(Hekayə)
Toydan bir neçə ay sonra anası oğluna: "A bala, heç yana çıxmayın, gül kimi bir yerdə yaşayırıq, daa!” - desə də Davud yüngülcə israr elədi:
- Ana, uzağa getmirik ki, öz evimizə köçürük, dəə. Sizə də belə rahat olar. Kirayəçilərə də demişəm, gələn aydan evi boşaldırlar, narahat olmayın, tez-tez gəlib-gedəcəyik. Maşın nədən ötrüdü, bəs? Həmişə gələcəyik. Həm də o ev Solmazın iş yerinə yaxındı.
Anası oğlunun bu fikrinə etiraz etsə də çox dirəşmək istəmədi:
- Olsun oğlum, qoy belə olsun, təki, sizə yaxşı olsun, təki bizdən incikliyiniz olmasın.
- Ay ana, nə inciklik? Sizi çox sevirik! – sonra zarafatla əlavə elədi – Mən də onu deyirəm daa, dalaşmamış ayrılaq.
- A bala, təki bizimlə siz dalaşasınız, – atası mehriban səslə söhbətə qarışdı, - yaxşı, o evi sahmana salıb köçərsiniz, xoşbəxt olun həmişə! Onsuz da daha kirayə puluna ehtiyacımız yoxdu, elə o evdə yüngülvari təmir işləri də aparmaq lazımdı.
- Həə, ay pa, - Davud kişinin rahat razılaşmasına sevindi, - fikrim var, ev boşalan kimi usta çağırıb əl gəzdirəcəyik.
Davudun var-yox Vaqif adlı bir qardaşı var, o da Rusiyada yaşayır. Rus qızı ilə ailə qurub, iki uşağı var, Bakıya əvvəlki kimi tez-tez gələ bilmir. Sözügedən o ikiotaqlı mənzili də bir vaxtlar Vaqif almışdı. Davud tələbə olanda atası həmin mənzildən gələn kirayə pulunu həmişə Davuda xərcləyirdi. Davud tələbələr arasında qeyri-adi biliyi ilə seçilirdi. Özü də bilirdi ki, o, gələcəyin çox güclü iqtisadçısı olacaq. Ali məktəbi bitirən kimi atasının bankda işləyən qohumu vasitəsilə banka işə düzəldi. Şəxsən tanış olub söhbətləşdikdən sonra bank rəhbərliyində Davuda qarşı maraq artmışdı. Buna görə onu çox tezliklə şöbə müdiri təyin etmişdilər.
Yeni mənzilə köçən günün axşamı Davud balaca uşaqlar kimi uzaqdan geniş yataq taxtına atılaraq o üz-bu üzə yumarlandı, ona baxıb gülən Solmaza əl elədi:
- Gəl görək ikimiz bir yerdə yumarlana biləcəyikmi burda?
Solmaz gülərək özünü uşaq kimi onun üstünə atdı. Onlar geniş yataqda biraz süpürüşdükdən sonra yan-yana uzandılar. Davud Solmaza tərəf çönüb:
- Söylə görüm, ey gözəl, niyə belə qəmginsən, sənin hansı dərdin var? – məzəli səslə soruşdu.
- Ey gənc, məlumun olsun ki, mənim heç bir dərdim yoxdu, - Davudun intonasiyası ilə cavab verdi, - allaha şükür, sənin kimi bir həyat yoldaşım var, yaşamağa evimiz, işləməyə işimiz! Daha nə istəyirsən, ey gənc?
Bu nağılvari söhbətdən sonra Solmaz səsini mülayim tona salaraq:
- Davud, əslində sən düz deyirsən, qəlbimin dərinliyində şübhəli bir kədər var. Yarım ilə yaxındı evliyik, ancaq uşaqdan bir səs-soraq yoxdu. Yaxşı ki, sənin anan, atan bunu bizdən soruşmur. Deyirəm, ancaq mənim anam sağ olsaydı "ay qız, nooldu?” kimi suallarla bizləməkdən yanımı yağır eləyərdi. Atam da ki, belə şeylərə qarışan deyil, həm də başı yəqin, təzə arvadına qarışıb, - deyə gileyləndi.
- Ey Solmaz çiçəyim, belə şeylərdən narahat olma. Elə bilmə ki, mən bunun haqda düşünmürəm. Yaxın bir həkim dostum var, halımızı ona söyləmişəm, mənə deyir, yeni ailəlikdə belə şeylər olur, tələsməyin. Deyir, narahat eləyəcək qədər zaman keçərsə, deyərsən sizi ən uyğun müayinəyə göndərərik, - Davud onu sakitləşdirdi.
- Doğurdan? - Solmaz sevindi, - Mən də elə bilirdim sən heç uşaq haqda fikirləşmirsən.
- Ey gül üzlü Solmazım, eşit və agah ol, - Davud nağıl intonasiyasına keçdi, - mənim başım rəqəmlərə qarışır, beynim daim vurub-bölməklə məşğul olur. Ona görə həmişə səni sevdiyimi mənim yadıma sal, o rəqəmləri hürküt. Özün də ibtidai sinif müəlliməsisən, xahiş edirəm mənimlə də məşğul ol, eşqin əlifbasını öyrət mənə.
- Yaxşı, ey xəzinələr sultanı, banklar müdiri, öyrədərəm! – Solmaz həmin məzəli intonasiya ilə ona cavab verdi.
Onların bu söhbətindən təxminən üç ay keçmişdi. Bir səhər Solmaz vanna otağından çıxıb işə getməyə hazırlaşan yoldaşına tərəf səsləndi:
- Davud-Davud, muştuluğumu ver!
- Noolub? – Davud mətbəxdən durub onun yanına gəldi.
Solmaz əlində tutduğu testi yuxarı qaldıraraq:
- Mən-mən-mən! Nəyəm? Hamiləyəm! – qışqırdı.
- Bay-bay-bay! – Davud onu qucaqladı, - ehtiyatlı olun, dünyaya insan gəlir, - deyib qarnını sığalladı. – Gördün, sənə deyirdim, axı! Bilirdim ki, bu gündən bizə də olacaq. Hazırlaş, səni məktəbə aparım, işə tələsirəm, axşam muştuluq məsələsini bir yerdə şellənərik.
Bu xəbərdən Davudun anası çox sevinmişdi.
Bir gün Solmaz axşam evdə Davuda dedi:
- Davudcum, inan, ürəyim partlayır, bilmək istəyirəm uşaq oğlandı, ya qız? Bir yaxşı UZİ yeri tap, gedək öyrənək.
- Ey gözəllər gözəli, sən dünyaya gətirdiyin oğlan da gözəl olar, qız da! Bunun nə fərqi var?
- Yox ee, Davud, mənim üçün də fərqi yoxdu, ancaq nəsə, ürəyim partlayır, bilmək istəyirəm. Mən onu indidən əzizləmək istəyirəm, ancaq bilmirəm oğlan kimi əzizləyim, yoxsa qız kimi. İş yerində də müəllimələr əl çəkmir, "nooldu, oğlandı, ya qız?” soruşurlar. Bir UZİ tap, bazar günü gedək.
- Yaxşı-yaxşı, - Davud razılaşdı, - belə maraqlıdırsa, gedək, əlbəttə.
***
UZİ-də işləyən qadın Davudu otağa çağırıb dedi:
- Sizin muştuluğunuz ikiqat olmalıdı, əkizdi, özü də biri oğlandı, biri qız.
Davud qadının jurnalının altına bir 100-lük qoyaraq Solmazın otaqdan çıxmasını gözlədi. Əkiz xəbərindən Solmazın gözləri bərələ qalmışdı.
Onlar bu şad xəbəri qeyd etmək üçün axşam bir neçə yaxın dostla səs-küylü bir restoranda əyləndilər. Solmaz zəng edib əhvalatı iş yoldaşlarına da dedi. Davud isə bu xəbəri ən birinci anasına çatdırdı.
Solmaz axşam yorğun halda evdə əynini dəyişərək:
- Davud, bir söz deyim məni qınama, əkiz uşağımızın olmasını heç arzulamazdım. Baxma daa, anayam, onlara baxmaq var, ikisini bir yerdə yola vermək var... – söylədi.
- Sən elə şeylərdən narahat olma. Anam da, atam da bizə kömək edəcək. Əksinə, mən sevinirəm ki, bir dəfəyə həm oğlumuz olacaq, həm də qızımız. Özü də əkizlər çox mehriban olurlar, - Davud ona ürək-dirək verdi.
***
Solmaz hamiləlik məzuniyyətinə çıxdığına görə evdə boş olur, şəhərdə gəzir, qayınanasıgilə gedir, hərdən də öz atasıgilə baş çəkirdi. Sonra da Davudla zəngləşib evə gəlirdilər. Bu arada Davud onunla daha sayğılı və mülayim davranırdı. O, Solmazı həkim nəzarətində saxlayır, lazım olanda müayinələrə aparırdı. Son müayinədə həkim onlara bildirdi ki, uşaqlar keserlə doğulmalıdı. Davud həkimlə razılaşaraq:
- A sağolmuş, indi təbii doğuşla doğan qadın var? Adamlar artıq yarım robot kimidirlər. Təbii doğuş, artıq tarixə qovuşub, - demişdi.
***
Hamiləliyinin son günləri olduğundan iki gün idi Solmaz klinikanın doğuş şöbəsində nəzarətdə saxlanılırdı. Davud onun həkimləri ilə daim telefon əlaqəsində olurdu. Bir səhər həkimlər Solmazı doğuşa göndərdiklərini dedilər. Davud ilk dəfə idi ki, həyat yoldaşı və dünyaya gələn övladları üçün özünə tanış olmayan həyacan keçirdi. Axşamüstü işdən tez çıxaraq birbaşa klinikaya gəldi. Artıq, əkizlər doğulmuşdu. Davud pilləkənləri qaçaraq qalxaraq özünü doğuş şöbəsinə yetirdi və Solmazın həyat yoldaşı olduğunu bildirdi. Bir qadın həkim ona yaxınlaşıb:
- Biraz səbr edin, indi sizə şüşənin o üzündən uşaqlarınızı göstərəcəklər, - dedi.
Nəhayət, Davudun həyacanına son qoyuldu. Şüşənin o biri tərəfində ağxalatlı qadın bələyə bükülmüş əkizləri ona göstərərək gülümsədi. Körpələrin hər ikisinin gözləri yumulu idi. Həmin anlarda qəlbində atalıq hissi yaranan Davudun beynində arzular fişəngi qaynaşdı. Birdən o, şüşənin o üzündəki körpələrdə nəsə, qeyri-adi şeylər hiss elədi. Həyəcanla şüşəyə biraz da yaxınlaşdı. Uşaqları diqqətlə süzdükdən sonra gördü ki, onların doynu biri-birinə bitişikdi. O, gözünə görünən bu mənzərəyə inanmaq istəmədi. Tez bayaqkı qadının yanına cumub həyəcanla soruşdu:
- Xanım, bu uşaqlarda anormal nəsə var, yoxsa mənə belə görünür?
Həkim onu sakitləşdirərək:
- Anormallıq yoox, anomaliya var. Noolub ki? Şükür, sağ-salamatdırlar. Sizin uşaqlarınız siam ekizləridir, - dedi.
Davud iki əli ilə başını tutaraq:
- Ay daaa! Onlar bitişik doğulub? – deyə zarıdı.
- Bitişik olanda nolar ki? Siz onları adi uşaqdan daha çox sevəcəksiniz. Özü də hər ikisi qızdır.
Qadının sözlərindən sonra Davudun içində dərin, qaranlıq quyu kimi bir şey əmələ gəldi. O, halsız, enerjisiz halda arxadakı skamyaya çökdü. Bir müddət beləcə dayandıqdan sonra azacıq özünə gəldi və Solmaz haqda düşündü: "Yazıq qız dəli olacaq!”
- Bəs, uşaqların anası bilir bunu? – Davud olmazın bir kədərlə soruşdu.
- Bilir, əlbəttə, bilir. Anadan gizli saxlamaq ixtiyarımız yoxdu.
- Xahiş edirəm düzünü deyin, Solmaz indi necədi?
- Narahat olmayın, anası heç də sizin qədər narahat olmadı, əksinə sevindi, öpdü onları.
Davud həkimin sözlərindən xeyli dirçəldi:
- Doğru deyirsiniz?
- Əlbəttə! Niyə yalan danışım ki?
- Bəs, onları evə haçan buraxacaqsınız?
- Ananın yarası normallaşsın, uşaqların peyvəndini vuraq, iki gündən sonra gəlib apara bilərsiniz. Telefonu açıq saxlayın, ana özünə gəlsin sizə zəng edəcək.
***
Davud klinikadan çıxan kimi sakitləşmək üçün içmək qərarına gəldi. Yaxındakı kafeyə girib dostu Səmədi özünə dayaq çağırdı. Davud keyiyib şənlənənə qədər araq içdi. Səməd dostunu mənzilinə qədər ötürüb yatağa yıxdı...
Davud gecə zəng səsinə oyandı. Əlbəttə, Solmaz idi.
- Necəsən, gənc ata? Həkimlər dedi, gəlmisənmiş.
- Çox sağol, əzzim, mən yaxşıyam, sən necəsən? – Davud sevinmiş yataqda dikəldi.
- Mən də yaxşıyam. Bura bax, gör nə deyirəm. Biz güclü olmalıyıq, bizim uşaqlarımız qeyri-adi halda dünyaya gəliblər. Onlar şikəst deyil, sadəcə, başqa formada doğulublar. Olsun. Biz onları xoşbəxt böyüdəcəyik. Heç narahat olma.
- Oy canım, nə yaxşı belə düşünürsən! Mən onları görəndə dəli olmuşdum, halaldı sənə, sən möhkəm adamsanmış. Mənim gücüm yalnız içib sakitləşməyə çatdı. Hələ də beynim içi ağrıyır.
- Səni başa düşürəm, ancaq narahat olma, bu da tanrının bir lütfüdü.
- Hələ UZİ-nin dediyi yadındadı? "Oğlan-qız olacaqmış!” Savadsız alçaqlar! Vaxtında bilsəydik bəlkə bir çarəsini qılardıq.
- Əzzim, sən belə sözlərlə qəlbimə dəyirsən...
- Yaxşı-yaxşı, səhv elədim, bir də belə qələtlər eləmərəm. Səni çox sevirəm!
***
Siam ekizləri bir bədən, iki başdan ibarət idilər. Sağdakı qız biraz bədənə uyğun, soldakı isə ona calaq kimi görünürdü. Soldakı qız həm də sağdakından azacıq balacaboy idi. Onlar soldakının adını Ay, sağdakının adını isə Gün qoymuşdular. Əkizlər, iməkləmə dövrünü çoxdan arxada qoymuş, artıq onlar yeriyirdilər.
Davud onları öpərək: - Mənim qızlarım soldan oxunanda Aygün, sağdan oxunanda Günay olur, - deyib əzizləyirdi.
Solmaz uşaqların bu cür doğulmasını hər dəfə bir cür təsnif edirdi:
- Bilirsən, əzzim, mən bunlara gül kimi baxıram. Olur ee, bəzən bir gül budağının böyründən balaca bir budaq da çıxıb gül açır. Bax, bunlar da elədi. Yadına gəlir, süd verən vaxtlar necə səs-səsə verib qışqırışırdılar? Ağır günlərimiz arxada qalıb, artıq, qızlarımız ayaq açıb yeriyirlər. Yadındadı, Ay ac qalanda necə qaraçılıq eləyirdi?
- Demə-demə! O, yenə də həyasızdı. Ancaq Günəşim ağıllıdı. Bilmirəm böyüyəndə necə yola gedəcəklər?..
Beləcə, ata-ana əkizlərin hər qayğısını çəkir, onları deyə-gülə böyüdürdülər.
Əkizlər bağça yaşına gəlib çatsalar da ata-anası onları baxçaya qoymaqdan çəkindilər. Çünki, uşaqlar artıq, başqaları kimi olmadıqlarının fərqində idilər.
- Baxçada uşaqlar onlara gülüb travma yaşadarlar, lazım deyil, - ata bildirmişdi.
- Mən də o fikirdəyəm, - Solmaz onun sözlərini təsdiqləmişdi.
- Əsas odur ki, özlərinə uyğun reabilitasiya mərkəzinə aparacağıq. Həkimlər deyir, böyüdükcə onların psixiatra daha çox ehtiyacları olacaq.
- Elədir, - Solmaz qayğılı-qayğılı dillənmişdi. – Təsəvvür elə, dünən Ay mənim üstümə qışqırıb deyirdi, bu nədi, bizi haçan ayıracaqsınız? Dedim, qızım səbr elə, hamı belə olur, sonra həkimlər ayırır...
- Dəhşət! Məndən də soruşublar, araya söz qatmışam. Əzzim, sən təcili işdən çıxmalısan. Çünki iş və uşaqlar... çatdıra bilməzsən. Sən evdə olmalısan ki, onları gəzməyə, başlarını qatmağa, nənəsigilə aparasan. Gördün psixiatr nə dedi? Onların sualları getdikcə çoxalacaq, – Davud qayğılı-qayğılı danışdı.
- Həə, elədi. Bircə onların suallarından qorxuram. Mən əsas Aydan qorxuram, hər dəfə mağazaya girəndə dəhşət hay-küy salır. Evə qayıdanda da mənə deyir, o adamlar bizə niyə elə baxırdı, yəqin mən pisəm-filan...
***
Solmaz məktəb işindən tamam aralanmışdı.
Uşaqlar sürətlə böyüyürdü. Nənə və baba əkizləri Solmazdan da çox əzizləyir, onların nazı ilə oynayırdılar. Uşaqların da ağrılı sualları azalmışdı. Çünki, artıq hər şeyi başa düşür, öz taleləri ilə barışmaqdan başqa yol görmürdülər. Bütün bunlarla yanaşı, onlar həddən artıq əsəbi olur, hərdən dözülməz isterik səslər çıxarırdılar. Ay Gündən daha çox əsəbi olduğundan anasına əzab yaşadırdı. Buna görə Solmaz onlara gün ərzində və yatan vaxtlarında sakitləşdirici dərman verirdi. Həm də əkizlərin yatağını qonşu otağa köçürmüşdülər. Necə də olmasa, artıq, böyük qız olmuşdular.
Bir də görürdün Ay qonşu otaqdan qışqırır:
- Ay maaa! Buna denən dəə, xoruldamasın!
Anası onları sakitləşdirmək üçün tezcə yan otağa qaçır. Gün də yuxulu-yuxulu:
- Ay maa, valla, yalan deyir, mən xoruldayıb eləmirəm, - mızıldanır.
- Yaxşı, qızım, gətir burun damcısı damızdırım, - deyib ana hər iki tərəfi sakitləşdirir.
Ana çoxdandı hiss edirdi ki, Ay bacısı ilə düşmən kimi davranır.
Bir dəfə şəhərdə Gün dondurma yemək istədiyini demişdi. Anası hər ikisinə dondurma almaq istəyəndə Ay ortalığa qaraqışqırıq salmışdı:
- Yooox, olmaz! Bircə o qalmışdı qarnımız ağrısın! Yemə, olmaz!
Bacısının həyasızlığı qarşısında Gün susmuş, istəyini geri götürmüşdü. Bacıların arasında yaranan bu cür ziddiyətlərə görə ana çox əziyyət çəkirdi.
Ayın bacısına qarşı yersiz nifrətini ana hər addımda hiss edirdi. Bədənin sol tərəfindəki bu qızcığaz, eləbil, nifrətdən yoğrulmuşdu. O, sanki bacısını və anasını əsəbləşdirməkdən qidalanır, həzz alır. Odur ki, bir şey lazım olanda ana həmişə Ayın istəyini qabağa salır. Ayın isə ana-bacını əsəbləşdirmək üçün xüsusi taktikası var. O, əvvəlcə özünü mülayim göstərərək qarşıdakının arzusunu öyrənməyə çalışır, sonra isə həmin arzunun qarşısını qəddarcasına kəsməkdən zövq alır.
Bacıların müxtəlif gözəl ayaqqabıları və paltarları var. Məsələn, gəzintiyə hazırlaşanda Ay mehribancasına Gündən soruşur:
- Bacım, sən hansı donu geyinmək istəyirsən?
Gün də bacısının səmimi səsinə aldanıb ürəyindən keçəni deyir:
- Mavi donumuz qəşəngdi, payızdı, gözəl görünərdi.
Vəssalam! Bacısının fikrini öyrəndikdən sonra onun zövqünü ələ salmalı, qəlbini dərhal qırmalıdı:
- Ay köhnəlmiş qarı, payızda mavi geyinərlər?
Anası hiss etmişdi ki, Ay doğma bacısını taleyindəki bütün acıların səbəbkarı kimi görür. Ona görə də hər fürsətdə bacısını acılayır, alçaldır, onu valideyinlərinin yanında hörmətsiz etməyə çalışır. Maraqlı burasındadır ki, o, həm də özünü yaxşı bacı kimi qələmə vermək üçün utanmadan məkr işlədir, ikiüzlülük edir.
Onun bacısına qarşı bu cür düşmən kəsilməsini atası da hiss eləmişdi. Bir neçə ay bundan əvvəl Davud Solmaza: - Bilmirəm bu qız kimə oxşayıb? İnan ki, bizim tayfada belə adam olmayıb, - deyə gileylənmişdi.
Solmaz isə: - Həə, dəhşətdi! Bizdə də belə adam yoxdu. Ancaq anam həmişə deyərdi ki, qayınanam ifritə idi. Deyirəm, bəlkə gedib elə, ona oxşayıb... Nə bilim... – demişdi.
Bir dəfə qızların otağına daxil olan ata gördü ki, uzanıb hərəsi öz telefonunda qurdalanır. Ata şən səslə:
- Necədi mənim gözəllərim, Ayım, Günüm? – soruşdu.
Ay tezcə Günə tərəf çevrilərək isterik halda:
- Gördün papa nə dedi, gördün bizi necə sevir? Ancaq sən bayaq nə deyirdin, həə? Papanın özünə de görüm indi! "Papa pis adamdı, o bizi sevmir!” Mənə deməklə deyil ee, özünə de indi! De dəə, de! – qışqırdı.
- Ay qız sən nə danışırsan? – Gün başını təccüblə bacısı tərəfə çevirdi.
- Yaxşı-yaxşı, mələklərim, mən pisəm bəlkə, ancaq sizi çox sevirəm, - Davud gərginliyi aradan götürməyə çalışdı.
- Yalan deyir, ay paa! Mən heç elə söz deyərəm? – Gün yazıq-yazıq dilləndi.
Ay sol əllə onun saçlarını xışmalayaraq qışqırdı:
- Yalansa!.. Sənin bu saçlarını yolub bir-bir ağzına dürtəcəm, ifritə!
Davud tez Ayın əlindən tutdu və yalvarıcı səslə:
- Burax, qızım, nolar burax! Bir də belə söz deməz, - deyib Günə göz elədi, yəni: "narahat olma, bilirəm ki, deməmisən”.
Səs-küyü eşidən Solmaz da onların yanına gəldi.
- Noolub yenə? – ümumi soruşdu.
Ay tezcə o tərəfdən:
- Nolacaq ee? – dedi, - bu qızını boğub öldürsəydim canım qurtarardı!
- Nolub, Davud? – Solmaz israrla soruşdu.
Davud ona göz-qaş eləyərək:
- Əşi heç nə olmayıb, mələklərim biraz əsəbləşib, indi dərmanlarını verəcəm, sakitləşib yatacaqlar.
Gün ağlamsınaraq: - Ay mama, heç özüm də bilmirəm bu qız məndən nə istəyir? – dedi. – İnan ki, bunun yalanlarına, hiylələrinə, kaprizlərinə dözməkdən yorulmuşam, artıq, - söylədi.
Ay bacısının üzünə çevrilərək:
- Ay ifritə, yalançı hiyləgər sənsən, yoxsa mən? Ay maa, bayaq mənə deyirdi ki, papa bizi sevmir, ona nifrət edirəm. Az qaldım bunu boğub öldürəm. Murdar! Hardan yapışıb mənim böyrümə! Yadındadı, o gün dondurmanı necə burnumuzdan gətirdi? Ay paa, mən dondurma yemək istəyirdim, bu da dirəşdi ki, olmaz, qarnım ağrıyacaq. Zəhər elədi hamımıza! Hansını deyim, belə hərəkətləri bir deyil, beş deyil...
Gün bacısının böhtanlarından heyrətə gəldi:
- Nə danışır, ay ma, bu?
Davud Solmazın üzünə baxıb: - Doğrudan olub belə şey? – soruşdu.
Solmaz: - Olub-olub, ancaq başqa cür olub, sonra danışaram, - dedi.
- Niyə sonra danışırsan, indi danış daa, ay maa! Danış, qoy papa da eşitsin! – Ay həyasızcasına yenidən qışqırdı.
Davud təzədən Gün tərəfə çönüb: - Qızım, narahat olma, dondurma qarın ağrıtmaz, sabah gedib yeyərsiniz, özü də ən yaxşısından! Belə şeydən ötrü adam bacısının xətrinə dəyməz! – dedi.
Ay təzədən sifətini dəyişərək gülüb atasına səsləndi:
- Papaa! Gün mənim bacımdı, eee, onun xətrinə heç kim dəyə bilməz! Mən bacıma onun kimi soyuqqanlı ola bilmərəm! Ancaq bacımı çox sevsəm də olanı deməliyəm. O gün nənəgildən gələndə mənə deyir ki... – Təzədən üzünü Günə tərəf çevirərək: - dediklərini deyimmi? – söylədi.
Gün fürsət tapıb:
- Ay paa, dondurma söhbətini mamadan soruşarsan, - dedi və təzədən üzünü Ay tərəfə tutub: - De görək indi nə uyduracaqsan? – söylədi.
- Uydurana allah qənim olsun! Ay paa, dedi ki, babam yaxşı insandı, ancaq bu ifritə nənəmiz haçan öləcək, görəsən? Beləcə də dedi, haçan öləcək! Dedin, demədin?!
- Ay daaa, ta mənim sənə sözüm yoxdu! – Gün kədərli və ümidsiz bir səslə dilləndi. – Əksinə, mən dedim ki, nə yaxşı bizim belə nənəmiz, babamız var. Bunu heç vaxt deməyəcəkdim, ancaq qoyun, deyim. Bu da qayıtdı ki, hansı nənədən danışırsan, sidik iyi verən nənədən?
- Ay ifritə, sən nə danışırsan? – Ay təzədən başını kobra kimi dikəltdi.
Gün halsız halda: - Ay maa, ay paa, mən bununla mübahisə etmək istəmirəm, ta, buna cavab verməyəcəm. İnanın, yaşamaq istəmirəm! Ayaqqabı geymək istəyirəm, "onu istəmirəm, bunu istəmirəm” - mənə əzab verir, makiyaj eləyirəm, az qalır barmağını gözümə soxsun, deyir məndən gözəl görünməyə çalışırsan. Yolda kimsə bizə baxanda deyir, sənə görə bizə ikibaşlı ilan kimi baxırlar, çünki sən ilana bənzəyirsən, mən gözələm. Fikirləşirəm, bacımdı, yola verim, deyirəm, doğrudan da sən gözəlsən. Belə münasibətimin qarşılığında mənə deyir, nolaydı sən tərəfə bir daş düşəydi, cərrahlar o murdar sifətini üstümdən kəsib ataydı. Nə bilim, tualetə getmək istəyirəm, mənə əzab vermək üçün deyir, tualetimiz-zadımız yoxdu. Halbuki, ikimiz də bilirik ki, tualetə getməliyik. Yatırıq, şirin yuxuda saçımı dartıb məni oyadır ki, saçın ağzıma dəydi. Yalandan! Sonra da məlum olur ki, yuxusu gəlmirmiş, onçun məni oyadırmış. İki sözündən də biri budur: "Sən olmasaydın mən normal adam kimi dünyaya gələrdim, sən mənə calaqsan”.
Ay bacısının sözlərini tamam yalana çıxartmaq, qiymətsiz eləmək üçün ata-anası kimi sakitcə ona qulaq asır, hərdən də başını bulayaraq "qoy danışsın-qoy danışsın” deyirdi. Özünü səbirli göstərərək Günün sözlərini əhəmiyətsiz etməyə çalışırdı.
Gün, illərlə canında yığılıb qalmış o dözülməz münasibətlərdən qismən də olsa danışıb biraz sakitləşdi.
Ay isə onun söylədiklərini bircə ironiya ilə darmadağın etmək gücündə olduğuna inanırdı. Ona görə inandırıcı çıxsın deyə bu dəfə sakit səslə söyləməyə üstünlük verdi:
- Papa, mama, eşitdiniz, dəə! Gördünüz dəə, mənim bacım mənim haqda nələr uydurub? Bu dəhşətdi! Di gəl, belə bir başla bacılıq elə! Bilmirəm! Bir onu bilirəm ki, əllərimin hər ikisi mənə tabe olsaydı bunu özüm boğub bədənimdən rədd edərdim! İndi bilirəm ki, mənim dünyada bir düşmənim var, o da bacımdı!
- Yaxşı-yaxşı, sakit olun! Neynəməliyik, bu da bizim taleyimizdi. Mən heç, ananıza yazığınız gəlsin. Biri-birinizlə bacı kimi rəftar edin, bir ömür yan-yana yaşamağa məhkumsunuz, - ata ortalığı sakitləşdirməyə çalışdı və üzünü Solmaza tutub: - Gətir bunların dərmanını ver, əsəbiləşiblər, qoy rahat yatsınlar, - dedi. Ay vampir kimi hamının enerjisini sorduğuna görə sakit və xoşbəxt görünürdü. İndi ona sorduğu enerjini rahat həzm etmək üçün yatmaq lazım idi. Odur ki, sakit səslə:
- Gətir, ay ma, mənimkini, yatmaq istəyirəm, - dedi.
Əslində onların qəbul etdiyi dərman eyni orqanizmə ötürüldüyündən birgə təsir edir. Lakin əkizlər özlərini ayrıca fərd kimi hiss etsinlər deyə, psixiatrın göstərişi ilə dərmanı ayrı-ayrılıqda içirdilər.
Solmaz iki stəkan su gətirdi, şkafdan dərman qutusunu aşağı endirib Gün tərəfdəki tumbanın üstünə qoydu və tabletkanın birini təzə listdən çıxarıb Aya verdi. Qız başını dikəldərək dərmanı içdi. Arxasınca telefonunu söndürdü və bacısını tərs-tərs süzərək yatmaq üçün üzünü sola çevirdi. Gün isə heç nə olmamış kimi:
- Mama, qoy, su ilə dərmanlar qalsın, birazdan içəcəm, narahat olma sən get, işığı da söndür, - dedi.
- Sən içməsən də olar, - Ay dodağaltı mızıldanaraq bacısını yenidən sancdı.
Gün ona cavab qaytarmadı, tam qaranlıq yaratmaq üçün telefonunu söndürüb başını qolunun üstünə qoydu. O, beləcə, az qala nəfəs dərmədən, bacısının yuxuya getməsini gözlədi. Beynində isə özünün bəstələdiyi bir musiqi səslənirdi: "İntihar-intihar, hər nə var-intihar, inlə yar-intihar, intihar-intihar!”
Gün bu mahnını ikinci dəfə idi beləcə ürəyində oxuyurdu. Bir dəfə bacısı onu yenə dözülməz hala gətirmişdi. Onda da intiharın müxtəlif variantlarını düşünmüşdü. Fikrinə gələnin biri bu idi: yatarkən qolunun damarını kəsib qanın tam axması üçün əlini aşağı uzatmaq. Ancaq necə kəssin? Sağ qolun damarını kəsmək üçün gərək Ayın tərəfində olan sol ələ iti bıçaq verib onu hərəkətə gətirəsən ki, sağ biləyi doğrasın. Bunun daha rahat versiyası belə olardı: bıçağı Aydan gizlin götürüb balıncın altında gizlətmək. Ay yatdıqdan sonra bıçağı xəlvətcə döşəyin altına bərkidib damarını ona sürtmək! Ancaq istənilən halda ağrıdan Ay oyanacaqdı. Ona görə fikrindəki intiharı həyata keçirə bilmir, yalnız bəstələdiyi "İntihar” nəğməsini ürəyində oxuyub depressiyadan çıxırdı. İndi həmin mahnı yenidən Günün beynində səslənməyə başladı: "İntihar-intihar, hardasan ey bahar?”
Onun intihar ideyasında məqsəd bacısından xilas olmaq idi. Budur, tumbanın üstündə iki list psixotrop tabletka var, təxminən 20 ədəd! Bacısı yuxuya gedən kimi bu tabletkaların hamısını bir dəfəyə qəbul edəcək! "İntihar-intihar, tezcə gəl ey bahar, könlüm ol-muş qübar, intihar-intihar!..”
Gün baxdı ki, bacısı artıq ilan kimi fısıldayır. Demək, işə başlamaq olar! Xoşbəxtliyə bax ki, rahatca intihar etmək mümkün olacaq! Kayf!
Sağ əlin barmaqları tələsmədən listin bütün tabletkalarını çıxardıb tumbanın üstünə yığdı. Stakanda su hazırdı. "Tabletkaları üç yerə bölüb üç dəfəyə içməli! Xoşbəxtliyə bax sən! Həm bu dünyanın əzablarından, həm də bu ifritə bacıdan canım qurtaracaq! Eybi yox, qoy, cəhənnəmə gedim, ən azı o dünyada bu ifritə ilə bitişik olmayacam!”
Gün tabletkaların təxminən üçdən birini ovcuna yığıb ağzına atdı və üstündən bir-iki qurtum su içdi.
Hər şey qaydasındadı, bacısının heç nədən xəbəri yoxdu. Gözəl-gözəl! O, ikinci topanı ovclayıb ağzına atdı və arxasınca bir qurtum su buraxdı. Astaca dönüb bacısının üzünə baxdı. İfritə sakitcə yatırdı. Gün fikirləşdi ki, yuxusu gəlməmiş üçücü topanı da tezcə içmək lazımdı ki, doza mütləq öldürücü olsun. O, üçüncü dəfə ovcundakıları ağzına atıb stəkandakı suyu axıra qədər içdi. Beynində musiqi çalırdı: "İntihar-intihar-səndə var-məndə var-ay bacı ifritə, səndə yox ixtiyar!..”
Gün bilirdi ki, birazdan siam ekizləri əbədi yuxuya gedəcəklər. Səhər tezdən ata-anası onları buz kimi meyit halında görəcəklər. Ürəyinin dərinliyindən belə bir kədər qatarı keçdi: "Bağışla məni, mama, heyif sənin əziyətindən!”
Çox istəyirdi votsapda anasına "Bağışla, Mama!” yazsın, ancaq anası mesajdan oyanıb intihara mane ola bilərdi. Heç nə yazmadı...
Dözülməz yuxu onu üstələyirdi. Bilirdi ki, əbədi yuxuya gedir. Lakin, o, maraq üçün yuxuya müqavimət göstərib biraz da oyaq qalmağa çalışırdı. Heyhat, yuxu onu öz ağuşuna alıb sel kimi apardı.
Gün gördü ki, gözəl bir qızdı, uzun meşə cığırında həyacanla qaçır. Ancaq nə üçün qaçdığı ona agah deyildi. Bu zaman arxadan bir nərilti səsi eşitdi. Qaça-qaça geriyə baxanda gördü ki, bacısı çathaçatdı. Ay dördayaqlı vəhşi cildində sürətlə onun arxasınca gəlirdi. Gün var gücü ilə sürətini artırdı. Bilirdi ki, bacısı tutsa onu iti dişlərilə parçalayacaq! Gün yaşıl meşəlikdən çıxıb həyacanlı bir sürətlə qarşıdakı qaranlıq tunelə girdi. Ay nərildəyərək özünü onun arxasınca tunelə soxdu. Birazdan vəhşinin nəriltisi eşidilməz oldu və hər yan zülmətə büründü...
Murad Köhnəqala
Şərhlər