NASA alimlərin illərdir güvəndiyi fizika qanunlarına qarşı çıxan və kvant reallığının əsl mahiyyəti ilə bağlı suallar doğuran mühüm elmi açıqlama verib.
Qaynarinfo xəbər verir ki, "Ecoticias"ın məlumatına görə, Toronto Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində əvvəllər yalnız nəzəri konsepsiya hesab edilən "mənfi zaman" kvant mexanikası vasitəsilə ölçülə bilib.
"Mənfi zaman" artıq ölçülə bilir
Onilliklər ərzində "mənfi zaman" fenomeni yalnız işıq dalğalarının maddələrlə qarşılıqlı təsirində baş verən təhriflərin nəticəsi kimi qiymətləndirilirdi. Lakin Efraim Ştaynberq və Daniela Anqulonun rəhbərliyi ilə aparılan son təcrübələr bu yanaşmanı sarsıdıb.
Alimlər fotonların atomlarla qarşılıqlı təsir müddətlərini - işığın udulması və əks olunması zamanı yaranan qısa "oyanma" intervallarını - ölçüblər. Bəzi hallarda bu zaman intervallarının sıfırdan az olduğu müşahidə edilib.
Sürpriz nəticə: Zaman səyahəti istisna edilir
Ştaynberq bildirib ki, bu nəticələr zaman səyahətinin və ya fizika qanunlarının pozulmasının mümkünlüyünü inkar edir. Anqulonun komandası fotonların maddəyə tam daxil olmadan ondan çıxmış kimi davrandıqları zaman intervallarını analiz edərkən, gözlənilməz nəticələrlə qarşılaşıb. Bu isə xüsusi nisbilik nəzəriyyəsinin tələblərinə zidd olmasa da, zaman anlayışına dair ümumi təfəkkürü sual altına qoyur.
Kvant mexanikasının sərhədsizliyi
Araşdırma göstərir ki, kvant fizikasında zaman davranışı klassik düşüncədən fərqli olaraq daha sərbəst və ehtimala əsaslanır. Foton kimi hissəciklər qeyri-müəyyənlik daşıyır və müxtəlif kvant halları eyni vaxtda mövcud ola bilər, bu isə zamanın xətti axınına ziddir.
Ştaynberq qeyd edib ki, onların məqsədi fizikanı yenidən yazmaq deyil, sadəcə kvant ölçmələrinin klassik gözləntilərdən nə qədər uzaq olduğunu göstərməkdir.
Elm ictimaiyyətində mübahisələr başlayıb
Bu nəticələr elmi dairələrdə geniş müzakirələr doğurub. Tanınmış fizik Sabina Hossenfelder "mənfi zaman” ifadəsini çaşdırıcı adlandıraraq bunun fotonların faza sürüşməsi ilə izah olunduğunu və zamanın əsas xüsusiyyəti olmadığını bildirib.
"Bu termin klassik düşüncəyə meydan oxumağa məcbur edir və yeni tədqiqatlara yol açır. Kəşf göstərir ki, kvant fizikası bəzən sağlam düşüncəyə zidd gedə bilər”, deyə nəşr vurğulayıb.
Aydın
Şərhlər