"Rusiyanın Zəngəzur dəhlizilə bağlı mövqeyini dəyişdirmək üçün İran Moskvaya münasibətdə hər hansı bir təsir rıçaqlarına malik deyil”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli Moskvanın Zəngəzur dəhlizilə bağlı tutduğu mövqedən narazılıq edən İranın cavab tədbiri olaraq Rusiyanın Ukrayna məsələsində yürütdüyü siyasəti dəstəkləməyi azaldıb-azaltmayacağı barədə suala cavabında deyib:
"İran Zəngəzur dəhlzilə bağlı ümumiyyətlə heç nə edə bilməyəcək. O, burada prosesə maneə olmaq gücündə deyil. İran atılıb düşəcək, amma Zəngəzur dəhlizi Rusiyanın, müəyyən mənada da ABŞ və Avropanın təzyiqi altında açılacaq. İran sadəcə olaraq, boş-boşuna hay-küy qaldırır. Bunu Tehranda da gözəl bilirlər”.
Ekspert deyir ki, Putin Bakıda səfərdə olarkən Zəngəzur dəhlizinə açılmasına razılıq verməsi fonunda İran rəsmilərinin hay-küyü sadəcə olaraq daxili auditoriyaya hesablanmış addımdır:
"Bu istiqamətdə Tehran Moskvaya hansısa bir təzyiq edə bilməz. Onun Rusiya kimi dövlətə təzyiq etmək gücü yox dərəcəsindədir. Moskvanın belə bir mövqe sərgiləməsinə cavab olaraq İranın Ukrayna məsələsində Rusiyaya dəstəyi azaldacağı da bu mənada real görünmür. İran Rusiyanın dəhliz məsələsində tutduğu mövqeyə görə ona raketlər verməyi dayandırmayacaq”.
Çünki ekspertə görə, bu addımın atılması Rusiyadan daha çox İranın özünə ziyan vura bilər:
"Belə ki, sanksiyalar altında olan İran böyük ehtimalla verdiyi raketlər müqabilində Rusiyadan özü üçün vacib olan hansısa vasitələr alır. Belədə sanksiyalardan müəyyən dərəcədə də olsa özünü sığortalaya bilir. Raket verilməsinin dayandırılması isə bu mənada Rusiyanın İrana verdiyi dəstəyin də itirilməsi anlamına gələ bilər. Belədə, görünən odur ki, Rusiyanın Zəngəzur dəhlizilə bağlı mövqeyini dəyişmək üçün İran Moskvaya münasibətdə hər hansı bir təsir rıçaqlarına malik deyil”.
Qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinin açılmasına müsbət reaksiyası İranda hələ də narazılıqla qarşılanmaqdadır. İran rəsmiləri, parlament üzvləri bir-birinin ardınca Rusiyanın tutduğu mövqeyi tənqid atəşinə tutmaqda davam edir. Bununla da özlərini elə göstərirlər, sanki Rusiyanın mövqeyinin qarşısını almaq gücündədirlər. Əslində isə İran özü də anlayır ki, sözügedən dəhlizin işıq üzü görməsinin qarşısını ala bilməyəcək.
Rüfət Sultan
Şərhlər