İki tur əvvəl əzəli rəqibi "Neftçi”yə uduzmayan "Kəpəz” ötən həftə "Zirə”yə məğlub oldu.
Ümumiyyətlə, baş məşqçi dəyişikliyinə baxmayaraq, hələ də toparlana bilməyən Gəncə klubunun problemləri bitmək bilmir. Sponsorsuzluqdan əziyyət çəkən gəncəlilər, bu azmış kimi təmir-bərpa işlərinə görə stadionlarından da didərgin düşüblər. Turnir cədvəlinin son pillələrində yer alan "Kəpəz”in Birinci Liqaya düşmək təhlükəsi də qalmaqdadır. Bəs bu vəziyyətdə nəyə ümid etmək olar?
Komandanın təcrübəli futbolçularından olan Vurğun Hüseynov Qaynarinfo-ya açıqlamasında hazırkı durumdan danışdı. O, mövsümün sonunda karyerasını bitirəcəyi ilə bağlı qərarını qətiləşdirdiyini də nəzərə çatdırdı:
"Zirə” ilə oyunda həqiqətən özümüzə bənzəmədik. Çox zəif oynadıq. Edəcəyimiz bir şey yoxdur. Qarşıdakı doqquz oyunda xallar yığıb Premyer Liqada qalmağa çalışmalıyıq”.
Hüseynov baş məşqçi dəyişikliyindən sonra müəyyən irəliləyişlər olduğunu düşünür:
"Adil müəllimin gəlişindən sonra irəliləyiş göz qabağındadır. Yaxşı məşqçidir, sadəcə, futbol elədir ki, bəzən alınır, bəzən yox. O gəldikdən sonra öz sistemini, ağırlığını qoydu və daha yaxşı nəticələr qazandıq. Əvvəlcə psixoloji durumumuzu düzəltməyə çalışdı. Bilirsiniz ki, ardıcıl böyükhesablı məğlubiyyətlər alırdıq. Komandanı daha çox mübarizə aparmağa köklədi. Təbii ki, hər məşqçinin öz oyun düzülüşü olur. Həmin düzülüşü bizə aşılayaraq indiki vəziyyətə gətirib çıxardı”.
Vurğun qarşıdan gələn "Qarabağ”la matça hazırlıqlar haqda bunları dedi:
"Bu gün istirahətdəyik. Yığışdıqdan sonra analizlər edəcəyik. "Qarabağ” haqda çox danışmağa ehtiyac yoxdur. Azərbaycan səviyyəsini aşmış komandadır. Lakin əlimizi-qolumuzu sallamayacağıq ki, "Qarabağ” bizi rahat şəkildə məğlub etsin. Çıxıb mübarizə aparacağıq”.
O, ev oyunlarını müxtəlif yerlərdə keçirmələrinin də komandaya təsirləri olduğunu söylədi:
"Təbii ki, təsir edir. Hər dəfə başqa stadionlarda oynayırıq. Komandanın həqiqətən belə vəziyyətdə Premyer Liqada qalması, Avroliqaya vəsiqə qazanmaq kimi bir şeydir. Çətinliyin içində komanda belə futbol oynayırsa, bu, həqiqətən təqdirəlayiq işdir”.
Maraqlıdır, tovuzlu azarkeşlərin qarşısında oynayanda onlar komandaya necə təsir göstərir?
"Sağ olsunlar, "Neftçi” ilə oyunda dəstəklərini göstərdilər. Daim Tovuzda oynasaq, daha yaxşı olar. Təbii ki, "Kəpəz”lə "Turan Tovuz” qarşılaşanda prinsipiallıq olur. Amma fərqli rəqiblərlə qarşılaşanda "Kəpəz” azarkeşləri "Turan Tovuz”a, onlar isə "Kəpəz”ə dəstək göstərir. Bunu "Neftçi” ilə oyunda daha çox hiss etdirdilər”.
Xeyli müddətdir "Kəpəz”in heyətində meydana çıxmayan, yalnız ehtiyat oyunçular skamyasında görünən müdafiəçi mövsümün sonunda karyerasını bitirəcəyini açıqladı:
"Yavaş-yavaş bitirirəm. Oynamadıqca formadan tam uzaqlaşırsan. Açıq deyirəm, bu gün meydana çıxıb 90 dəqiqə oynayacaq gücdə deyiləm. Zədəm olur, yaş da sözünü deyir. Yəqin ki, mövsümün sonunda karyeramı bitirəcəyəm və təklifləri dəyərləndirməyəcəyəm. Əslində, karyeramı ötən ilin mayında bitirmişdim. "Kəpəz”ə getməyimə peşman deyiləm. Sağ olsun, o vaxt Azər Məmmədov məni dəvət etmişdi. İnşallah bu il sonuncu olar”.
Hüseynov karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmaq istədiyini də vurğuladı:
"Hələ konkret qərar verməmişəm. Təbii ki, bu sahədən uzaq düşmək istəmirəm. Hər oxuyan alim olmadığı kimi, hər futbol oynayan da məşqçi olmaz. Məşqçilik istəməklə deyil. Hər düşündüyümü uşaqlara diktə edə biləcəmmi? Bəlkə də stadionda bu mümkündür. Məşqçiliyə təbii ki, həvəsim var, neçə illərdir futboldayam. Lakin bunu stadionda futbolçulara nə dərəcədə aşılaya biləcəyimi zaman göstərəcək. B kateqoriyasını almaq niyyətindəyəm. Çünki millidə oynadığım üçün C kateqoriyam var. Digər məşqçilik lisenziyalarını da almaq istəyirəm”.
Hüseynov vida matçı keçirmək arzusunda olduğunu və bunu hansı komandada reallaşdırmaq istədiyini də açıqladı:
"Sumqayıt”da daha çox - 10 il oynamışam. Ona görə də vida matçını məhz bu komandada keçirmək istərdim. Amma açığı hələlik belə fikrim yoxdur. Qismətdir, xeyirlisi”.
Səbuhi Həsənov
Şərhlər