Almaniyanın Hamburq bölgəsində keçirilən 9-cu liqa qarşılaşmasında "SVS Mesopotamien 2" komandası öz meydanında "Moorburger TSV" üzərində 66:0 hesabı ilə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, Hamburqun Harburq rayonundakı "Aussenmühle Sportpark" stadionunda baş tutan görüşdə "Moorburger TSV" cəmi 7 futbolçu (onlardan biri qadın olmaqla) ilə meydana çıxıb. Komandanın bəzi üzvlərinin oyuna gəlməməsi səbəbindən baş məşqçi Patrik Stritski də matçda forma geyinməli olub.
Qarşılaşmanın 2-ci dəqiqəsində hesabı açan "SVS Mesopotamien 2" ilk hissəni 32:0 öndə başa vurub. Görüşün yekun nəticəsi isə 66:0 olub. Türk mənşəli müdafiəçi Ömər Yıldırım bu matçda 17 dəfə fərqlənib.
"SVS Mesopotamien 2"nin baş məşqçisi Mişel Aydoğdu shz.de saytına açıqlamasında rəqib komandanın sona qədər ədalətli mübarizə apardığını bildirib və buna görə onlara böyük hörmət etdiyini vurğulayıb. Aydoğdu həmçinin, yalnız 7 oyunçu ilə meydana çıxan rəqibinə bir neçə dəfə oyunu erkən bitirməyi təklif etdiyini də qeyd edib.
"Moorburger TSV"nin prezidenti İvon Petrix isə hakimin artıq 10-cu dəqiqədə texniki direktordan oyunu davam etdirib-etdirməyəcəklərini soruşduğunu bildirib: "Lakin komandamız mütləq oynamaqda israr etdi".
Qeyd olunur ki, "Moorburger TSV" avqustun 22-də "Störtebeker SV" ilə görüşün ikinci hissəsinə çıxmadığı üçün Hamburq Futbol Federasiyası həmin matçı 3:0 hesabı ilə texniki məğlubiyyət kimi qeydə almışdı. Komanda bu dəfə də matçı tərk etsəydi, liqadan kənarlaşdırılma riski ilə üzləşə bilərdi.
Cari mövsümdə "SVS Mesopotamien 2" keçirdiyi 9 oyunun hamısında qalib gəlib, lakin 3 xalı silindiyi üçün 24 xalla və 119 qol fərqi ilə (135-15) birinci yerdə qərarlaşıb. Heç bir qələbəsi olmayan "Moorburger TSV" isə xal hesabına malik olmayan sonuncu komanda mövqeyindədir.
Aydın
Şərhlər