Xəbər lenti

Şixəliyevin milyonluq əmlakı satışa çıxarıldı - Elə oğlu aldı
Ölkə 10:05 12.07.2024

Şixəliyevin milyonluq əmlakı satışa çıxarıldı - Elə oğlu aldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin müsadirə edilmiş əmlaklarının hərraca çıxarılması barədə bir müddət əvvəl məlumat vermişdik. Həmin vaxt Şixəliyevin ailə üzvləri icra məmurunun əmlakları hərraca çıxarmasına etiraz edib məhkəməyə müraciət etdilər. Yerli məhkəmələr məhkum şəxsin həyat yoldaşı və övladlarının verdiyi şikayətləri qanunun tələblərinə uğun olmadığı üçün geri qaytarmışdı. Qərardan sonra icra məmurunun sifarişi ilə dövlət nəfinə alınmış əmlaklar satışa çıxarılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müsadirə edilmiş əmlaklardan biri ilə bağlı hərracı Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev udub.

Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evi hərrac təşkilatı tərəfindən 1 milyon 174 min manata oğul Şixəliyevə satılıb. Artıq E.Şixəliyev həmin əmlakın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hakim müraciəti əsaslı hesab edib. Qərara əsasən, əmlak üzərindən həbs götürülüb.

Sözügedən əmlakın Elgün Şixəliyev üçün xüsusi əhəmiyyətini öyrənmək məqsədilə vəkili Ceyhun Yusifova müraciət etdik. Vəkil bu barədə danışmaqdan imtina etdi.

Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->