Xəbər lenti

Siyasət 13:10 09.05.2025

"Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə isə Heydər Əliyevi xatırlayırıq"

(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb)

"Bu gün mərhum Prezident Heydər Əliyevin adı Azərbaycanla, Azərbaycanın adı isə Heydər Əliyevin adı ilə assosiasiya olunur. Yəni, biz Heydər Əliyev deyən zaman Azərbaycan başa düşürük, Azərbaycan deyən zaman isə Heydər Əliyevi xatırlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki rolundan danışarkən deyib. 

Deputat bildirib ki, Heydər Əliyevin qurduğu dövlət Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirib: 

"Çox hörmətli şairimiz Baba Vəziroğlu şerində deyildiyi kimi, "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək". Bu nida əbədiyyətə kimi davam edəcək. Ona görə ki, Heydər Əliyevin qurduğu dövlət Azərbaycanı tarixi zəfərə gətirib çıxardı. Xalqımız özünün tarixində yeni Milad, yenidən doğuş mərhələsini yaşamağa başladı. 200 il Azərbaycan torpağı üzərində parçalanma siyasəti həyata keçirən, vətənimizi bölüb özünə pay çıxaran imperialist mərkəzlərin niyyətləri puç edildi. Bu gün Xankəndində, Ağdərədə, Şuşada, Laçında Azərbaycan bayrağı dalğalaınır".
 


Hikmət Babaoğlu əlavə edib ki, bütün bunlar üçün müasir dövlətimizin qurucusu, memarı, onun hüququ əsaslarını yaradan, onun xarici siyasətinin paradiqmalarını təyin edən Heydər Əliyevə borcluyuq:

"Şübhəsiz ki, bu dövlətin təməlləri düzgün əsaslarda qoyulmasaydı, müstəqil Azərbaycanda milli güc, milli maraqlar uğrunda səfərbər edilməsəydi, azərbaycançılıq Azərbaycanda yaşayan hər bir azərbaycanlının milli məfkurəsinə çevrilməsəydi, Heydər Əliyev siyasi irsi davam etməsəydi, biz bu tarixi zəfəri əldə edə bilməyəcəkdik və bu günün qüdrətli Azərbaycanını da görə bilməyəcəkdik. Amma biz Heydər Əliyevin siyasi irsinə sadəcə mənəvi siyasi miras olaraq baxmırıq. Biz onu həm də milli dövlətçilik irsi kimi görürük".

Hikmət Babaoğlunun sözlərinə görə, bu dövlətçilik irsi Azərbaycanın hazırkı regional-siyasi reallığını beynəlxalq münasibətlər sistemində nüfuzunu şərtləndirib:

"Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, əgər dünən təməlləri atılan vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən xilas edlən Azərbaycan Heydər Əliyev sayəsində müstəqil və demokratik dövlətə çevrilərək bu günkü qələbəmizi təmin edibsə, onda biz bu prosesin məntiqi davamı olaraq hazırkı Azərbaycanın 30 ildən sonrakı Azərbaycanın necə gələcəyini təmin edəcək sualının cavabını görmüş olacağıq. Həmin Azərbaycan indikindən qat-qat böyük, inkişaf etmiş, güclü bir Azərbaycan olacaq. Buna görə də Azərbaycan yaşadıqca Heydər Əliyev, onun ideyaları və dövlətçilik irsi də yaşayacaq".

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Sabah Ümummilli Liderin dünyaya gəlməsindən 102 il ötür.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->