Xəbər lenti

Günay Əfəndiyeva Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” ali ordeni ilə təltif olunub (FOTO)
Foto 15:09 16.10.2024

Günay Əfəndiyeva Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” ali ordeni ilə təltif olunub (FOTO)

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva Macarıstanın ali mükafatlarından biri olan "Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub. 
 
Qaynarinfo xəbər verir ki, Günay Əfəndiyeva bu mükafata Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən Macarıstan mədəniyyətinin Azərbaycanda və türk ölkələrində səmərəli təbliğinə görə layiq görülüb.
 
Mükafat  Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomaș Torma tərəfindən ölkənin Milli Günü - 1956-cı il İnqilabının 68-ci ildönümü münasibətilə təşkil olunmuş qəbulda Günay Əfəndiyevaya təqdim edilib.
 
Səfir Tomaș Torma mükafatlandırma mərasimində çıxış edərək, bildirib: "Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti kimi türk ölkələrinin ortaq mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində layiqli fəaliyyət göstərib. O, Macarıstanın mədəniyyət layihələrində iştirakını davamlı olaraq dəstəkləyib.  O,  XX əsrin böyük bəstəkarlarından və etnomusiqişünaslarından olan Bela Bartokun Bakıda anım tədbirini təşkil edib. Günay Əfəndiyevanın fəal dəstəyi ilə görkəmli macar şairi Mikloş Radnotinin Azərbaycan dilində kitabı işıq üzü görüb.
 
O, Azərbaycanda mövcud olan macar ədəbiyyatının həcmini zənginləşdirməyə töhfə verən ən məşhur macar əsərlərinin Azərbaycan dilində nəşr edilməsində önəmli rol oynayıb. Günay Əfəndiyevanın təşəbbüsü ilə Macarıstan da daxil olmaqla, 7 Türk ölkəsinin gənc sənətçilərindən ibarət qrup yaradılıb və qrup Türk Dünyası, eləcə də Avropa, Amerika səhnələrində uğurlu çıxışlar edib. Fədakar əməyə və bir çox ümumi mədəni layihələrə görə Günay Əfəndiyevaya təşəkkür edirik”. 
 
Qeyd edilməlidir ki, Günay Əfəndiyeva 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təșəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğız Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti kimi fəaliyyət göstərib. Macarıstan 2019-cu ildən təșkilatda müșahidəçi statusunu alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->