"Qərbin Ukrayna müharibəsi fonunda Moldovanın çağırışlarına cavab verməkdən başqa yolu yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoyun ölkəsinin rus qoşunlarının Dnestryanıdan çıxarılması üçün Qərb müttəfiqlərindən kömək istədiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Rusiyanın keçmiş sovet respublikalarında süni şəkildə yaradılmış münaqişə ocaqlarını idarə etmək və həmin regionda varlığını təmin etmək istəyi Moldovanın Dnestryanı bölgəsində qarşı tərəfin tələbi ilə aktiv fazaya keçməyə başlayır:
"Digər postsovet məkanlarındakı olduğu kimi bu münaqişənin də gec-tez alovlanacağı mütləq idi. Görünən odur ki, prosesə artıq start verilib. Moldova təbii olaraq öz ərazisi olan Dnestryanı bölgənin idarəçiliyini əlinə almaq istəyir. Qərbin Ukrayna müharibəsi fonunda Moldovanın çağırışlarına cavab verməkdən başqa yolu yoxdur və əslində bu, Qərbin istəyidir. Qərbin istər Moldova, istər Ukrayna, istərsə də Cənubi Qafqaz regionunda Rusiyanın varlığını minimuma endirmək planları bunu labüd edir".
Ekspert qeyd edir ki, Moskva da belə vəziyyətdə sakit qalmayacaq:
"Moskva Qərbin fəaliyyətini öz təhlükəsizliyinə təhlükə hesab etdiyi üçün Ukraynada müharibə aparır. Dnestryanı bölgə ilə birbaşa sərhədi olmasa da, əsas məsələ orda olan silah-sursatlardır. Ərazini qorumaq üçün yerli sakinlərdən istifadə etmək olar. Hesab etmək olar ki, Rusiya ona görə orda 1000-ə yaxın hərbi qüvvə saxlayır. Ehtiyac duyulan halda əlavə güc gətirmək vaxt məsələsi olar".
Həmsöhbətimiz deyib ki, böyük ehtimalla Rusiya yerli sakinlərdən lazımi gücü artıq formalaşdırıb:
"Moldovanın istəyi təbii ki, normal hal olsa da, Rusiyanın Dnestryanı bölgədən çıxması mümkün deyil. Açıq qarşıdurma isə tək Moldova yox, Rumıniyanın da münaqişəyə qoşulması deməkdir. Çünki Rumıniya Moldovanın sakinlərini öz soydaşları hesab edir. Bu durumda NATO ölkəsi kimi Rumıniyanın münaqişəyə qoşulması bilavasitə NATO-Rusiya qarşıdurması yaradır".
Azər Qasımov düşünür ki, NATO ilə qarşıdurmadan qaçmaq üçün Rusiya ilk anda Moldovaya özü bilavasitə hücum etməyəcək, hazırladığı yerli qrupları irəli çəkəcək:
"Rusiyanın ərazidən çıxarılması ancaq Ukraynanın dəstəyi ilə ola bilər. Bu, daha məqbul yol ola bilər, amma bunun üçün Ukraynaya daha çox hərbi dəstək gərəkdir. NATO bu yolla açıq qarşıdurmadan qaça bilər".
Qeyd edək ki, Moldova rus qoşunlarının Dnestryanıdan çıxarılması üçün müttəfiqlərdən kömək istəyib. Bunu Moldovanın Dnestryanı məsələləri ilə tanış olmaq üçün səfərə gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri Yan Borçla birgə keçirdiyi brifinqdə ölkənin baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy deyib:
"Moldova Rusiya hərbçilərinin Dnestryanı bölgədən çıxarılması tələbini davam etdirəcək və bu məsələdə xarici tərəfdaşlarından kömək gözləyir".
Rüfət Sultan
Şərhlər