Hazırda müqəddəs Ramazan ayıdır və bu məqsədlə axşamlar imkanlı adamlar iftar süfrəsi təşki edir. Həmin tədbirlərin sosial şəbəkələrdə paylaşılan fotolarından görünür ki, iftar süfrələrində oruc tutanlarla müqayisədə oruc tutmayanlar üstünlük təşkil edir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır, hətta bəzən müzakirələrə səbəb olur.
Ümumiyyətlə, İslam dini bu barədə nə deyir? İftar süfrələrinə kimlər dəvət oluna bilər?
Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu Qaynarinfo-ya bildirib ki, iftar süfrəsi oruc tutanlar üçündur:
"Yəni, onlar həmin süfrədə iftarını açsınlar. Burda bir mübahisə yoxdur. Amma həm də iftar süfrələrinə oruc tutmayanlar da dəvət olunur. Bununla bağlı dində bir qadağa yoxdur. Bəzi insanlara sadəcə yemək vermək, bəzilərini isə yardımlaşmaq adına süfrəyə dəvət edə bilərsiniz. Nəticədə bu süfrə gözəl niyyətlə, yəni oruc tutanların iftar açması üçün təşkil olunub, orda oruc tutmayanların olmasının bir qəbahəti yoxdur”.
İlahiyyatçı alim Eşad Miri də hesab edir ki, iftar süfrələrinə hər kəs dəvət oluna bilər:
"Xüsusi şərt yoxdur, hər kəs dəvət oluna bilər”.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə qeyd edib ki, iftar süfrələrinin təşkil edilməsi müxtəlif mənada ola bilər:
"Xəstə və səfərdə olub, oruc tuta bilməyən müsəlmanlar "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər” ("Bəqərə” surəsi, ayə 184) deyə ayənin hökmünü yerinə yetirmək istəyərlər. Yaxud oruc tutan müsəlmanları bir araya gətirib, iftar süfrəsi açar, birlikdə ibadət və dualar edərlər. Demək olar ki, bu müzakirələr hər il cəmiyyətdə baş verir. Bir şeyi anlamaq çətin olur ki, niyə insanlar Ramazan ayının orucunu yalnız yemək-içməkdən imtina kimi anlayır? Müzakirələr də bu istiqamətdə davam etdirilir. Bir insan Ramazan ayı boyunca günahlarının bağışlanmasına nail ola bilməyibsə, ona günün bəlli saatlarında aclıq və susuzluqdan başqa bir şey qalmaz”.
Rəsul Mirhəşimli hesab edir ki, kimsənin süfrəsinə kimləri çağırmaq mövzusuna qarışmaq etik məsələ deyil:
"İftar süfrəsinə dəvət edən də bu işin təşkilatçısıdır. Kimsə öz evinə qonaq çağıranda, başqa biri çıxıb, "o adamı niyə çağırmısan?” deməsi nə qədər etikadan uzaqdırsa, bu məsələyə müdaxilə etmək olmur. Lakin oruc tutmayanlar da oruc tutmadıqları üçün həya edib, kiminsə qəlbinə toxunmadan dəvətdən imtina edə bilər. Bu da yenə hər fərdin öz seçiminə bağlıdır. Oruc tutmaq elə ibadətdir ki, oruc olduğunu Allahdan başqası bilməz. Başqa bütün ibadətlərin mənəvi cəhətləri ilə yanaşı, icra olunan bir şəkli var. Kənardan baxan bir müsəlmanın namaz qıldığını görə bilər, amma kənardan baxmaqla kiminsə oruc tutduğunu bilmək olmaz. Bir sözlə, bu mövzu elə həssasdır ki, sadə bir cizgini keçmək kiminsə şəxsi həyatına müdaxilə anlamına gələ bilər. Bu səbəbdən hər kəs öz qərarını Allahın rizasını qazanmaq üçün versin”.
Jurnalist Niyaz Niftiyev isə deyir ki, iftar süfrələrinə birmənalı olaraq oruc tutanlar dəvət edilməlidir:
"Oruc tutmayanlar özləri həya etməlidirlər, bu kimi dəvətlərdən mədəni formada imtina etməlidirlər”.
Bahar Rüstəmli
Şərhlər