Xəbər lenti

Dünya 21:21 15.01.2025

"İrəvanın Qərbə sığınmaqdan başqa yolu qalmayıb" - Ekspert

"Bu kimi addımlar Qərbin Ermənistanda möhkəmlənməsi, Rusiyanın isə buradan uzaqlaşdırılması məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-ın sərhəd təhlükəsizliyi məsələsində birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyilə bağlı dövlət katibi Entoni Blinkenin bəyanatını şərh edərkən deyib.

"Bu addımın Azərbaycana hər hansı bir aydiyyatı yoxdur. Çünki Azərbaycanda hər  hansı bir ölkənin xarici qoşunları yoxdur. Ermənistanda isə xarici qoşunlar qalmaqdadır. Onun Türkiyə ilə sərhədini Rusiya qoşunları qoruyur. Bundan əlavə, Rusiyanın Gümrüdə də hərbi bazası var", deyə Mehman Əliyev bildirib.
 


Ekspert qeyd edir ki, Avropa İttifaqı müşahidəçilərinin yerləşməsi, Rusiya sərhədçilərinin İranla sərhədindən uzaqlaşdırılması, aeroportdan çıxarılması  kimi proseslər Rusiyanın tədricən Ermənistandan çıxıb gedəcəyinə işarədir: 
 
"Onu isə Ermənistanda Qərb qüvvələri əvəz edir. Bu da sonda Qərbin Ermənistanda müəyyən dərəcədə hərbi iştirakına, təmsilçiliyə gətirib çıxaracaq. Ermənilərdə rusların getməsilə gələcəkdə Türkiyə tərəfdən nəyinsə baş verə biləcəyi xofu var. Ona görə də prinsipcə İrəvana zəmanət  verilir ki, rusların getməsindən narahat olmasınlar, onların yerini Qərb tutacaq. Bir sözlə, tədricən Ermənistandakı rus qüvvələrini Qərb qüvvələri əvəz etməyə başlayır. Gələcəkdə onların təhlükəsizliyinin  təminatçısı Qərb olacaq".

Qeyd edək ki, ABŞ sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat  Mirzoyanla görüşündə bildirib. 

"Xüsusi sərhəd təhlükəsizliyi qrupu gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə birgə işləmək üçün Ermənistana səfər edəcək. Biz bu istiqamətdə müvafiq işi gücləndirəcəyik", deyə Entoni Blinken bildirib.  

Bildirildiyinə görə, xüsusi sərhəd təhlükəsizliyi qrupu Ermənistanın İranla  sərhədində fəaliyyət göstərəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->