Xəbər lenti

Etibar Məmmədov aktiv siyasətə qayıdır və koalisiya yaradır? - Partiya sədrlərinin mövqeyi
Siyasət 15:35 29.07.2022

Etibar Məmmədov aktiv siyasətə qayıdır və koalisiya yaradır? - Partiya sədrlərinin mövqeyi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun uzun fasilədən sonra yenidən siyasi səhnədə görünməsinin pərdəarxası məqamları məlum olub. Onun aktiv siyasətə qayıtması ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, Etibar Məmmədov koalisiya yaradır. İttifaqa AMİP lideri özü rəhbərlik edəcək. Orada ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri  Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, "Ümid" lideri İqbal Ağazadənin, Ağ Partiyanın başqanı Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov və digərlərinin yer alacağını bildirib. Mətbuatın yazdığına görə, yeni siyasi birliyin hədəfi qarşıdan gələn parlament seçkilərində müştək iştirakdır.
 
Bu məlumatlar tam təsdiqini tapmasa da, AMİP liderinin fəallaşması medianın da diqqətini çəkib. Sözügedən koalisiyanın yaradılması realdırmı?

Tural Abbaslı: "Bizim öz yolumuz var"


 
"Ağ Partiya kiminsə rəhbərliyi altında hansısa blokda təmsil olunmayacayıq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı AMİP lideri Etibar Məmmədovun rəhbərlik edəcəyi yeni koalisiyada təmsil olunacaqları ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
 
Partiya başqanı bütün müxalifət partiyaları ilə əməkdaşlığın tərəfdarı olduğunu deyir: "Siyasi, ideoloji baxışlarımız ilə kəsişməyən partiyalarla müttəfiqliyin leyinəyik. Lakin yazılanlar həqiqətə uyğun deyil. Hansısa bir blokun yaranması, bizim də orada təmsil olunacağımız barədə deyilənlər doğru deyil. Ağ Partiyanın belə bir qərarı var: biz heç kimin rəhbərliyi altında hansısa bir koalisiyaya qoşulmayacayıq. Öz rəhbərimiz və öz qərarlarımız olacaq. Etibar Məmmədova və digər siyasi liderlərə hörmətimiz var, lakin biz kiminsə rəhbərliyi altında hansısa blokda təmsil olunmaq fikrində deyilik. Belə məlumatların heç bir əsası yoxdur. Kimsə gəlib bizə kiminsə rəhbərliyi altında təmsil olunacaq bir təklifdə buluna bilməz”. 

AMİP: "Etibar Məmmədov ölkə daxilində siyasi proseslərə qarışmır"


 
AMİP sədri Arzuxan Əlizadə iddiaları jurnalist təxəyülünün məhsulu hesab edir:
 
"Bu barədə deyilən fikirlər ehtimallardan başqa bir şey  deyil. Konkret olaraq bu məsələ gündəmdə deyil, adları çəkilənlər də Etibar Məmmədovla bir komandada olacaqlar deyə məsələ müzakirə mövzusu deyil. Etibar Məmmədov dəfələrlə qeyd edib ki, ölkə daxilində siyasi proseslərə qarışmır. Bütövlükdə onun gündəlik fəaliyyətində də bu görünmür. Təbii ki, Etibar Məmmədov Azərbaycanın müstəqilliyinin əldə olunmasında, ondan sonrakı dönəmlərdə də hər zaman hadisələrin önündə gedən bir siyasətçi olub, onun efirlərə dəvət olunması da təbii qarşılanmalıdır. Etibar Məmmədovun deputatlığa namizədliyinin verilməsi məsələsinə gəlincə, onu deyə bilərəm ki, bu suala özü cavab verib. Bildirib ki, parlament seçkilərində iştirak etməyəcək. Amma gələcəkdə nə olacaqsa, bu hər şəxsin özünün verə biləcəyi qərara bağlıdır”. 
 
Zəlimxan Məmmədli: "Milli Etimad hökuməti ideyası aktuallaşır"
 


Haqq və Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib ki, HƏP-in siyasi platformasında yalnız dövlət və milli maraqlar var: "Kiminsə kaprizi və özəl maraqlarına hesablanan kombinasiyalar bizlik deyil. HƏP indiki durumdan daha rahat çıxmaq üçün ciddi təkliflər müəllifidir. Müvəqqəti Milli Etimad hökuməti gün keçdikcə daha da aktuallaşır. Müvəqqəti keçid koalisiyasında kimlərlə birlikdə olmaq məsələsini sədrimiz Əli İnsanov və partiyanın ali orqanları müəyyən edəcək”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->