Qış fasiləsində keçmiş futbolçu, hazırda milli komandaların skautu kimi fəaliyyət göstərən İlqar Qurbanov da Türkiyəyə yollananlar sırasında idi. Klublarımızın oyunlarını, aldıqları yeni futbolçuları izləyən Qurbanov həm də işi ilə əlaqədar görüşlər keçirib.
O, Qaynarinfo-ya Türkiyə səfəri ilə bağlı təəssüratlarını bölüşüb:
"Məqsəd hansı yeniliklərin olduğunu öyrənmək idi. Klublarla görüşdüm, praktika qazanamaq, özümü inkişaf etdirmək istəyirəm. Bu, mənim üçün çox vacibdir. Çünki futbol həmişə yenilənir. Yeni sxemlər, taktikalar olur. Sürətlə oxumaq lazımdır. Eyni zamanda klublarımızın təlim-məşq toplanışını, oyunçuları da izləyirdim. Bir də Ayaz Quliyevlə görüşüm oldu. Mənim sahəmdə ən vacib olan əlaqələrdir. Klub prezidentləri, idman direktorları, skautlarla əlaqələrim olmalıdır. Antalyada bir çox klublardakı həmkarlarımla əlaqələr qurmaq mümkündür. Gələcək planlarımda idman direktorluğu, skaut kimi fəaliyyət göstərmək olduğu üçün belə səfərlər edirəm”.
Qurbanov AFFA-nın milli pasport vermək istədiyi Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə görüşdüyünü də deyir:
"Hələlik yenilik yoxdur. Millidə oynamaq istəyi var, buna müsbət yanaşır. Amma pasport məsələsində problem yaşayır. Mən onun tərəfdarıyam ki, legioner həyatı yaşasın, həm də yığmamızda oynasın. Ölkəyə qayıtmasının tərəfdarı deyiləm. Belədə milliyə daha çox fayda verər. Perspektivli futbolçudur. Neçə illərdir Rusiya Premyer Liqasında oynayır. Faydalı olma ehtimalı yüksəkdir. Əlbəttə, buna baş məşqçi qərar verməlidir. O, milliyə dəvət ediləndə formada olmalıdır. Daim meydana çıxmalı, oyun tonusunu itirməməlidir. Pasport probleminin yoluna qoyulması özündən asılıdır. Kökəni azərbaycanlıdır. Azərbaycan pasportunu alarsa, Rusiyada legioner sayılacaq və klubunda ona problem yaranacaq. Belədə braziliyalıya üstünlük verərlər, nəinki azərbaycanlıya. Hansısa Azərbaycan klubundan təklif alıb-almamasına gəlincə, bu barədə konkret nəsə demədi. Özü də Azərbaycan çempionatında oynamağa isti yanaşmır. Rusiyada oynamağın tərəfdarıdır. Normal şərtlərdə başqa klubla müqavilə bağlasa, pasport problemi həll olunar”.
Milli komandalarımızın skautu "Xəzər Lənkəran”ın sabiq hücumçusu İvan Tsvetkov və başqa tanınmış həmkarları ilə görüşdüyünü söyləyir:
"Onların necə işlədiklərini gördüm. Avropa klublarının niyə uğurlu olmasına, gənc oyunçular oynatmasına biz həmişə təəccüblənirik. Necə olur ki, tez-tez oyunçular satırlar, uğurlu olurlar. Onların iş sistemini görəndən sonra "Qarabağ”dan başqa niyə digər komandalarımızın uğursuz olduğunu anlamaq mümkündür. Struktura malik klubların uğurlu olmamaq ehtimalı yoxdur. Slovakiya klubu DAC-ın idman direktoru, həmçinin Hannover 96-nın məşqçilər heyəti ilə görüşdüm. Orada olduğum 4-5 gün mənim üçün çox səmərəli keçdi. Demək olar, hər gün 3 oyun izləyirdim”.
Qurbanov Türkiyədə yerli və miliyə cəlb edilə biləcək futbolçuların da oyunlarını izlədiyini deyir:
"Yerli futbolçularıımızdan Emil Mustafayev orada idi. "Oleksandriya”da forma geyinir. Eşitdiyimə görə, ona Azərbaycandan təkliflər var. Sevindirici hal idi ki, görüşdüyüm menecerlərdən bir çoxu Musa Qurbanlı, Tural Bayramov, Emin Cəfərquliyev haqda soruşurdular. Daha çox "Qarabağ”ın futbolçuları ilə maraqlanırlar. Əvvəllər bizdən heç kimi soruşmurdular. Ancaq çempionatımızın səviyyəsi aşağı olduğuna görə menecerlərdə o qədər də maraq doğurmur və izləmirlər. Sadəcə, beynəlxalq yarışlarda yaxından izlənmə ehtimalımız var. Avropada başqa çempionatlarda çıxış edən braziliyalıları, portuqaliyalıları daha çox izləyirlər. Onlarda başqa sistemdir. Biz həmin sistemə nə vaxt gedib çıxacağıq, bunu Allah bilir. Stabil klublar, işçilər, futbolu daha çox bilənlər olmalıdır. Məsələn, "Ludoqorets”in rəsmiləri ilə görüşdüm. Hamısı keçmiş futbolçular olub. Biri idman direktoru, biri skaut və sair vəzifələrdə fəaliyyət göstərirlər. Məsələn, İvan Tsvetkov hücumçu olduğu üçün bu mövqe üzrə skautdur. "Ludoqorets” hər il Avropada oynayan klubdur, necə oyunçu alıb satdıqlarını bilirik. Əslində, burada təəccüblü heç nə yoxdur. Sadəcə, düzgün sistem qurublar. Hərə öz işini görür. Aşağı yaş qruplarına daha çox maliyyə ayrılır. Təəssüf ki, bizdə aşağı yaş qrupları demək olar, yox səviyyəsindədir, sıfıra bərabərdir. Ona görə də nəsə gözləmək xəyaldır. Camaat gedir, Macarıstanın ikinci liqasından gənc oyunçu alır. Azərbaycanda isə Premyer Liqada gənclərə, demək olar, şans verilmir. Bizdə də yaxşı futbolçular olub, sadəcə, düzgün yönəndirilməyib və yetişdirilməyiblər”.
Sabiq müdafiəçi qarşıda kurslar olacağını və orada iştirak etmək istədiyini deyir:
"Qarşıdakı aylarda kurslar keçiriləcək. İnşallah, təkliflər olsa, iştirak etmək fikrindəyəm. Görüş zamanı Tsvetkov məni "Ludoqorets”ə çağırdı. Belə səfərlər mənim üçün çox vacibdir. Yenilikləri sürətli şəkildə öyrənmək, özümü inkişaf etdirmək istəyirəm ki, sabah daha rahat işlər görüm. Futbola faydam toxunsun”.
O, skaut şirkəti qurmaq üçün maraqlanıb təklif edənlər olduğunu da bildirir:
"Belə şirkəti qurmaq üçün təklif edənlər var. Ancaq maliyyə lazımdır. Bundan başqa, futbolçu seçə bilən "gözlər” olmalıdır. Hələ ki, istədiyim kimi edə bilmirəm. Skaut olmaq istəyənlər, maraqlananlar var. Klublar bu məsələyə ciddi yanaşmalıdırlar. Çox gecikmişik. Transferlər zamanı səhvlər çox olur. Ən azı bunun qarşını ala bilərlər”.
Millimizin sabiq üzvü klublarımızın qış transferləri haqqında fikirlərini də diqqətə çatdırır:
"Çox transferlər olmadı. "Qarabağ” hələlik iki futbolçu alıb. Adama Diakabi yaxşı futbolçu olub, sonra eniş yaşayıb. Amma "Qarabağ”a gələn futbolçuların çoxu sonradan inkişaf edib. Diakabinin potensialı çox yüksəkdir. Əlbəttə, bu potensialı açmaq vaxt istəyir. Diakabini tanıyıram, onu izləmişəm. O zaman nəsə gözləyərəm. Boş vaxtlarımda oyunçu izləyirəm. Nə qədər çox oyunçuya baxsam, o qədər rahat olar mənim üçün. "Qarabağ”ın digər transferi Yassin Benzianı Türkiyə çempionatından tanıyıram. Kadi Borqes tərzində futbolçudur. Bu tərz oyunçular həmişə Azərbaycanda diqqət çəkir. Zədələnməsə, komandasına çox faydası dəyəcək. Alban Redon Cicanı isə izləməmişəm. "Neftçi”nin transferlərindən isə sözün düzü, heç nə gözləmirəm. Digər klubların transferlərini də yaxşı tanımıram. Qış fasiləsində alınan futbolçuların yaxşı çıxma ehtimalı çox azdır. Çünki daha çox boşda qalan və oynamayan futbolçular olur. Qış fasiləsində transfer etməməyə çalışmaq lazımdır. Maksimum lazım olan bir-iki futbolçu alsınlar. İndidən yay üçün çalışılmalıdır. Skautlar olmalıdır ki, futbolçuları izləsinlər. Çempionatın başlamasına 3 gün qalmış oyunçu almazlar. Həm də Azərbaycana sonuncu variant kimi baxırlar. Klubları da qınamaq olmur. Təklif göndərilən futbolçuların əksəriyyəti Azərbaycanda oynamaq istəmir”.
Səbuhi Həsənov
Şərhlər