Xəbər lenti

Görəsən niyə maska taxırıq?!.
Vüsal Bağırlı
Ölkə 10:56 14.06.2021

Görəsən niyə maska taxırıq?!.

Vüsal Bağırlı
 
Dostum Vüqar təhsilinə görə bir neçə il Cənubi Koreyada yaşadı. Bu, pandemiya dövründən bir neçə il əvvələ təsadüf etmişdi. Yəni, o vaxt dünyada hələ pandemiya təhlükəsi, maska, spirt eyforiyası yaşanmamışdı.

O, bir gün dərsə gedərkən müşahidə edir ki, Seul sakinlərinin əksəriyyəti maska ilə gəzir. Sonrakı, günlər isə həyat yenə adi qaydada davam edir, heç kəs maska taxmır. 

Bir müddət keçir, təqvimin hansısa bir günü şəhər sakinləri, əvvəlcədən sözləşibmiş kimi, yenə hamılıqla maska taxmağa başlayır. Təzad yaranır. Dostum özünü narahat hiss edir. Küçədə, yolda, izdə, dayanacaqda hamı maskalı, bu isə maskasız.

Dostum fikrə dalır. Əcəba, bu nə sirdir? Bəlkə əhaliyə "sms”, yalnız ölkə vətəndaşları üçün nəzərdə tutulmuş məlumat zad gəlir. Telefonlarına xüsusi təyinatlı mesaj göndərilir?

Araşdırmağa başlayır və məlum olur ki,  hökumət orqanları televiziya və saytlar vasitəsilə əvvəlcədən əhaliyə ekoloji yaxud, infeksiya, qrip təhlükəsi ilə bağlı xəbərdarlıqlar edirlər. Toz qasırğası, qonşu dövlətlərdən xüsusən, Çindən gələn zəhərli sənaye tüstüsü, kimyəvi buxarlar, qəfil peyda olan yoluxucu xəstəliklər və sair.

Heç demə, hamının maska taxması buna görə imiş.

Hansı ki, o vaxt bizdə, ölkəmizdə maska taxana gülməsələr də, ən azından qəribə nəzərlərlə baxırdılar. Koreyada isə maska taxmağın xilasedici zərurətini hələ o vaxtdan dərk etmişdilər.

Bir neçə il əvvələ qədər, mən aprel-mart aylarında həmişə maska taxırdım. Yay gələr-gəlməz, orqanizmimin allergik həssaslığı qalxırdı kəllə-çarxa. Buna görə də, maskasız, respiratorsuz keçinə bilmirdim. O da olmayanda, zökəm adamlar kimi, ağzıma dəsmal, parça tutmağa məcbur qalırdım.
Maska taxıb metroya, avtobusa minən kimi, yaxud evdən məhləyə, küçəyə düşən kimi ətrafdakı insanların qorxu, təşviş dolu nəzərləri üzərimə, üzümə dikilirdi.

Görəsən, bu insan niyə maska taxır?

Görəsən başqa planetdən gələn bu məxluq kimdir?

Məhlədə, orda-burda qonum-qonşu, tanış-biliş yapışırdı yaxamdan:


- Maska niyə taxırsan, xeyirdirmi? Xəstəliyin var?

Nə qədər izah verirdim xeyri olmurdu. İnsanlar mənə dərin şübhə ilə baxır, hiss etdirmədən kənar durmağa çalışırdılar.

Adam özünü ağır infeksion xəstəliyə tutulmuş pasiyent kimi hiss edirdi.

Amma sonra, dünyada yalnız fəlakət-filmlərdə izləyə biləcəyimiz qeyri-adi, anormal proseslər baş verdi. Pandemiya, karantin, vay-həşir, qırğın-qiyamət. 
Aləm qarışdı bir-birinə. Dövran elə dəyişdi, çərxi-fələk elə tərsinə fırlandı ki, küçədə, bacada, evdə, bayırda maska taxmayan bəni-insan övladı qalmadı. Hətta, itə, pişiyə, ev heyvanlarına, akvarium balığına, qəfəs tutuquşusuna da məcburən maska taxmağa başladılar. Maska taxmaq oldu qayda-qanun etalonu, dəb indikatoru. Hünərin var taxma, əks halda cərimə ödəyəcəksən.

İndi, hər şey 180 dərəcə dəyişib.

İndi, maska taxana deyil, taxmayana qəribə baxırlar.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->