Xəbər lenti

Donald Tramp: Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına 7 milyard dollar vəsait yatırıb
Ölkə 20:11 19.02.2026

Donald Tramp: Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına 7 milyard dollar vəsait yatırıb

Azərbaycan və bir sıra ölkələr Qəzza üzrə Sülh Şurasının büdcəsinə ümumilikdə 7 milyard ABŞ dollarından çox vəsait yatırıblar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.

"Və bu gün məmnuniyyətlə bildirirəm ki, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard ABŞ dollarından çox vəsait yatırıb. Bu möhtəşəmdir. Sizə təşəkkür edirəm, cənablar", – Tramp deyib.

O, həmçinin qeyd edib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Qəzzaya dəstək üçün 2 milyard dollar toplayacaq, Yaponiya isə irimiqyaslı xeyriyyə vəsaitinin toplanmasını həyata keçirmək öhdəliyini öz üzərinə götürüb.

"Bildiyimə görə, Çin də cəlb olunacaq, düşünürəm ki, Rusiya da qoşulacaq. Mən istəyirəm ki, hamı iştirak etsin. Bütün tərəflər lazımdır. Çünki yalnız həmfikirlər toplaşsa, heç nə alınmayacaq. Bunun üçün hamının birləşməsi lazımdır", - o deyib.

Tramp həmçinin vurğulayıb ki, ABŞ-nin özü Sülh Şurasına 10 milyard dollar vəsait qoyacaq, FİFA isə Qəzzadakı layihələr üçün 75 milyon dollar toplamağa kömək edəcək.
--> -->