Millimizin yeni baş məşqçisinin kim olacağı ilə bağlı iddia ortaya atılıb. Daha doğrusu, postundan göndəriləcəyi gözlənilən De Byazini yığmada türk məşqçi Samet Aybabanın əvəzləyəcəyi bildirilir. Yəni, AFFA Aybabanın üzərində dayanıb və növbəti tsikldə millimizin başında məhz sözügedən mütəxəssisi görmək istəyir. Hər halda Türkiyə mediası belə bir iddia ilə çıxış edib və yaxın zamanlarda bu təyinatın baş tutacağını yazıb. Azərbaycan və Türkiyənin necə bir qardaş ölkə olduğunu bütün dünya bilir. Daim arxamızda dayanan, dəstəyini göstərən, erməni terrorçuların başını əzib 44 günlük müharibədən qalib ayrılmağımızda önəmli rol oynayan Türkiyə digər sahələrdə də yanımızdadır. Amma futbol məsələsində türklərin bizə yardım edə bilməyəcəyi gün kimi aydındır. Türklər bizə müharibədə, digər siyasi məsələlərdə önəmli dəstək verə bilər. Amma "ölmüş" futbolumuzu çətin ki, dirçəldərlər.
AFFA əcnəbi sevdasından əl çəkmir. Bu təkcə məşqçi məsələsində özünü göstərmir. Elə, bir çox, xüsusən də İrandan dəvət olunan faydasız futbolçuların da yığmaya pərçim edilməsini nümunə göstərməyim kifayət edər. Məsələn, "Sumqayıt”a dəvət olunan hansısa iranlıya qısa müddətdən sonra Azərbaycan pasportu verilib "milliləşdirilməsi” və yığmaya soxuşdurulması "layihə”sini uğurla davam etdirən AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov baş məşqçi postunu da əcnəbilərə tapşırmaqdan həzz alır. "Kim olur-olsun, əcnəbi olsun” prinsipi ilə hərəkət edən Məmmədovun yerli məşqçilərə birbaşa hörmətsizlik etməsi də öz yerində. Düzdür, yerli məşqçilərimizin sinəsini irəli vermədiyini, çəkindiyini düşünənlər ola bilər. Ancaq bu, illər əvvəl bəlkə də belə idi. Hazırda yığmanı çalışdırmaq istəyən, irəli atılmağa hazır olan kifayət qədər mütəxəssisimiz var. Hətta özləri də bunları dəfələrlə mətbuat vasitəsilə aidiyyatı şəxslərin diqqətinə çatdırıb. Düzdür, yerli məşqçilərin gələn kimi yığmanı Dünya və Avropa çempionatının qrup mərhələsinə daşıyacağını iddia etmirəm. Amma müəyyən illərdən sonra əcnəbilərdən daha faydalı olacağını əminliklə söyləyə bilərəm. Guya AFFA-nın ölkəyə gətirdiyi məşqçilər nə edə bilir ki? Elə təkcə De Byazinin yığmamızla birlikdə cari tsikldəki nəticələrini göstərsək, kifayət edər. Bu da əcnəbilərə verilən pulların artıq xərc olduğu anlamına gəlir. Deməli, dövlətin AFFA üçün ayırdığı büdcənin havaya sovrulmasında Məmmədovla onun "boz bina”da məskunlaşan yaxın ətrafı da əvəzsiz rol oynayır. Və bunu bütün Azərbaycanın futbol ictimaiyyəti də çox yaxşı bilir. Bilir ki, AFFA-da köklü dəyişikliklər edilənə, başda Məmmədov və onun ətrafındakılar gedənə qədər indiki uğursuzluğu aradan qaldırmaq mümkün olmayacaq.
Türkiyədə nüfuz baxımından kifayət qədər çəkili, keyfiyyətli məşqçilər var və ölkənin futbol federasiyası ən azından onlara yığmada bir neçə il güvənir. Daha AFFA kimi yerliləri tamamilə kənarda saxlamır. Eləcə də qardaş ölkədə xeyli sayda keyfiyyətli yerli futbolçular mövcuddur. O oyunçuların bir çoxu top-çempionatlarda çıxış edir. Yəni, hazırda yığmanın başında olan əcnəbi mütəxəssis Ştefan Kuntzun futbolçular arasında seçim imkanı genişdir. Bəs, təyinatı rəsmiləşərsə, Aybabalı yığmamızdan nə gözləyirəm? Millimizə gətirilməsi planlaşdırılan mütəxəssis Türkiyədə, demək olar, hər il bir klubda çalışıb. Yəni, yaxşı komandaları çalışdırsa da, iş yerini ildə bir dəfə dəyişməklə (Aşağıdakı fotoda, daha dəqiq görə bilərsiniz) yadda qalıb. Digər tərəfdən bu məşqçinin də digərləri kimi Azərbaycanda futbolçu baxımından geniş seçim imkanı olmayacaq. Aşağı-yuxarı gəlib De Byazinin çağırdığı, bir də uzaqbaşı Avropada qapazaltı olan U-21, U-19, U-17 millilərimizdə çıxış edən hansısa futbolçulara güvənəcək. Bunu yerli məşqçilər də bacara bilər. Aybabanın Azərbaycanda fövqəladə bir uğura imza atacağını gözləmirəm. Hansısa uğur üçün həmin məşqçiyə uzun müddət şans verilməlidir ki, buna da inamım yoxdur. Çox güman o da AFFA-nın iflasa uğramış boş-boş layihələrilə taladığı büdcədən öz hesabını götürüb qayıdacaq Türkiyəyə. Uzaqbaşı De Byazidən bir neçə xal çox toplaya bilər ki, bunu da zaman göstərəcək.
Qısası, AFFA rəhbərliyində yer alan idarəçilər oturduqları isti kabinetlərdən ayrılmamaq üçün hər nə qədər problemi baş məşqçilərdə görürlərsə, bu, belə deyil. Ən böyük problem elə həmin o sirli kabinetlərdədir.
Samet Aybabanın karyerasındakı klublar:
Səbuhi Həsənov
Şərhlər