(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)
10 gündən artıqdır ki, respublika ərazisində mövsümə xarakterik olmayan hava şəraiti hökm sürür. Fevral ayında hava mövcud fəsilə xarakterik olan tempraturla üst-üstə düşmür. Bundan başqa, hazırda bir neçə gündür Bakı şəhəri üzərində fasilələrlə qatı duman da müşahidə edilir.
Ekspertlər isə belə keçən hava şəraitinin həm insan sağlamlığı, həm də kənd təsərrüfatı üçün təhlükəli olduğunu vurğulayır. Bildirirlər ki, ötən il də fevral ayında olan anomal hava şəraitindən sonra mart ayında gələn soyuqlar kənd təsərrüfatına ciddi ziyan vurmuşdu.
Ekoloqlar isə deyir ki, qış mövsümündə temperaturun 20 dərəcəyədək yüksəlməsi, eyni zamanda küləksiz və bulanıq hava şəraiti həm iqlim dəyişiklikləri, həm də atmosfer prosesləri ilə bağlı müzakirələri yenidən aktual edir.
Bəs mövsümə xarakterik olmayan hava şəraiti nə ilə bağlıdır? Bu hal həqiqətən də iqlim dəyişikliyinin göstəricisidirmi, yoxsa lokal atmosfer prosesidir?
Qaynarinfo-nun suallarını cavablandıran meteoroloq Cavid Hüseynov deyir ki, fevral ayının ortalarından etibarən temperaturun normadan kəskin yüksəlməsi (20-24°C-dək) əsasən cənub hava kütlələrinin (tropik hava axınlarının) bölgəyə daxil olması ilə bağlıdır:
"Qısamüddətli temperatur artımı konkret atmosfer sirkulyasiyası (cənub küləkləri) ilə bağlı olan lokal bir hadisədir".
Meteoroloq qeyd edib ki, bu cür anomal istilərin tezliyinin artması və qışın getdikcə daha mülayim keçməsi qlobal iqlim dəyişikliyinin birbaşa göstəricisidir:
"Son illərdə fevral ayında rekord temperaturların yenilənməsi artıq "təsadüf" deyil, bir tendensiya halını alınıb".
Son günlərdə havada müşahidə edilən qatı duman kütləsinin səbəbləri haqqında isə Cavid Osmanov deyib ki, dumanın əsas səbəbi meteorologiyada "inversiya" və "adveksiya" adlanan proseslərin eyni vaxtda baş verməsidir.
"Hazırda hava keyfiyyəti hansı səviyyədədir” sualına isə metroloq cavab olaraq bildirib ki, hava keyfiyyəti hazırda ümumilikdə mülayim səviyyədədir:
"Lakin dumanlı və küləksiz hava şəraitində havada toz və qaz konsentrasiyası bir qədər artır, çünki duman çirkləndiriciləri yer səthinə yaxın saxlayır”.
Havanın anomal keçməsi eyni zamanda həm səhhətində problem olan insanları, həm də fermerləri narahat edir.
Tibb mütəxəssislərinin sözlərinə görə, temperaturun qəfil dəyişməsi və dumanlı hava xüsusilə xroniki tənəffüs xəstəlikləri olan şəxslər üçün risklidir:
"Bronxial astma, xroniki bronxit və allergik rinitdən əziyyət çəkən insanlarda simptomların kəskinləşməsi müşahidə oluna bilər”.
Həkimlər bildirirlər ki, küləksiz və inversiya şəraitində havada asılı hissəciklərin miqdarı artdığı üçün baş ağrısı, halsızlıq, boğaz qıcıqlanması və nəfəs darlığı kimi hallar daha çox qeydə alınır:
"Risk qrupuna daxil olan şəxslərə açıq havada uzun müddət qalmamaq, qoruyucu maskalardan istifadə etmək və bol maye qəbul etmək tövsiyə olunur”.
Kənd təsərrüfatı üzrə mütəxəssislər isə bildirirlər ki, fevral ayında temperaturun yüksək olması bəzi bitkilərdə erkən vegetasiya prosesini stimullaşdıra bilər:
"Meyvə ağaclarında tumurcuqların vaxtından əvvəl oyanması sonradan baş verə biləcək şaxtalar zamanı məhsul itkisinə səbəb ola bilər”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər