Qış fasiləsinin hələ ki, ən çox diqqət çəkən transferi bu yaxınlarda "Neftçi” ilə müqavilə bağlayan Eddi İsrafilovdur. Bəli, Azərbaycan futbol ictimaiyyətinin yaxşı tanıdığı İsrafilov. AFFA-nın milliləşdirdiyi, xüsusi qeyri-adi bacarığı olmayan adi futbolçulardan biri. Onu illər öncə yığmamıza dəvət alanda tanımışdıq. Təbii ki, həmin vaxt İspaniya futbolundan gələn bir oyunçunun bizə də böyük yardım edəcəyi haqda ümidlərimiz böyük, düşüncələrimiz müsbət idi. Amma bir neçə oyununu görənə qədər. Robert Prosineçkinin dönəmində yığmaya dəvət alan İsrafilovun heç də isti münasibət göstərmədyi Azərbaycan millisindəki karyerasının yaxşı alınmadığı göz önündədir...
Beləcə, ingiliscə tam adı Eddy Silvestre Pascual Israfilov olan bu oğlanla bağlı pafoslu ümidlərimizi də elə bir neçə il öncə futbol meydançalarında basdırmalı olduq. Şübhəsiz, bu fikirlərlə razılaşmayanlar ola bilər. Sonucda hər kəsin düşüncələrinə hörmətlə yanaşmağı bacarmalıyıq. Mənə görə, Eddini hələ illər öncə milliyə gətirənlər ən azı 7 dəfə aldanıb. Elə bizi də aldadıblar...
Misal üçün:
- Futbolçu haqda müsbət fikirlər səsləndirilirdi. Hətta Prosineçkinin köməkçisi Yanko Yankoviç İspaniya mətbuatına açıqlamasında Eddinin çox yaxşı futbolçu və böyük potensialı olduğunu, Azərbaycan millisinə kömək edəcəyini bildirmişdi. Ancaq zaman göstərdi ki, heç də belə deyil. Yəni bu futbolçu nə böyük potensiala, nə də yığmamıza kömək edəcək səviyyəyə malikdir. Maraqlısı budur ki, İsrafilov transfer ediləndən sonra jurnalistlərə açıqlamasında yenidən millimizə qayıtmaq istədiyini deyib. Bəlkə də qayıdacaq, amma elə də böyük faydası dəyməyəcəyinə əminəm.
- İsrafilovun yaxşı təcrübəsi olduğunu deyirdilər. Mənə görə, "yaxşı təcrübə” o zaman demək olar ki, adam İspaniya (təbii ki, futbolçu İspaniyadan gəldiyi üçün bu ölkənin çempionatını misal çəkdim) La Liqasında ən azı orta səviyyəli klubların birində çıxış etsin. Yəni, uzun müddət "Barselona”, "Real”, "Atletiko” kimi klublara qarşı oynamaq təcrübəsi olsun. Ancaq adamın karyerası, demək olar, ölkənin aşağı dəstə klublarında keçib. Əksəriyyətində də icarə əsasında oynayıb. O klublar isə nə vaxt heyətdə yeniliklər etmək istəsə, öncə mətbuatda Eddinin komandasını dəyişməsi haqda xəbərlər yayılırdı. Ümumiyyətlə, futbolçu 2011-ci ildən bəri demək olar, ildə bir komanda dəyişirdi.
- İspaniyada oynadığı üçün bizimkilərdən birbaş üstün, daha səviyyəli olduğu deyilirdi. Ən azı buna ümid edilirdi. Amma zaman göstərdi ki, Azərbaycanda Eddi kimi, hətta ondan daha üstün kifayət qədər yerli futbolçu tapmaq və ya yetişdirmək mümkündür. Buna bənzər fikirləri Azərbaycanda yetərincə tanınmış, təcrübəli futbol mütəxəssisləri də zaman-zaman dilə gətirirdilər. Çox uzağa getməyək, elə ölkənin tanınmış mütəxəssislərindən olan, Şöhrət ordenli məşqçi Ağasəlim Mircavadov bir neçə gün öncə açıqlamasında demişdi ki, "Neftçi”yə Eddidən daha səviyyəli futbolçular lazımdır və onun Azərbaycan pasportu olmasına aldanmaq lazım deyildi.
- İllər öncə yarımmüdafiəçi İspaniyanın məşhur nəşri "Marca”ya açıqlamasında təxminən Azərbaycana müəyyən mənəvi bağlılığı, yəni, bir növ sevgisi olduğuna görə bizim millimizi seçdiyini deyib. Ancaq bu heç də inandırıcı gəlmir. Bir neçə il öncəki açıqlamasına diqqət: "Mənim İspaniya pasportum var. İspaniya millisində oynamaq mümkün olsa da, çətindir... Anam Azərbaycanda doğulub. Ona görə Azərbaycanı seçdim. Bunun sayəsində faktiki olaraq 15 dəfə xarici səfərə yollanmışam. Əslində, atam Anqoladan oduğu üçün o ölkənin millisində oynaya bilərdim. Amma Azərbaycanı seçdim. Çünki buna görə Avropada oynaya bilərdim”.
Görünən odur ki, məcburiyyətdən belə addım atmalı olub. Təbii, onun İspaniya millisinə dəvət alacağı reallıqdan çox uzaqlarda idi. Kasıb ölkələrdən hesab edilən, reytinq baxımından Azərbaycandan da geridə qalan Anqolanın formasını geyinmək isə həm ad, həm Avropada oynamaq potensialı, həm də maddiyyat baxımdan sərfəli olmazdı. Ən yaxşı variant kimi, anasının da azərbaycanlı olmasından yararlanaraq millimizi seçmək idi.
- Əslində, anasının azərbaycanlı olduğu üçün bizə daha çox "ürək yandıracağı”na dair ümidlərimiz böyük idi. Amma elə ilk dəvətdəcə niyyəti ortaya çıxdı. Məsələ burasındadır ki, İsrafilov yığmanın formasını geyinmək üçün əlavə maddi vəsait istəmişdi. Hətta bu haqda AFFA da rəsmi məlumat yaymışdı. Qurumun rəsmi saytında futbolçunun millidə oynamaq üçün 500 min avro tələb etdiyi açıqlanmışdı. Bəli, sevinmək, qürur hissi keçirmək əvəzinə yarım milyon avro istəmişdi! Eddinin Azərbaycan "sevgisi” ən çətin günlərdə, pandemiya dönəmində də özünü göstərdi. Həmin vaxt "Albasete"də çıxış edən futbolçu koronavirusla əlaqədar yığmadan imtina etmişdi. Səbəb (ya da bəhanə) kimi də test və karantin prosedurlarını göstərmişdi. Halbuki klublarımızdakı legionerlər həmin vaxt heç də ciddi problemlər yaşamadan Azərbaycana gəlib-gedə bilirdilər.
- Həə, gələk bir neçə gün öncə futbolçunun özünün danışdığı yalana. "Neftçi” Antalyaya səfər etməmişdən öncə jurnalistlərin suallarını cavablandıran İsrafilov Qarabağ məsələsi ilə bağlı anasının dediklərinin yalan olduğunu bildirmişdi. Hətta fakt da istəmişdi. Yaxşı ki, həmin müsahibəni götürən həmkarımız Vətən müharibəsi ilə bağlı onun anasından aldığı açıqlamanı öz arxivində saxlamışdı. O, səs yazısını paylaşaraq jurnalistləri yalançı çıxarmağa çalışan futbolçunun tələb etdiyi faktı ortaya qoydu. Yəni burda söhbət onun anasının nə deməsindən getmir. Hər kəsin şəxsi fikri var və kimisə bizim xeyrimizə söz deməyə məcbur edə bilmərik. Yəni, kimin münasibəti necədirsə, o şəkildə də fikirlərini bildirir. Burada söhbət Eddinin deyilənləri inkar etməsindən gedir.
- Sonuncu hissəni İsrafilovla yanaşı, AFFA-nın yalanı kimi də dəyərləndirmək mümkündür. Məsələ burasındadır ki, qurumun ovaxtkı açıqlamasında daha futbolçunun milliyə dəvət edilməyəcəyi bildirilirdi. Bundan sonra futbolçunun Azərbaycan "kitabı” bağlandığını düşünənlər olsa da, yanıldılar. Çünki çox keçmədi ki, bəh-bəhlə milliyə dəvət edildi və o qədər diqqət çəkməsə də, bir sıra oyunlarda meydana çıxdı. Düzdür, o vaxt AFFA-nın baş katibi kimi fəaliyyət göstərən Elxan Məmmədov açıqlamasında demişdi ki, guya Eddi iə razılaşıblar və o, daha millidə oynamaq üçün pul istəmir. Hərçənd bu açıqlamalar inandırıcı deyildi, amma istənilən halda qurum sevimli oyunçusunu həmin tələbə görə nəinki millinin yaxınlığına, heç Azərbaycana buraxmalı deyildi.
İndi flaqmana heç nə deyə bilmərik. Çünki artıq klubun özünə görə transfer startegiyası var və nəyəsə ümid bəslədikləri üçün belə qərar veriblər. Deyə bimərəm atası anqolalı, anası azərbaycanlı, özü isə həm Azərbaycan, həm İspaniya vətəndaşı olan futbolçu indidən belə "Neftçi”yə və ya millimizə uğur gətirməyəcək. Hərçənd buna azacıq belə ümidim olmasa da, arzulayaq ki, Eddi "Neftçi”yə fayda versin və klubun ona xərcləyəcəyi paralar boşuna getməsin.
Sadəcə, bir məqamı vurğulayım ki, Azərbaycan futbolunda istənilən legioner üçün parlamaq, "ulduz” olmaq elə də çətin iş deyil. Amma... Azərbaycan futbolunda...
Səbuhi Həsənov
Şərhlər