Xəbər lenti

İdman 15:50 11.03.2024

"Karvan"ın baş məşqçisi: "Həmin gün sanki rəqibin bütün təhlükəli hücumları..."

Çıxış etdiyi Birinci Liqanın son iki turunda uduzan "Karvan”da işlər qaydasında getmir. Qarşısına çempionluq hədəfi qoyan Yevlax təmsilçisi ötən həftə "Şamaxı”dan altı cavabsız qol buraxdı. Hədəfə gedən yolda ardıcıl iki məğlubiyyət alan komanda işini bir qədər çətinləşdirsə də, həyata keçirdikləri sonuncu transferlə ümidlərini itirmirlər. 

Baş məşqçi Kənan Kərimov hədəflər, komandanın hazırkı davamiyyəti və xüsusən də heyətdəki əcnəbi transferlərin səviyyəsi haqda Qaynarinfo-ya danışıb:

"Gözləmədiyimiz halda, evdə acı məğlubiyyət yaşadıq. Bizim üçün şok məğlubiyyət oldu. Düzdür, əsas heyətin üç futbolçusu oynamır. Amma bu, bəhanə deyil. Üç futbolçumuzun olmamasına baxmayaraq, çempionatda bizi 6:0 hesabı ilə məğlub edən rəqib yox idi. Həmin gün sanki rəqibin bütün təhlükəli hücumları qolla nəticələndi. Tez bir zamanda oyundan qopduq. Qapımızda ardıcıl iki qol gördükdən sonra komanda ruhdan düşdü, toparlanmaq çətinləşdi. Çalışmalıyıq ki, gələn oyunlarda maksimum nəticə qazanaq. Çempionluq şansımız var. Qarşıda 11 tur qalıb. Nələr olacağını heç kim deyə bilməz. Gedişat onu göstərir ki, çempionluq uğrunda mübarizə son tura qədər davam edəcək. Rəhbərlik qarşımıza çempionluq hədəfi qoymasa da, maksimum nəticə göstərib yüksək yerlərdə qərarlaşmağa çalışırıq”.

Kərimov həm yeni, həm də heyətdəki digər əcnəbilərin səviyyəsindən də danışıb: 

"Yeni futbolçumuz hücumçudur. Bilirsiniz ki, oyunlarda üç legionerdən istifadə oluna bilər. Nəzər yetirsək, son turda ikisindən yararlandıq. Kinqslə Anqenoru sarı vərəqə limitinə görə oynada bilmədik. Bunu nəzərə alıb sırf üç deyil, altı legioner olmasını istərdik ki, komanda əziyyət çəkməsin. Bunun zədəsi, vərəqəsi var. Hücum mövqeyində problemlərimiz var, İsmael Sanoqodan gözləntilərimiz çoxdur. Digər legionerlərə gəlincə, səviyyələri, əlbəttə mənim üçün qaneedicidir. 
Bu gün Birinci Liqa səviyyəsində futbolçulardan istifadə ediriksə, bunda maliyyə çox önəmlidir. Klublarda maliyyə çox olanda, daha yaxşı və keyfiyyətli futbolçu alar. Bu legionerlər də Birinci Liqa səviyyəsində bizi qane edir. Premyer Liqaya vəsiqə qazansaq, çox güman ki, daha keyfiyətli futbolçular alacağıq”.

Məşqçi, Birinci Liqa üçün heyətdəki legionerlərin sayının çox olmasının səbəbinə də aydınlıq gətirib:

"Birinci Liqada çox böyük yerli futbolçu qıtlığı var. Keyfiyyət və qıtlıq problemi olmasa, düşünürəm ki, bu qədər legionerə ehtiyac olmaz. Birinci Liqada əksər komandalar legionerlərdən istifadə edir. Bu da qıtlıq və keyfiyyət problemindən irəli gəlir. İndiki vəziyyətdə xüsusən də yerli futbolçu tapmaq çox çətindir. Olarsa, əlbəttə, götürməyə çalışacağıq”.

O, çempionluq şanslarını dəyərləndirib və heyətlə bağlı hansısa dəyişikliklər gözlənilib-gözlənilmədiyi haqda sualı cavablandırıb:

"Əlbəttə, şansımız yaranmışdı. Düzdür, səkkiz xal fərq var. Amma qarşıda 11 tur qalıb, heç kim nə olacağını indidən deyə bilməz. Biz də ilk dəfə deyil ki, Birinci Liqada çıxış edirik. Prezidentlə danışığımız yüksək yerlərdə qərarlaşmaq, yaxşı komanda formalaşdırmaq barədə olub. Rəhbərlik lazımi şəkildə dəstək göstərir ki, komanda yaxşı yerlərdə olsun". 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->