Kazanın "Rubin” komandası "Barselona”nı "Nou Kamp”da məğlub edəndə təqvim 2009-cu ilin 20 oktyabrını göstərirdi. Təxminən 15 il əvvəl keçirilən bu qarşılaşma azarkeşlərin xatirində silinməz izlər buraxıb. Bu görüşdə "Barselona”nın qolunu İbrahimoviç vurmuşdu, "Rubin”in heyətində fərqlənənlər isə Ryazantsevlə Gökdeniz Karadeniz idi. İbrahimoviçlə Karadeniz karyerasını çoxdan bitirib. Aleksandr Ryazantsev də futbolçu karyerasını bitirdiyi Moskva "Torpedo”sunda idman direktorudur.
Sizi tarixi səyahətə əbəs yerə aparıb, həmin qarşılaşmanı ən xırda detalına qədər əbəs yerə xatırlamıram. Məsələ ondadır ki, "Nou Kamp”dakı tarixi görüşdə "Rubin”i baş məşqçi kimi meydana çıxaran Kurban Berdıyev indi "Turan Tovuz”un sükanı arxasındadır. Onu qərb klubuna böyük ümidlərlə gətiriblər. Elə biz də ümid edirik ki, Berdıyev Ehtiram Quliyevin etimadını doğruldacaq və "Turan Tovuz”un yeni mərhələyə yüksəlməsinə yardımçı olacaq. Amma iş təkcə ümid etməklə yekunlaşmır. Az öncə qeyd etdiyim kimi, bütün dünyanın Berdıyevdən bəhs etdiyi vaxtdan təxminən 15 il keçib. Zəhmli, böyük gilələri olan təsbehi ilə diqqət çəkən xarizmatik futbol mütəxəssisi yaxşı günlərini çoxdan geridə qoyub.
Söhbət heç də onun yaşından getmir. Hərgah ki, yaşın futbolda fərqinin olduğunu çox görmüşük. Bir vaxtlar məşhur türkiyəli çalışdırıcı Mustafa Dənizlini də "Xəzər Lənkəran”a böyük ümidlərlə gətirmişdilər. Gözünə döndüyüm Mustafa bəy də deyirdi ki, mənim belim ağrayır, Zaqatalaya uzun səfərə avtobusla gedə bilmirəm. Çünki bir yerdə çox oturanda belimdəki ağrı şiddətlənir. Eşitdiyimizə görə, Kurban Berdıyev də "Turan Tovuz” rəhbərliyinin qarşısında bir sıra şərtlər qoyub ki, onlardan da biri komandanın Bakıda məskunlaşması, yalnız oyuna çıxmaq üçün Tovuza yollanmasıdır. Qorxuram ki, bu uzun səfərlər də Berdıyevin zəhləsini töksün, ondan sonra tələb etsin ki, ümumiyyətlə, "Turan Tovuz” rəqiblərini Bakıda qəbul etsin.
AFFA UEFA-dan aldığı milyonları Tovuzdakı bazaya "tökdü”. Sonra məlum oldu ki, ortaya çıxan "futbol akademiyası” adlı əsər əslində təmir edilmiş köhnə yataqxana və süni örtüklü meydançadır. O meydança ki, "Turan Tovuz”un bütün yaş qrupları, o cümlədən də əsas komanda orda məşq etməli və oyun keçirməlidir. Böyük həvəslə, ürək yanğısıyla "Turan Tovuz”a sponsorluq etməyə başlayan Ehtiram bəy də sonradan məyusluğunu gizlətməmiş, bazada hətta adicə bir anbarın da olmadığını dilə gətirmişdi. O cümlədən də süni örtüyün təbiisi ilə əvəzlənməsi üçün AFFA-dan kömək gözlədiklərini də bəyan etmişdi. Tovuzdakı stadionun örtüyünün dəyişdirlməsi ilə bağlı konkret hansısa iş görülmür. İşıqlandırma üçün quraşdırılan projektorlar da güclü küləyə tab gətirməyib, "başını yerə qoyub”. Qeyd etdiklərim Tovuzdakı stadionun gözlə görünən qüsurlarıdır. Hələ neçə-neçə nöqsan var ki, uzaqdan onları görmək mümkün deyil.
Bütün bunların fonunda klub rəhbərliyi Berdıyevlə əl sıxışmağı, onu baş məşqçi postuna gətirməyi lazım bildi. Görünən odur ki, avrokuboklara vəsiqə qazanmaq həvəsi reallıq hisslərini üstələdi. Mətbuatda gedən xəbərlərdə qeyd olunur ki, 71 yaşlı çalışdırıcı qərb klubunda bir ilə 850 min avro qazanacaq. Həm "Turan Tovuz”, həm də Berdıyev üçün kifayət qədər yüksək məbləğdir. Sözsüz ki, klub rəhbərliyi bu rəqəmi təkzib edəcək, rusiyalı çalışdırıcının maaşının bundan dəfələrlə az olduğunu iddia edəcək. Belə yerdə ən yaxşısı gerçək müqaviləni ortaya çıxarmaqdır. Bu olmadıqca iddiaların da önünü kəsmək olmaz.
Təəssüf edirəm ki, "Turan Tovuz”da inkişaf etmək üçün təməli möhkəmləndirmək əvəzinə yaraşıqlı dam örtüyü vurmaq yolunu seçdi. Berdıyevin 850 min avroya dəyib-dəyməyəcəyini zaman göstərəcək. Bizə qalan xeyirlisini arzulamaqdır.
Amal Abuşov
Şərhlər