Çinin ÜDM-i (Ümumi Daxili Məhsulu) 2026-cı ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Çin Milli Statistika Bürosu tərəfindən açıqlanıb.
Birinci rübdə qeydə alınan artım Yaxın Şərqdəki müharibənin mart ayı göstəricilərinə mənfi təsir göstərməsinə baxmayaraq, hökumətin 2026-cı il üçün müəyyən etdiyi "4,5–5 faiz” aralığındakı hədəfə uyğun inkişaf edib.
Rüblük müqayisədə isə ÜDM ötən ilin dördüncü rübü ilə müqayisədə 1,3 faiz artım göstərib. Xatırladaq ki, Çin iqtisadiyyatı 2025-ci ilin son rübündə illik bazda 4,5 faiz, ümumilikdə isə il ərzində 5 faiz böyümüşdü.
Qurumun direktor müavini Mao Şıngyong bildirib ki, Çin iqtisadiyyatı ilə bağlı göstəricilər ilin əvvəlində müsbət olsa da, xarici mühitin getdikcə mürəkkəbləşməsi və daxildə təkliflə zəif tələb arasındakı disbalans artımın daha da möhkəmləndirilməsini zəruri edir.
İstehsal və istehlakda artım zəifləyib
Mart ayına dair statistikaya əsasən, müharibənin təsiri fonunda istehsal və istehlak artımı ilin ilk iki ayı ilə müqayisədə zəifləyib, investisiyalarda isə geriləmə qeydə alınıb.
İllik dövriyyəsi 20 milyon yuanı (təxminən 2,9 milyon dollar) aşan sənaye müəssisələrinin istehsalını əhatə edən sənaye istehsalı mart ayında illik 5,7 faiz artıb. Bu göstərici yanvar-fevral aylarındakı 6,3 faiz artımdan aşağıdır.
Pərakəndə satışlar isə mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq ilk iki ayda qeydə alınan 2,8 faiz artım tempindən geri qalıb.
İnvestisiyalarda geriləmə müşahidə olunur
İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıqları əhatə edən əsas kapitala yatırımlar ilin ilk üç ayında 1,7 faiz artıb. Bu isə ilk iki ayda qeydə alınan 1,8 faizlik artımdan aşağıdır.
Son üç ildə davam edən geriləmənin təsiri ilə daşınmaz əmlak sektorunda azalma bu ilin ilk rübündə də davam edib. Bu sahəyə yatırımlar ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz azalıb.
Eyni zamanda, investor inamının göstəricisi sayılan özəl sektor investisiyaları da ilk rübdə illik bazda 2,2 faiz geriləyib.
Şəhərlərdə işsizlik səviyyəsi isə 2025-ci ilin fevral ayının sonunda 5,3 faiz olduğu halda, mart ayının sonunda 0,1 faiz bəndi artaraq 5,4 faizə yüksəlib.
BVF artım proqnozunu aşağı salıb
Beynəlxalq Valyuta Fondu 14 aprel tarixində açıqladığı hesabatda Çinin 2026-cı il üzrə iqtisadi artım proqnozunu zəif daxili iqtisadi aktivlik və İranla bağlı münaqişənin təsirləri səbəbindən 4,5 faizdən 4,4 faizə endirib.
Fond Yaxın Şərqdəki müharibənin enerji qiymətlərini artıraraq xammal xərclərindən inflyasiya gözləntilərinə qədər qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayıb və ABŞ, Avrozonaya daxil ölkələr də daxil olmaqla digər böyük iqtisadiyyatlar üçün də artım proqnozlarını aşağı salıb.
Hörmüz boğazında gərginlik qlobal ticarətə təsir edir
ABŞ və İsrailin İrana hücumları, həmçinin İranın cavab addımları nəticəsində Basra körfəzində gərginlik artıb. Bu fonda qlobal enerji və ticarət üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə məhdudlaşıb.
Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq və İranın enerji resurslarını dünya bazarına çıxaran bu marşrut dünya neft ticarətinin təxminən 25 faizinin, mayeləşdirilmiş təbii qazın 20 faizinin və gübrə ticarətinin 30 faizinin daşınmasında əsas rol oynayır.
Çinin idxal etdiyi neftin təxminən 45 faizi, mayeləşdirilmiş qazın isə 30 faizi məhz bu marşrut vasitəsilə ölkəyə çatdırılır.
Boğazda tanker hərəkətinin məhdudlaşması qlobal neft tədarükündə fasilələrə və qiymət artımına səbəb olub.
Günay
Şərhlər