Kanadanın tanınmış skripkaçılarından biri olan Eşli Makisak son günlər texnologiyanın qaranlıq tərəfi ilə son dərəcə sarsıdıcı şəkildə üzləşib.
Qaynarinfo xəbər verir ki, internet dünyasının nəhəngi olan "Google"un süni intellekt tərəfindən yaradılan xülasə funksiyası AI Overview" sənətçinin həyat hekayəsini tamam başqa bir cinayətkarla qarışdırınca, onun həyatı gözlənilməz zərbə alıb.
Makisak bir səhər oyandıqda internetdə özünü "cinsi cinayətkar” kimi damğalanmış vəziyyətdə görüb. Bu rəqəmsal səhv sadəcə əsəbləşdirici yanlışlıqla məhdudlaşmayıb. Sənətçinin Nova Skotiya əyalətində verməli olduğu mühüm konsert təşkilatçıların bu yanlış məlumata inanması nəticəsində son anda ləğv edilib.
Hadisənin təfərrüatları araşdırıldıqda süni intellektin Makisakın bioqrafiyasını Kanadanın şərqindən olan və eyni soyadı daşıyan bir cinayətkarın məhkəmə qeydləri ilə birləşdirdiyi üzə çıxıb. 1995-ci ildə "Sleepy Maggie” adlı əsəri ilə böyük uğur qazanan və musiqi karyerasında hörmətli yer tutan sənətçi bir anda törətmədiyi ağır cinayətlərin faili kimi təqdim olunmağa başlayıb.
Təşkilatçılar axtarış sistemində Makisakın adını yazdıqları zaman qarşılarına çıxan "cinsi təcavüz” və "internet üzərindən uşaqların aldadılması” kimi dəhşətli ifadələri gördükdə təşvişə düşərək konserti dərhal ləğv etmək qərarı veriblər. Bu hadisə bir daha göstərdi ki, axtarış sistemləri artıq təkcə məlumatı təqdim edən vasitələr deyil, informasiyanı öz məntiqinə görə formalaşdıran təhlükəli anlatıcılara çevrilib.
Süni intellektin bu cür "halüsinasiyalar” yaratması yeni müzakirə mövzusu deyil. "Google"un sözügedən funksiyası ilk istifadəyə verildiyi dövrdə istifadəçilərə pizzaya yapışqan sürtməyi tövsiyə etməsi kimi qəribə və gülünc səhvlərlə də gündəmə gəlmişdi. Lakin bu dəfə bir sənətçinin karyerasını və təhlükəsizliyini təhdid edən hadisə problemin artıq gülüb keçiləcək mərhələni aşdığını göstərib.
Makisak bu yanlış məlumatın indiyədək neçə nəfər tərəfindən görüldüyünü və bunun ucbatından neçə iş imkanını itirdiyini bilmədiyi üçün ciddi narahatlıq keçirir. O, hətta kimsələrin bu saxta məlumatlara inanaraq özünə fiziki zərər yetirməyə cəhd edə biləcəyindən qorxduğunu da dilə gətirib.
Hadisədən sonra "Google" tərəfindən yayımlanan açıqlamada sistemin veb məzmununu yanlış şərh edə bildiyi etiraf olunub və Makisakla bağlı nəticələrin düzəldildiyi bildirilib. Konserti ləğv edən icma isə sənətçidən üzr istəyərək baş verənlərin onun nüfuzuna və dolanışıq mənbəyinə zərər vurmasından dərin təəssüf hissi keçirdiklərini açıqlayıb.
Bununla belə, bu böhran rəqəmsal dünyada haqqımızda yazılan bir neçə sətir süni intellekt mətninin həyatımızı bir anda necə alt-üst edə biləcəyini acı şəkildə xatırladır. Sənətçi nüfuzunu bərpa etməyə çalışarkən, texnologiya dünyası da "doğru məlumat”la "süni intellekt uydurması” arasındakı incə sərhədi necə qoruyacağını hələ də axtarır.
Aydın
Şərhlər