Xəbər lenti

İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı
Dünya 20:30 01.04.2026

İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı

Kioto Universitetinin alimləri müəyyən ediblər ki, şimpanzelər predmetlərə vurma hərəkətlərini vokal səslərlə birləşdirərək ritmik musiqi yarada bilirlər. Bu tapıntı insanlarda musiqi qabiliyyətinin təkamülünü anlamaq üçün mühüm açar hesab olunur. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Annals of the New York Academy of Sciences" (ANYAS) jurnalında dərc edilib.

Araşdırmanın mərkəzində 26 yaşlı Ayumu adlı erkək şimpanze dayanıb. Alimlər müşahidə ediblər ki, o, əvvəl primatlarda müşahidə edildiyi kimi sadəcə çubuqlarla və ya digər əşyalarla səs çıxarmır, əksinə, vokal səslərlə müşayiət olunan real "musiqi kompozisiyaları” yaradır.

2023-cü ilin fevralından 2025-ci ilin martına qədər Ayumu təxminən 90 belə spontan "çıxış” nümayiş etdirib. O, müntəzəm şəkildə yol örtüyünün taxta hissələrini sökərək onları müxtəlif səslər əldə etmək üçün istifadə edib.

Tədqiqatçılar qeyd ediblər ki, Ayumunun zərbə ardıcıllığı və aralarındakı fasilələr təsadüfi olmayıb — ritm sabit qalıb və demək olar ki, metronomu xatırladıb. Bu isə göstərir ki, primatın vokal vasitəsilə ifadə etdiyi emosiyalar tədricən instrumental səslərə çevrilib.

Alimlər Ayumunun davranışını zərbə, sürükləmə və predmetləri atma kimi kateqoriyalara bölərək ətraflı təhlil ediblər. Xüsusilə bu hərəkətlər arasındakı keçidlər araşdırılıb: hansının təsadüfi, hansının isə məqsədli olduğu müəyyənləşdirilib. Bundan əlavə, şimpanzenin "ifa” zamanı mimikasının müşahidəsi onun müsbət emosiyalar yaşadığını göstərib və bu çıxışların emosional xarakter daşıdığını təsdiqləyib.

Daha əvvəl arxeoloqlar qədim insanların musiqi praktikasını bərpa etməkdə çətinlik çəkirdilər, çünki həmin dövrdə zərb alətləri ağac və heyvan dərisi kimi tez sıradan çıxan materiallardan hazırlanırdı. Şimpanzelərin davranışı isə musiqinin mümkün mənşəyinə işıq salır: musiqi vokal və alətlərin birləşməsi vasitəsilə emosiyaların ifadəsi kimi yaranmış ola bilər.

Tədqiqatçıların fikrincə, bu kəşf primatların akustik davranışları ilə insanın musiqi yaratmaq qabiliyyəti arasında təkamül bağlılığını vurğulayır. Bu, musiqi təfəkkürü və emosional ifadəliliyin yalnız insana xas xüsusiyyət olmadığını, uzun təkamül prosesinin nəticəsi olduğunu təsdiqləyir.

Aydın
--> -->