"Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırdı. Evdə 1:0 hesabı ilə məğlub etdiyi Belçika təmsilçisi "Gent”i səfərdə keçə bilməyən Ağdam təmsilçisi penaltilər seriyasında məğlub oldu.
Komandanın sabiq üzvlərindən olan, hazırda milli komandaların skautu kimi fəaliyyət göstərən İlqar Qurbanov Qaynarinfo-ya açıqlamasında Ağdam təmsilçisinin məğlubiyyətinin səbəblərindən danışıb:
"Sağ olsunlar, yenə də bu mərhələyə qədər gəlib çıxdılar. Keçiləsi rəqib idi, təəssüf ki, alınmadı. Həmişəki kimi "Qarabağ”dan daha yaxşı nəticələr gözləyirik. Nə çatmadı deyəndə, düzdür, analiz etmək bizə düşməz. Amma futbol adamıyıq, istər-istəməz danışmalıyıq. Komanda səhv etdi, deməyək. Sadəcə, fasilədə gedənlərin yerinə aldıqları futbolçuların tam uyğunlaşmaması, deyərdim ki, növbəti mərhələyə keçməyə mane oldu. Gələn futbolçular hazır deyildilər. 100 faiz görünürdü ki, uzun müddət oynamayıblar. "Gent” bütün gücünü ikinci hissəyə saxlamışdı. Birinci hissədə "Qarabağ”ın yarımmüdafiə və müdafiə xəttindəki futbolçuları yormaq istəyirdilər. Bilirdilər ki, mərkəz xətti güclüdür. Bu səbəbdən həmlələrini ikinci hissədə etdilər. İlk hissənin əvvəlində Bəhulun şansı var idi, amma qol vura bilmədi. Hücum xəttində istədiyimiz alınmadı. İkinci hissədə meydana daxil olanlardan Redon Cica çox həyəcanlı görünürdü. Onun çox top itkiləri oldu. Azərbaycan çempionatı ilə avrokubok oyunları çox fərqlidir. Oyunu gücləndirə bilmədilər. Həm də araşdırmama əsasən deyə bilərəm ki, "Gent”in Bakıdakı oyunda zədəliləri çox idi. Çünki Belçikadakı oyunda xeyli yeni futbolçu buraxmışdılar meydana. Sol cinah müdafiəçiləri fəal idi, Veşoviçi yordu. "Qarabağ”dan gedən oyunçuların yeri dolmayıb. Kadinin, bəyənmədiyimiz Ovusunun yeri görünür. Avropa oyunlarında fiziki güc ön plana çıxır. Azərbaycan çempionatı həmişə başaldadandır. Bir balaca yüksək temp olan kimi, hamı deyir inkişaf var. Amma görürsən ki, Belçika çempionatında 5-ci yerdə gedən komanda bizimkilərdən fiziki cəhətdən güclüdür. İndi nə edirsən et, futbolda sürət və fiziki göstəricilər daha önəmlidir”.
Səbuhi Həsənov
Şərhlər