20 keçisini sataraq əldə etdiyi pulu əyləncəyə xərcləyən şəxs heyvandarlıqla məşğul olan fermerlərə qarşı dələduzluqda ittiham olunub.
Qaynarinfo-nun məlumatına görə, 28 avqust 1995-ci il təvəllüdlü, Şəki rayonu Aşağı Layısqı kənd sakini Elmin Sutayevə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlum olub ki, o, ötən il saxladığı 20 baş keçini sataraq əldə etdiyi gəliri Bakı şəhərində, eləcə də Şəki, Qax və digər rayonlardakı restoranlarda əyləncəyə xərcləyib
Daha sonra təqsirləndirilən şəxs heyvan alqı-satqısı adı ilə müxtəlif şəxslərə qarşı da dələduzluq edib. Belə ki, Qax şəhər sakini Tural adlı fermerdən 4 baş keçi alaraq 800 manat, Qax rayonunun Qum kənd sakini Ceyhun adlı şəxsdən 6 baş quzu alaraq 1.200 manat, Qax rayonunun Alatəmir kənd sakini Nika adlı şəxsdən 13 baş xırdabuynuzlu heyvan alaraq 2.270 manat, Qaxbaş kənd sakini Elşəndən isə 1.000 manat məbləğində vəsaiti ələ keçirib.
O, zərərçəkmişlərdən əldə etdiyi vəsaiti əyləncələrə xərcləyib.
Məhkəmənin hökmünə əsasən, Elmin Sutayev 1 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Aydın
Şərhlər