Xəbər lenti

“Ermənistan Vaşinqton formatını dəstəkləyir, Bakı isə...” - Ekspert
Siyasət 18:59 15.11.2023

“Ermənistan Vaşinqton formatını dəstəkləyir, Bakı isə...” - Ekspert

"Qriqoryanın bu açıqlaması İrəvanın danışıqların Vaşinqton variantına önəm verdiyinin göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

Ekspert vurğulayıb ki, hazırda Ermənistan Moskva formatına maraq göstərmir:

"Brüssellə bağlı da Azərbaycanın problemləri var. Ortada Vaşinqton formatı qalır. Hələlik bu format işləkdir. ABŞ-la bağlı nə Azərbaycan, nə də Ermənistanın mənfi mənada hər hansı bir gözləntisi yoxdur. Eyni zamanda, İrəvan dolayı yolla Azərbaycanın ikitərəfli görüş təklifinə "yox” deyir. Ermənilər yenə də danışıqların hansısa vasitəçinin iştirakı ilə həyata keçirilməsinin tərəfdarıdırlar. Ona görə də son zamanlar Vaşinqtonun adını hallandırırlar”. 
 


F.Məmmədov qeyd edib ki, İrəvan Brüssel formatının problemli olduğunu qəbul edir:

”Azərbaycan tərəfi də Ermənistanın Rusiyaya getmədiyini qəbul edir. Ortada qalır Vaşinqton  görüşləri. Bu mənada, Ermənistan rəsmisi ancaq Vaşinqton görüşünü dilə gətirirsə, deməli onlar dolayı yolla Gürcüstandakı ikitərəfli danışıqlara da "yox” deyirlər”. 

Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata açıqlamasında Ermənistanın artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istədiyini bildirib: "Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu  danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var.  Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”. 

Ermənistan tərəfinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı suala cavabında isə Qriqoryan deyib ki, "vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”. 

Rüfət Sultan
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->