Xəbər lenti

Əməkdar müəllimin təklifi etiraza səbəb oldu:
Ölkə 17:32 22.04.2026

Əməkdar müəllimin təklifi etiraza səbəb oldu: "3 yaşlı uşaq..."

Təhsil eksperti, Əməkdar müəllim Almaz Əsgərova açıqlaması ilə gündəmə gəlib. "Təklif edirəm ki, uşaqlar 3 yaşında məktəbə getsinlər" deyən Əməkdar müəllimin fikrincə, uşaqların erkən yaşdan təhsilə cəlb olunması onların inkişafına müsbət təsir göstərə bilər və gələcəkdə daha hazırlıqlı olmalarına şərait yaradar. 

Onun bnu yanaşması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər 3 yaşın məktəb üçün çox erkən olduğunu bildirərək, uşaqların bu dövrdə daha çox oyun və sosiallaşma mərhələsində olmalı olduqlarını vurğulayıblar.

Sabiq deputat Etibar Əliyev Qaynarinfo-ya açıqlamasında Almaz Əsgərovanın təklifinin indiki şəraitdə özünü doğruldan bir ideya olmadığını vurğulayıb:

"Özü də məktəb direktoru olub, görüb bizim məktəblər necə növbəlidir. Bu gün 3 növbəli məktəblərimiz var. Birincisi, məktəbdə bunun üçün şərait  olmalıdır və bu yoxdur. İkincisi, yəqin bu xanım qanunu bilmir. "Təhsil Haqqında qanuna" görə uşaq məktəbə 6 yaşında gedir. Onun sözündən belə çıxır ki, qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Biz dünyanın inkişaf etmiş məktəb sistemi ilə müqayisələr aparırıq. Məsələn, Yaponiyada, Finlandiyada məktəb direktoru müəllimə mesaj göndərir ki, mənə pul gətirin? "Sony” şirkətinin sabiq rəhbəri Masaru İbukanın kitabı var - "3 yaşından sonra artıq gecdir”. Hımin kitab Azərbaycan dilinə də tərcümə edilib. Görünür, Almaz xanım bu kitaba istinad edir. 3 yaşında uşaq idrakının formalaşma prosesi gedir. Belə çıxır ki, onu körpələr evi formalaşdırmalıdır".
 

 
Etibar Əliyev hesab edir ki, uşağı 3 yaşında məktəbə gətirməklə onun təfəkküründə heç bir dəyişiklik yaratmaq olmaz:

"Ola bilsin ki, Almaz xanım məktəbəqədər təhsilin vəziyyətinin yaxşı olmadığını vurğulayıb. Məsələn, təhsilin vəziyyəti yaxşı deyil, uşaq məktəbə gəlməlidir və s. 3 yaşından 6 yaşına kimi uşaqların formalaşması uşaq bağçalarının üzərinə düşür. Bu missiyanı onlar apara bilmədiyinə görə, məktəb də bu yükü çəkə bilməyəcək. Məktəb onsuz da dövrün tələblərinə uyğun vətəndaş yetişdirməsi problemi ilə üzləşib".

Etibar Əliyevin fikrincə, burada yeni texnologiyaların da mənfi təsiri var:

"Uşağın məktəbə gəlməsinə qədər onun zəkasının formalaşmasında valideynlərin rolu olmalıdır. Bir çox ölkələrdə valideynlər bunu bacarır. Bizdə isə əhalinin ümumi savadlılıq dərəcəsi buna imkan vermir".

Bahar Rüstəmli

--> -->