"İstanbul görüşündə diplomatik missiyaların tam tərkibdə fəaliyyət göstərməsi barədə razılığa gələ bilərlər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ və Rusiya nümayəndə heyətlərinin fevralın 27-də İstanbulda olması gözlənilən görüşü şərh edərkən deyib.
"Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbulda nəzərdə tutulan növbəti görüşü konkret bir məsələnin həllinə həsr olunub. Bu da diplomatik missiyaların fəaliyyətilə bağlı olan məsələdir. Ukraynada müharibə başlayandan Vaşinqtonla Moskva arasında diplomatik missiyaların fəaliyyətinin məhdudlaşdırılması yönündə müəyyən addımlar atılıb. Nəticədə diplomatik missiyaların say tərkibi azaldılıb", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimiz düşünür ki, Səudiyyə Ərəbistandakı birinci görüşdə də müzakirə predmeti olan məsələlərdən biri məhz diplomatik missiyaların fəaliyyətinə olan maneələrin aradan qaldırılması olub:
"İstanbulda isə konkret olaraq həmin istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Bu görüşdə diplomatik missiyaların tam tərkibdə fəaliyyət göstərməsi barədə razılıq əldə oluna bilər. Gələcəkdə ola bilər ki, diplomatik qurumların fəaliyyətilə bağlı texniki məsələlər də həll olunsun".
Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də İstanbulda görüş keçirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyətinə maneələrin aradan qaldırılması məsələsi müzakirə olunacaq.
Bu arada İstanbulda Rusiya-ABŞ görüşündə nümayəndə heyətlərinin rəhbərləri məlum olub. Görüşdə Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dəkı gələcək səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avrasiya üzrə köməkçisinin müavini, üç il Rusiyada işləmiş Sonata Kulter rəhbərlik edir. Danışıqların beş-altı saat davam edəcəyi gözlənilir.
Rüfət Sultan
Şərhlər