Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 milyard 407 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azdır. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon dolları ixracın, 4 milyard 5 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 15,4 faiz, idxal isə 29,3 faiz azalıb.
Ticarət dövriyyəsinin azalmasının səbəbi nədir? İdxaldakı 29,3 faizlik geriləmə nə ilə izah olunur?
Qaynarinfo-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanın ixrac strukturunda əsas pay neft məhsullarına məxsusdur:
"2026-cı ilin birinci rübündə neft hasilatında təxminən 25 faizə qədər azalma müşahidə olunub. Bu isə ölkənin əsas ixrac məhsulu olduğuna görə ümumi ixrac həcminin aşağı düşməsinə səbəb olub".
İqtisadçı idxalın 29,3 faiz azalmasını isə bir neçə amillə əlaqələndirib:
"İlk növbədə, regionda davam edən müharibələr və qeyri-sabitlik idxala təsir göstərir. Digər tərəfdən, ilin başlanğıcı ilə əlaqədar bəzi məhsullara tələbatda azalma müşahidə olunur ki, bu da idxalın həcmini aşağı salır. Bundan əlavə, ilk rübdə bayram günlərinin çoxluğu səbəbindən əhali daha çox ərzaq məhsullarına üstünlük verir, digər xərclər isə azalır. Bu da idxalın daralmasına təsir edən amillərdəndir. Eyni zamanda, maliyyə ilinin yeni başlaması səbəbilə dövlət satınalmalarına hələ start verilməməsi və investisiya xərclərinin gecikməsi də idxal səviyyəsinə mənfi təsir göstərir".
Ekspertin sözlərinə görə, mövcud azalma müvəqqəti xarakter daşıyır:
"Hesab edirəm ki, növbəti rübdə bu göstəricilər qismən bərpa olunacaq. Həm ixrac, həm də idxalda müəyyən artım müşahidə edilə bilər”.
Günay İlqarqızı
Şərhlər