Xəbər lenti

Gürcüstanda inqilab gözləntiləri özünü doğruldacaqmı? (ŞƏRH)
Dünya 13:39 05.06.2024

Gürcüstanda inqilab gözləntiləri özünü doğruldacaqmı? (ŞƏRH)

"Yaranmış vəziyyət "Gürcü arzusu”nun xeyrinə işləyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev "xarici agentlər haqqında” qanunun qəbulu fonunda Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.

Ü.Şəfiyevin fikrincə, Gürcüstanda baş verən hadisələr bir daha göstərir ki, həm bu ölkə, həm də bütövlükdə Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi maraqları toqquşur:

”Qərbin Tiflislə şantaj ritorikası ilə danışması qəbuledilməzdir. Hər bir ölkənin qəbul etdiyi qanunlar həmin ölkə xalqının ruhunu əks etdirməlidir. Amma əfsus ki, demokratiyadan dəm vuran Qərb digər dövlətlərin daxili işlərinə qarışır, ölkələrə siyasi və ictimai düzəni diktə etməyə çalışır. Bununla ABŞ əslində açıq şəkildə Gürcüstandakı proseslərə müdaxilə edir ki, bu da beynəlxalq hüquqa ziddir”.
 


Ekspertin fikrincə, Gürcüstnada qarşıdan gələn seçkilərə gəldikdə, yaranmış vəziyyət mövcud iqtidarın xeyrinə işləyir:

”Çünki "Gürcü arzusu” düzgün mövqe tutub. Ölkə xarici təsirlərdən xilas olmalıdır. Qərbin Tiflisə münasibətdə ritorikası gürcü  ictimaiyyəti tərəfindən də ikrahla qarşılanıb. Bu baxımdan, qarşıdakı seçkilərdə hakim partiyanın qalib gəlmə şansları daha böyükdür. Əhalinin əksəriyyəti "Gürcü arzusu”nun mövqeyini dəstəkləyəcək. Qərb və Avropa İttifaqı prosesə düzgün müdaxilə etməyib. Onlar öz hərəkətlərilə gürcü xalqı arasında özlərinə münasibətdə ikrah hissi yaradıblar”. 

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalaması ilə qonşu ölkədə mübahisəli qanun layihəsi qüvvəyə minib. Yaranmış vəziyyət ölkədə yaşanan  gərgin atmosferin səngiməsinə deyil, daha da kəskinləşməsinə rəvac verəcək. Ən azından oktyabrda olacaq parlament seçkilərinə qədər Gürcüstanda daxili gərginlik qalacaq. İndi əsas düşündürən sual seçkilərdə kimin qalib gəlmə şansının daha yüksək olmasıdır. "Xarici agentlər haqqında” qanunun qəbulu fonunda hakim partiya iqtidarını qoruyub saxlaya biləcəkmi? 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->