Demokratik İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı jurnalistlərə təqdim edib.
Təqdimat zamanı DİP sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, artıq 16 ildir partiya sözügedən mükafatları jurnalistlərə verir. Partiya Azərbaycanın mətbuat tarixində əvəzsiz yeri olan bu iki böyük insanın adını daşıyan mükafatı təqdim etməklə, jurnalistləri onların ideyalarına sadiq qalmağa, azad, demokratik, obyektiv və qərəzsiz kontent yaratmaq yolundan dönməməyə ruhlandırmağa çalışır.
"Müasir dünyada KİV-in xarakterinin necə dəyişməsindən, sosial platformaların ənənəvi medianı nə qədər qabaqlamasından asılı olmayaraq, Azərbaycan jurnalistləri Zərdabi və Nəcəfovun istinad etdiyi "həqiqətləri çatdırmaq və maarifləndirmək” missiyasından heç vaxt əl çəkməməlidir", deyə Asim Mollazadə bildirib.
Jurnalistlər də öz növbələrində onları bu iki böyük şəxsiyyətin adını daşıyan mükafata layiq gördükləri, azad medianı hər zaman dəstəklədikləri üçün Demokratik İslahatlar Partiyası və Asim Mollazadəyə təşəkkürlərini bildiriblər.
Sözügedən mükafat və diplomlar internet mediada maraqlı kontent yaratdıqlarına görə Ləman Ələşrəfqızı (LAF.tv), Elçin Rüstəmli (Pressklub TV) və Pərvin Kazımoğluna (Qaynarinfo) təqdim edilib.
Şərhlər