Xəbər lenti

Ekonomiks 14:39 19.03.2026

"Hər şey mümkündür": İnklüziv inkişafı dəstəkləyən master-klas təşkil olunub

"Qırmızı Ürəklər Fondu” 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə "Hər şey mümkündür” layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib. Layihə çərçivəsində "Kaşalata” kafedə Daun sindromlu şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti üzrə master-klas təşkil olunub.

Tədbir "Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladovun açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin və daha güclü edən dəyərlərdir.

Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə Rüstəmli kimi blogerlər də könüllü iştirak edərək, inklüzivliyin təşviqi, fərqliliklərə həssas yanaşma və Daun sindromlu şəxslərin potensialının daha geniş auditoriyaya çatdırılmasına dəstək olublar.

İştirakçılar tərəfindən hazırlanan əl işləri martın 21-də həmin blogerlərin sosial media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim edən şəxs həmin əl işlərinə sahib olacaq.

Qeyd edək ki, "Hər şey mümkündür” layihəsi 5 il əvvəl "Qırmızı Ürəklər Fondu” və "Kapital Bank”ın birgə təşəbbüsü ilə "Birbank” mobil tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər hesabına reallaşdırılıb. Layihə çərçivəsində Daun sindromlu şəxslərin bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.

Layihənin əsas məqsədi Daun sindromlu şəxslərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və ailələrinə dəstək göstərməkdir.

"Red Hearts” – "Qırmızı Ürəklər Fondu” 2020-ci ildə "Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. "Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
--> -->