Xəbər lenti

Hansı daha faydalıdır: Sadə, yoxsa limonlu su?
Sağlamlıq 21:43 01.11.2025

Hansı daha faydalıdır: Sadə, yoxsa limonlu su?

Limonlu su daha dadlıdır, lakin onu daim içmək olarmı? Qidalanma mütəxəssisləri bu suala cavab verərək hər iki içkinin üstünlüklərini və risklərini izah ediblər.

Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, "Integrated Nutrition for Weight Loss" şirkətinin sahibi, Vaşinqtondan qeydiyyatdan keçmiş diyetoloq Vanessa İmus bildirib: "Su orqanizmin həyati funksiyaları və demək olar ki, bütün fizioloji proseslər üçün vacibdir. O, həzmi, qida maddələrinin mənimsənilməsini, qan təzyiqinin və bədən istiliyinin tənzimlənməsini, tullantıların xaric edilməsini, oynaqların sürtülməsini və beyin fəaliyyətini təmin edir".

Onun sözlərinə görə, kifayət qədər su içməmək dərinin qurumasına, əzələ spazmlarına, qəbizliyə və baş ağrılarına səbəb ola bilər. Toronto şəhərindən digər diyetoloq Anar Allidina əlavə edib ki, "orqanizmin susuz qalması diqqəti azaldır, yorğunluğu artırır və maddələr mübadiləsini ləngidir.”

Limonlu suyun faydaları

Allidina bildirib ki, limon əlavə edilmiş suyun dadı daha xoş olur və bu, sadə su içməkdə çətinlik çəkənlər üçün gündəlik norma olan 15,5 stəkan (kişilər üçün) və 11,5 stəkan (qadınlar üçün) su qəbuluna yaxınlaşmağa kömək edir.

İmusun sözlərinə görə, limon suyu orqanizmə az miqdarda C vitamini əlavə edir. Bu vitamin antioksidant təsirə malikdir, immun sistemini gücləndirir və dərinin sağlam görünməsinə kömək edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına əsasən, limon suyu həmçinin B qrupu vitaminləri və qan təzyiqini sabit saxlamağa kömək edən kalium da ehtiva edir.

Allidina deyib: "İsti limonlu su həzmi bir qədər stimullaşdıra bilər. Kaliumun təsiri ilə qida mədə-bağırsaq traktında daha sürətli hərəkət edir və bədəndəki natriumu neytrallaşdıraraq qarın köpünü azaldır".

2021-ci ildə "National Library of Medicine” jurnalında dərc olunmuş tədqiqat isə göstərib ki, limon suyundakı sitrat maddəsi böyrəklərdə daş əmələ gəlməsinin qarşısını ala bilər.

Limonlu suyun riskləri

İmus xəbərdarlıq edib: "Limon əlavə olunmuş su bir qədər turş olur və bu, həzm sistemi həssas olan və ya reflü problemi yaşayan insanlarda narahatlıq yarada bilər".

Allidina isə əlavə edib ki, turşu daimi olaraq içildikdə diş minasına zərər verə bilər. Bunun qarşısını almaq üçün içkini borucuqla içmək və ya sonradan ağzı sadə su ilə yaxalamaq məsləhətdir.

Nəticə: hansı daha faydalıdır?

Diyetoloqlar hesab edirlər ki, limonlu su bədənin su balansını qorumağa və bir qədər əlavə qida maddəsi almağa kömək edir. Lakin orqanizmin əsas ehtiyaclarını ödəmək üçün ən faydalı içki yenə də sadə sudur.

Mütəxəssislərin tövsiyəsi belədir: səhərlər təxminən 450 millilitr limonlu su içmək, gün ərzində isə adi suya üstünlük vermək lazımdır.

İmus əlavə edib: "Səhər limonlu su içmək bədəni oyanmağa və həzm sistemini aktivləşdirməyə kömək edir".

Klivlend Klinikasının məlumatına görə, limon suyundakı turşu həzm şirəsinin bərpasını dəstəkləyərək qidanın parçalanmasını asanlaşdırır.

Beləliklə, limonlu su orqanizm üçün faydalıdır, lakin onu gündə bir dəfə qəbul etmək daha məqsədəuyğundur — bu halda nə diş minasına, nə də mədəyə zərər verməyəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->