Xəbər lenti

Dünya Sudandan qaçır - Qərb səfərbər oldu
Dünya 14:35 24.04.2023

Dünya Sudandan qaçır - Qərb səfərbər oldu

9 gündür qarşıdurmaların davam etdiyi Sudanda indiyədək 420 nəfər ölüb, minlərlə insan yaralanıb. Qərb ölkələri isə bölgədəki vətəndaşlarını və işçilərini evakuasiya etmək üçün zamanla yarışır.

Qaynarinfo xəbər verir ki, aprelin 15-də Sudanda Ali Hərbi Şuranın sədri general Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə şuranın vitse-prezidenti, general Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında toqquşma baş verib.

Əl-Burhan üsyançılarla mübarizə aparmaq məqsədi ilə yaradılmış Çevik Dəstək Qüvvələrinin müstəqil qüvvə kimi fəaliyyət göstərməməsi üçün orduya qoşulmalı olduğunu bildirir. Daqalo isə ölkənin mülki şəxslə idarə edilməsini müdafiə edir. 

Bölgədəki münaqişələr çərçivəsində paytaxt Xartumda 24 saatlıq atəşkəs elan edilsə də, qısa müddətdən sonra tərəflər yenidən toqquşmağa başlayıb. Günlərdir şəhərdən silah və bomba səsləri əskik olmur, bir çox yerdən havaya tüstü qalxır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Ofisindən verilən açıqlamada, Sudandakı qarşıdurmalarda ən az 420 nəfərin həyatını itirdiyi, 3700 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada təcili yardım maşınlarına və səhiyyə müəssisələrinə edilən hücumlarda həkim, tibb bacısı və digər səhiyyə işçilərinin də yaralandığı qeyd edilib.

Sudan ordusu və Çevik Dəstək Qüvvələri diplomatik nümayəndəliklərə hücumlarda bir-birinə ittihamlar səsləndirir.

Bu arada ölkədə evakuasiyalar davam edir. ABŞ dövlət katibi Antoni Blinken Xartumdakı səfirlikdəki diplomatik əməliyyatların müvəqqəti olaraq dayandırıldığını bildirib və "ABŞ personalı və onların himayəsində olan şəxslər ölkədən təhlükəsiz şəkildə təxliyə edilib" deyib.

İngiltərə Baş naziri Rişi Sunak sosial media hesabından Sudandakı diplomatların və ailələrinin təxliyyəsinin tamamlandığını açıqlayıb və təxliyyələrin İngiltərə Silahlı Qüvvələri tərəfindən çox sürətlə həyata keçirildiyini bildirib.

Böyük Britaniya və ABŞ-la yanaşı, bölgədə fəaliyyət göstərən Fransa, Almaniya, Hollandiya, İtaliya və İspaniya da işçilərini və vətəndaşlarını bölgədən təxliyə edib.

Fransa bu gün Sudanda təxliyə işlərinin davam etdiyini bildirib və indiyə qədər ölkədə 388 nəfəri çıxardıqlarını açıqlayıb.

Alman ordusu indiyədək Xartum yaxınlığındakı hava limanından 311 nəfəri təxliyə edib və 101 nəfərlik ilk qrup bazar ertəsi İordaniyadakı Əl Azraq bazasından Airbus A321 ilə Berlinə gətirilib.

İrlandiya baş nazirinin müavini Maykl Martin bu gün bildirib ki, 50-yə yaxın İrlandiya vətəndaşı da Sudandan təxliyə edilib və əlavə təxliyələr planlaşdırılır.

Təxliyə edilənləri daşıyan Hinderlanda məxsus hərbi təyyarə bazar ertəsi səhər saatlarında Sudandan İordaniyaya uçub. Ölkənin Xarici İşlər Nazirliyi əlavə məlumat vermədən təyyarədə müxtəlif millətlərdən olan insanların, o cümlədən Niderland vətəndaşlarının olduğunu bildirib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cosep Borrell həftəsonu Sudandan mindən çox Aİ vətəndaşının təxliyə edildiyini bildirərək, "Qarışıq, lakin uğurlu bir əməliyyat oldu" deyib.

Borrell əlavə edib ki, Aİ missiyasından 21 diplomat və Aİ səfirləri paytaxt Xartuma Sudanın digər bölgələrinə göndərilib. Bölgədəki evakuasiya səylərində göstərdiyi fədakar dəstəyə görə Fransaya təşəkkür edən Borrell "Həm öz ölkələrinin, həm də digər ölkələrin vətəndaşlarını təxliyə etmək üçün göstərdikləri səylərə görə xüsusi təşəkkür etmək istəyirəm" deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->