisi isə beynəlxalq təşkilatlarda təmsilçilik və qərarvermə təsirinin faktiki olaraq "maliyyə gücü” ilə şərtlənməsi ehtimalıdır. 

Dövlətlərin beynəlxalq təşkilatların büdcəsinə töhfə verməsi institutların maliyyə dayanıqlığı baxımından normal və qəbul olunmuş praktikadır; lakin qərarvermə statusunun və institusional çəkisinin birbaşa maliyyə ödənişi ilə əlaqələndirilməsi legitimlik baxımından riskli görünür. Bu yanaşma "sülhün maliyyələşdirilməsi” kimi əsaslandırılsa belə, normativ müstəvidə sülh və beynəlxalq təhlükəsizlik məsələsini bazar məntiqinə yaxınlaşdırır və "bərabər şərtlərlə iştirak” prinsipini zəiflədə bilər. Məhz bu kontekstdə Reuters, mətbuata istinadla, İtaliyanın təşəbbüsə qoşulmamaq qərarını ölkə konstitusiyasında beynəlxalq təşkilatlarda yalnız bərabər şərtlərlə iştirak etməyə icazə verən hüquqi məntiqə uyğunlaşdırdığına dair izahı gündəmə gətirir və ümumən Qərb müttəfiqlərinin ehtiyatlı mövqeyini BMT-nin institusional rolunun sarsıdılması qorxusu ilə əlaqələndirir.

Təşəbbüsün BMT ilə münasibəti akademik qiymətləndirmənin mərkəzində dayanır, çünki layihə bir tərəfdən BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı mövcud qərarları və atəşkəs çağırışları ilə "uyğunlaşma” iddiasında təqdim olunur, digər tərəfdən isə BMT-nin institusional rolunu dolayısı ilə "yetərsiz və effektiv olmayan” mexanizm kimi xarakterizə edən ritorika ilə müşayiət edilir. Bu ikili yanaşma kollektiv təhlükəsizlik arxitekturası daxilində normativ mərkəzin harada yerləşdiyi sualını yenidən gündəmə gətirir. Ağ Evin rəsmi açıqlamalarında Donald Trampın "Qəzza münaqişəsini bitirməyə dair geniş planı”nın BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qəbul etdiyi qərarların ruhuna uyğun olduğu, həmin qərarların atəşkəs və münaqişəsonrası mərhələyə dair ümumi çərçivə yaratdığı və "Board of Peace”in bu planın icrasında "strateji koordinasiya, beynəlxalq resursların səfərbər edilməsi və hesabatlılıq” funksiyası daşıyacağı vurğulanır.

Bu yanaşma legitimləşdirmə strategiyası baxımından anlaşılandır: beynəlxalq hüquqda sülh və təhlükəsizlik sahəsində icazələndirmə və mandat dili, xüsusən Təhlükəsizlik Şurası ilə assosiasiya, təşəbbüslərə normativ çəki qazandıran əsas mexanizmlərdən biridir. Bununla belə, Reuters-in Avropa diplomatlarına istinadən yazdıqları göstərir ki, dəvət məktublarında şuranın fəaliyyətinin yalnız Qəzza ilə məhdudlaşdırılmayıb sonradan digər münaqişələrə də tətbiq oluna biləcəyi ideyasının yer alması, eləcə də sədrliyin müddət baxımından məhdudlaşdırılmadığına dair müddəalar mandatın sərhədləri və institusional hesabatlılıq baxımından ciddi suallar doğurur.

Beynəlxalq hüquqi baxımdan nəticə belə formulə edilə bilər: əgər "Board of Peace” faktiki olaraq BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı mövcud qərarlarına söykənərək keçid idarəçiliyinə dəstək, təhlükəsizlik tədbirlərinin koordinasiyası, silahsızlaşdırma və bərpa proseslərinə nəzarət kimi funksiyalar iddia edirsə, onun səlahiyyət hüdudları həmin mandatın məzmunu və müddəti ilə məhdud qalmalıdır. Əks halda, səlahiyyətlərin tədricən genişlənməsi – beynəlxalq hüquq ədəbiyyatında "mandatın sürüşməsi” (mandate creep) kimi tanınan proses BMT sisteminin kollektiv təhlükəsizlik arxitekturası ilə toqquşa və təşəbbüsün legitimliyi ətrafında mübahisəni daha da dərinləşdirə bilər.

Reuters-in diplomatik mənbələrə istinadən təqdim etdiyi məlumatlarda məhz bu gərginliyin artıq siyasi səviyyədə hiss edildiyi görünür: təşəbbüsün bəzi paytaxtlarda qeyri-rəsmi şəkildə "Trump BMT-si” kimi xarakterizə edilməsi, BMT-nin normativ və institusional rolunun zəiflədilə biləcəyi ehtimalının vurğulanması və bir sıra dövlətlərin ehtiyatlı mövqe tutması təsadüfi deyil. 

Middle East Eye tərəfindən dərc edilən layihə nizamnaməsinin məzmunu da bu institusional rəqabət xəttini qidalandırır: sənəddə BMT kimi mövcud institutların "tez-tez səmərəsiz” olduğu iddiası irəli sürülür, "daha çevik və operativ” quruma ehtiyac vurğulanır və rəhbərliyin konkret olaraq Trampın rolu ilə eyniləşdirilməsi təşəbbüsün klassik dövlətlərarası institutdan daha çox lider-mərkəzli siyasi konstruksiya təsiri yaratdığı barədə qiymətləndirmələri gücləndirir.

Qəzzanın gələcək idarəçiliyi kontekstində beynəlxalq hüququn ən həssas sahələri – öz müqəddəratını təyinetmə hüququ, işğalın hüquqi nəticələri, mülki əhalinin müdafiəsi, münaqişəsonrası keçid idarəçiliyinin legitimliyi və "xarici nəzarət” modellərinin yaratdığı kolonial assosiasiyalar "Board of Peace” təşəbbüsünün mərkəzinə birbaşa toxunur. Bu baxımdan təşəbbüsün hüquqi-analitik çəkisi yalnız elan edilən "sülh” niyyəti ilə ölçülə bilməz; prosesin hüquqi əsası, razılıq mexanizmləri, təmsilçilik strukturu və hesabatlılıq mexanizmləri eyni dərəcədə həlledici əhəmiyyət daşıyır. 

Reuters-in təqdim etdiyi çərçivədə hüquq müdafiəçiləri və beynəlxalq hüquq üzrə ekspertlərin Trampın xarici ərazi üzərində idarəetməyə nəzarət edən şuraya rəhbərliyini "kolonial idarəetmə modellərini xatırladan” konstruksiya kimi qiymətləndirdiyi bildirilir. Eyni mənbədə bəzi tanınmış fiqurların, o cümlədən Tony Blair kimi şəxslərin mümkün və ya nəzərdə tutulan iştirakı ətrafında tənqidlərin səsləndiyi, həmçinin şuranın ilkin tərkibində fələstinli siyasi və ya institusional nümayəndələrin yer almamasının ayrıca problem kimi qabardıldığı qeyd olunur.

Bu tənqidlərin normativ mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüquq baxımından münaqişəsonrası keçid idarəçiliyinin uğuru təkcə maliyyə resurslarının səfərbər edilməsi və texniki koordinasiya ilə təmin edilə bilməz; belə proseslərin dayanıqlılığı yerli legitimlik, siyasi agentlik və müvafiq əhalinin razılığı ilə birbaşa bağlıdır. 

Associated Press-in ayrıca icmalında "Gaza Executive Board” kimi icra mexanizmlərinin nəzərdə tutulması, təhlükəsizlik və silahsızlaşdırma mərhələlərinin mürəkkəbliyinin xüsusi vurğulanması da göstərir ki, təşəbbüs "texnokratik” idarəetmə çərçivəsində təqdim edilsə belə, faktiki olaraq suveren səlahiyyətlərə yaxın sahələrə – təhlükəsizlik, inzibati idarəetmə və resursların yönləndirilməsi kimi məsələlərə toxunur.

Bu nöqtədə beynəlxalq humanitar hüquq ilə beynəlxalq insan hüquqları hüququnun kəsişməsi aydın görünür: bir tərəfdən mülki əhalinin müdafiəsi, humanitar yardımın təmin edilməsi və münaqişəsonrası bərpa beynəlxalq ictimaiyyətin legitim maraq dairəsinə daxildir; digər tərəfdən isə ərazi üzərində siyasi statusun müəyyən edilməsi "şura üzvlüyü” və ya maliyyə töhfəsi kimi texniki parametrlərlə həll edilə bilən inzibati məsələ deyil. Belə qərarlar öz müqəddəratını təyinetmə prinsipinin tələb etdiyi yerli siyasi proseslər, real razılıq və legitim nümayəndəlik mexanizmləri əsasında formalaşmalıdır.

Bu səbəbdən təşəbbüsün hüquqi baxımdan əsas sınağı onun nə etməyi planlaşdırmasından çox, bunu hansı hüquqi əsasla və hansı razılıq çərçivəsində həyata keçirməyə çalışması ilə bağlıdır. Hətta BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına istinad edildiyi halda belə, mandatın konkretliyi, səlahiyyət hüdudları və müddəti, eləcə də yerli təmsilçilik məsələsi kifayət qədər aydın və güclü şəkildə təmin olunmazsa, uzunmüddətli dayanıqlılıq ciddi şəkildə sual altına düşür. 

Associated Press-in 21 yanvar tarixli icmalında şuranın ilkin olaraq Qəzza atəşkəsinə nəzarət mexanizmi kimi nəzərdə tutulduğu, lakin sonradan daha geniş miqyaslı münaqişə vasitəçiliyi platforması kimi təqdim edilməyə başlandığı qeyd olunur ki, bu da məhz beynəlxalq hüquq ədəbiyyatında "mandatın genişlənməsi” kimi tanınan riskləri gücləndirən faktorlardan biri kimi qiymətləndirilə bilər.

Dəvət məktublarının geniş spektrə yayılması "Board of Peace” təşəbbüsünün yalnız Qəzza ilə məhdudlaşdırılmayacağını göstərən əsas faktorlardan biri kimi qiymətləndirilir və bu hal beynəlxalq hüquqda "institusional çoxtərəflilik”lə daha çevik xarakter daşıyan "ad hoc koalisiya diplomatiyası” arasındakı sərhədi yenidən mübahisə mövzusuna çevirir. 

Reuters-in məlumatına görə, dəvət məktublarında şuranın yaxın vaxtlarda toplanacağı və Donald Trampın təşəbbüsü "bənzəri olmayan” bir mexanizm kimi təqdim etdiyi ifadələr yer alır; eyni mənbədə Qərb diplomatlarının bu formatın BMT-nin mərkəzi rolunu zəiflədə biləcəyindən narahat olduqları vurğulanır. 

Associated Press ölkələrin reaksiyalarını artıq müsbət yanaşma nümayiş etdirənlər, ehtiyatlı mövqe tutanlar və hələ rəsmi qərar verməyənlər kimi kateqoriyalara ayıraraq təqdim edir. AP-nin və Reuters-in icmallarında Fransa, Norveç, Sloveniya və İsveç kimi bəzi Avropa dövlətlərinin təşəbbüsə qoşulmaqdan imtina etdikləri, Böyük Britaniya, Almaniya, Çin, Rusiya və Avropa İttifaqının icra qurumlarının isə hələlik yekun mövqe açıqlamadıqları qeyd olunur ki, bu da təşəbbüsün qlobal legitimlik baxımından yekdil qəbuldan uzaq qaldığını göstərir.

Bu faktlar münaqişələrin həllində legitimliyin yalnız əldə olunan nəticə ilə deyil, eyni zamanda istifadə olunan proseslə ölçüldüyünü bir daha xatırladır. Prosesin beynəlxalq hüququn qəbul etdiyi əsas prosedur tələbləri – mandatın mövcudluğu, tərəflərin razılığı, təmsilçilik, hesabatlılıq və dövlətlərin bərabərliyi ilə uzlaşmaması, hətta qısa müddətdə müəyyən effektivlik yaratsa belə, orta və uzun müddətli qəbul və icra problemlərinə yol aça bilər. 

Bu baxımdan "Board of Peace”in institusional dizaynı klassik beynəlxalq təşkilatların yaratdığı "legitim avtoritet”i sürətlə təqlid etməyə cəhd göstərsə də, hüquqi formasının qeyri-müəyyənliyi və səlahiyyətlərin əhəmiyyətli dərəcədə liderin şəxsi roluna bağlanması onu normativ baxımdan kövrək edir. Təşkilatlar hüququ baxımından legitimlik liderin fərdi iradəsindən deyil, qaydaların hamıya eyni tətbiqindən, səlahiyyətlərin normativ mənbədən çıxmasından və effektiv nəzarət-balans mexanizmlərindən qaynaqlanır. 

Təşəbbüsün beynəlxalq hüquqi çəkisini artırmaq məqsədilə paralel legitimləşdirmə kanallarının qurulduğu da müşahidə olunur. Bunlara Təhlükəsizlik Şurası ilə "uyğunlaşma” dili, "beynəlxalq resursların səfərbər edilməsi” və "hesabatlılıq” kimi terminlərin ön plana çəkilməsi, müxtəlif regionlardan dövlətlərin iştirakı və "icra şurası” kimi texniki strukturların yaradılması daxildir. Ağ Evin açıqlamalarında "Board of Peace” məhz bu terminologiya ilə təqdim edilir və Qəzzanın "münaqişədən sülhə və inkişafa keçidi”nə nəzarət edən strateji mexanizm kimi çərçivələndirilir. 
Associated Press isə icra şurasının tərkibi və funksional xəritəsi barədə məlumat verərək, təşəbbüsün yalnız siyasi liderlər platforması deyil, eyni zamanda icra-oriyentasiyalı komitə mexanizmləri də nəzərdə tutduğunu göstərir.
Bununla yanaşı, BMT sisteminin özünüqoruma refleksi də faktoloji səviyyədə hiss olunur. 

Reuters-in yazdıqlarından aydın olur ki, BMT rəsmiləri dövlətlərin müxtəlif formatlarda əməkdaşlıq etmə hüququnu inkar etmədən, BMT-nin mandatlı fəaliyyətinin davam edəcəyini xüsusi vurğulayırlar. Bu mövqe beynəlxalq hüquqda paralel təşəbbüslərin apriori qeyri-qanuni sayılmadığını, lakin belə təşəbbüslərin BMT-nin səlahiyyətlərini faktiki olaraq əvəz etməyə yönəldiyi halda legitimlik mübahisəsinin kəskinləşəcəyini göstərən tipik yanaşmadır.

"Board of Peace”ə müsbət yanaşanlar və ehtiyat göstərənlər arasındakı fərqlər təşəbbüsün real siyasi çəkisini və hüquqi-siyasi risklərinin miqyasını daha aydın ortaya qoyur. 

Reuters-in yanvar tarixli xəbərlərində Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsə müsbət münasibət bildirdikləri, lakin qoşulmanın hər bir dövlətin öz daxili hüquqi və konstitusion prosedurları çərçivəsində rəsmiləşdiriləcəyi vurğulanır. Bu "öz hüquqi prosedurları” ifadəsi təşəbbüsün ən həssas məqamına işarə edir: dövlətlər siyasi baxımdan dəstək göstərsələr belə, daxili hüquq sistemləri onların beynəlxalq öhdəlik götürmə imkanlarını məhdudlaşdıra bilər. İtaliya nümunəsində bu məhdudiyyət beynəlxalq təşkilatlarda yalnız bərabər şərtlərlə iştirak prinsipinə sadiqliklə əsaslandırılır. 

Reuters İsrailin Baş naziri Benyamin Netanyahu-nun dəvəti qəbul etdiyini ayrıca qeyd edir ki, bu da təşəbbüsün Qəzza kontekstində əsas regional aktorları cəlb etmək niyyətini göstərir. Eyni zamanda Vatikanın dəvət alması və bu dəvəti nəzərdən keçirməsi barədə məlumatlar təşəbbüsün legitimliyini gücləndirmək üçün "mənəvi diplomatiya” resursundan da istifadə etməyə çalışıldığını düşündürür. 

Bu kontekstdə Azərbaycanın mövqeyi də ayrıca diqqətəlayiqdir. Mətbuatda və rəsmi mənbələrdə yer alan məlumatlara görə, Donald Tramp tərəfindən Azərbaycan Respublikasına da "Board of Peace” təşəbbüsü ilə bağlı rəsmi dəvət məktubu göndərilib və Azərbaycan bu dəvəti müsbət qarşılayaraq təşəbbüsə qoşulmaq niyyətini ifadə edib. Rəsmi açıqlamalarda və beynəlxalq mediada yayılan xəbərlərdə qeyd olunur ki, Bakı dəvəti qəbul etdiyini bildirib və üzvlüklə bağlı məsələlərin ölkənin daxili hüquq sistemi və mövcud prosedurları çərçivəsində rəsmiləşdiriləcəyi vurğulanıb. Bu mövqe Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirak təcrübəsi, çoxtərəfli diplomatiyaya açıq yanaşması və beynəlxalq təhlükəsizlik mexanizmləri ilə əməkdaşlıq xətti ilə ümumən uzlaşır.

Eyni zamanda, açıqlamalarda "lazımi prosedurlar” ifadəsinin xüsusi vurğulanması onu göstərir ki, Azərbaycan bu təşəbbüsü avtomatik hüquqi öhdəlik yaradan addım kimi deyil, diqqətlə ölçülmüş siyasi qərar və mərhələli hüquqi proses kimi qiymətləndirir. Bu yanaşma beynəlxalq hüquq baxımından rasional görünür, çünki bu tip təşəbbüslərdə iştirak dövlətin mövcud beynəlxalq öhdəlikləri, BMT çərçivəsində tutduğu mövqe, regional balanslar və daxili hüquqi məhdudiyyətlər nəzərə alınmadan həyata keçirilə bilməz. Beləliklə, Azərbaycanın mövqeyi həm təşəbbüsə açıq münasibəti, həm də normativ ehtiyatlılığı eyni vaxtda əks etdirən balanslı yanaşma kimi xarakterizə edilə bilər.

Bu faktlar fonunda daha geniş analitik yanaşma göstərir ki, "Board of Peace” təşəbbüsü Donald Trampın xarici siyasət fəlsəfəsini – klassik multilateralizmdən daha çox transaksion yanaşmaya, çevik koalisiyalara və lider-mərkəzli "razılıq diplomatiyası”na əsaslanan modeli institusional formaya salmağa cəhd edir. Bu cür dizaynın güclü tərəfi qərarvermə sürəti və koordinasiya imkanları ola bilər: mərkəzləşmiş struktur bürokratik gecikmələri azalda, maliyyə öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi resurs çatışmazlığı riskini minimuma endirə, "icra şurası” kimi strukturlar isə konkret nəticəyə yönəlmiş idarəetmə təsiri yarada bilər.

Lakin eyni dizaynın zəif tərəfləri də məhz bu nöqtədə üzə çıxır. Beynəlxalq hüquqda legitimlik şəxsi liderlik və siyasi nüfuzla deyil, prosedur qaydalar, tərəflərin razılığı, hesabatlılıq mexanizmləri və normativ uyğunluqla möhkəmlənir. Qərarvermənin yüksək dərəcədə mərkəzləşdirilməsi balans və nəzarət mexanizmlərini zəiflədə, üzvlük və institusional statusun maliyyə şərtləri ilə iyerarxiyalaşdırılması isə iştirakçı dövlətlərin hüquqi və siyasi risklərini artıra bilər. Bu baxımdan təşəbbüs, sürət və çeviklik vəd etsə də, legitimlik və uzunmüddətli qəbul baxımından kövrək konstruksiya təsiri bağışlayır.

Nəticə etibarilə, prezidentlərə birbaşa dəvət məktubları vasitəsilə irəli sürülən bu sülh təşəbbüsü həm real münaqişəsonrası idarəetmə boşluqlarına cavab vermək iddiası daşıyan, həm də BMT-nin ənənəvi kollektiv təhlükəsizlik modelinə alternativ təsir yaradan layihə kimi qiymətləndirilə bilər. Faktlar göstərir ki, dəvətlərin coğrafiyası genişdir və bir sıra dövlətlər təşəbbüsə müsbət yanaşıb. Bununla yanaşı, Qərb paytaxtlarında ehtiyatlı münasibət və BMT-nin rolunun zəiflədilə biləcəyi ilə bağlı narahatlıq da eyni dərəcədə güclü qalır. Beynəlxalq hüquqi müstəvidə məsələ formullaşdırıla bilər: əgər "Board of Peace” BMT Təhlükəsizlik Şurasının konkret, müddətli və məqsədyönlü mandatı daxilində fəaliyyət göstərən, yerli təmsilçilik və hüquqi hesabatlılıq standartlarını təmin edən, resurs səfərbərliyini BMT mandatlı strukturlarla koordinasiya edən mexanizmə çevrilərsə, o, müvəqqəti koordinasiya platforması kimi qəbul oluna bilər. Əks halda, özünü qlobal münaqişələr üçün BMT-ni əvəz edən, üzvlüyü maliyyə ödənişi ilə statuslandırılan və səlahiyyəti bir liderin iradəsinə bağlanan "daimi sülh şurası” kimi təqdim etməyə çalışarsa, legitimlik böhranı dərinləşəcək və təşəbbüsün qısamüddətli effektivliyi belə orta və uzun müddətdə qəbul, icra və normativ uyğunluq problemlərindən sığortalanmayacaq.

Əli Qədimov
Naxçıvan Dövlət Universitetinin 
"Ümumi hüquq” kafedrasının müəllimi
--> -->